Ermənistanda parçalanma faktoru: seçkilərdə üstünlük kimdədir? - TƏHLİL

Cari ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri artıq indidən bu ölkədə ictimai-siyasi proseslərin əsas istiqamətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Seçkilərin nəticələri təkcə Ermənistanın daxili siyasi gələcəyini deyil, eyni zamanda regionda sülh və əməkdaşlıq mühitini də birbaşa təsirləndirəcək.
Sirr deyil ki, revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında barış və münasibətlərin normallaşdırılması istiqamətində indiyədək görülən işlər ciddi təhlükə altına düşə bilər. Hətta bu qüvvələrin Azərbaycana qarşı ərazi iddialarının hələ də gündəmdə qalması fonunda iki ölkə arasında yeni hərbi toqquşmalar ehtimalı da istisna edilmir. Lakin bu reallığı erməni cəmiyyətində də yaxşı anlayırlar və əhalinin böyük əksəriyyəti yeni qarşıdurmaların Ermənistan üçün fəlakətli nəticələr doğuracağı qənaətindədir. Görünür, elə bu səbəbdəndir ki, revanşist qüvvələrin cəmiyyətdə sosial dayağı kifayət qədər zəifdir.
Azərbaycanla əməkdaşlığın alternativinin olmadığını önə çəkən, xalqa sülh vədi verən mövcud hakimiyyətin seçkilərdə qalib gəlmək şansları hələlik yüksək qiymətləndirilir. Digər mühüm məqam isə erməni müxalifət düşərgəsində parçalanmanın və qütbləşmənin dərinləşməsidir. Seçkilər yaxınlaşdıqca bu proses daha da intensiv xarakter alır.
Düzdür, Nikol Paşinyan hakimiyyətinə qarşı müxalifətin vahid cəbhədə birləşməsi ideyası tez-tez gündəmə gətirilir. Lakin real mənzərə bunun əksini göstərir. Seçkilər ərəfəsində bir neçə müxalif konsolidasiya mərkəzinin formalaşacağı gözlənilir və sosioloji sorğular da bunu təsdiqləyir. Bu qüvvələrin koordinasiyalı şəkildə hərəkət etməsi isə faktiki olaraq mümkün görünmür. Nəticədə müxalifət seçkilərə vahid siyahı və tək liderlə qatılmayacaq. Bu isə bir çox müxalif partiyanın parlamentə düşmək üçün tələb olunan baryeri aşa bilməyəcəyi ehtimalını artırır. Üstəlik, hakimiyyətlə müqayisədə müxalifətin elektorat bazası da xeyli zəifdir. Birliklə bağlı aparılan danışıqlar isə hələlik ciddi nəticə vermir.
Xatırlatmaq lazımdır ki, ilk olaraq “Daşnaksütyun” partiyası seçkilərdə ittifaq şəklində iştirak etmək niyyətini açıqlayıb və bu istiqamətdə danışıqlara başlayıb. Partiya yenidən ikinci prezident Robert Köçəryanla birlik yaradaraq seçkilərə qatılmaq istəyir. Bunu “Daşnaksütyun”dan olan müxalif deputat Kristine Vardanyan da təsdiqləyib. Onun sözlərinə görə, mövcud formatın qorunması istiqamətində müəyyən irəliləyişlər əldə olunub:
“Burada nə dərin ideoloji fikir ayrılıqları var, nə də ciddi ziddiyyətlər. Əksinə, baxışlarımız böyük ölçüdə üst-üstə düşür. Lakin texniki məsələlər qalır, hansı platforma ilə çıxış edəcəyimizdən tutmuş, cəmiyyətə təqdim olunacaq real təkliflərə, formatlara və siyahılara qədər”.
Xatırladaq ki, 2021-ci il növbədənkənar parlament seçkilərində “Daşnaksütyun” və Erməni Dirçəliş Partiyası Robert Köçəryanın rəhbərliyi altında “Hayastan” alyansını yaratmışdı. Hazırkı müzakirələr də məhz bu alyansın formatının saxlanılması ilə bağlıdır. Bu isə sözügedən birlikdə yeni siyasi qüvvələrin yer alması ehtimalının az olduğunu göstərir. Digər müxalif qüvvələr də bu alyansa qoşulmaq niyyətində deyillər.
Seçkilərdə iştirak məsələsi üçüncü prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının icra orqanında da müzakirə olunub. Partiya üzvü Tiqran Abrahamyanın sözlərinə görə, hələlik yekun qərar qəbul edilməyib. Xatırladaq ki, 2021-ci il seçkilərində Respublikaçılar Partiyası da ittifaq şəklində iştirak etmiş, siyahıya keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan rəhbərlik etmişdi. Bu dəfə isə partiyanın istədiyi formatda ittifaq yaratmaq ehtimalı zəif görünür. Respublikaçılar Partiyası digər qüvvələrlə birləşmək istəmir və son variant kimi ya təkbaşına seçkilərə qatılmağı, ya da prosesi boykot etməyi nəzərdən keçirir. Sarkisyanla Köçəryan arasında münasibətlərin gərgin qalması da bu ehtimalı gücləndirir.
Parlamentdənkənar müxalifət qüvvələri isə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə blok şəklində seçkilərdə iştirak etməyi təklif edirlər. Seçkilərdə iştirakını ilk elan edən isə birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi olub. Partiya hesab edir ki, müxalifət iş adamı Samvel Karapetyanın ətrafında birləşməlidir. Baş nazirliyə namizəd Levon Zurabyanın sözlərinə görə, bu istiqamətdə danışıqlar aparılır və hazırda favorit qüvvə məhz “Bizim Yol” hərəkatıdır.
Parlamentdənkənar müxalifət düşərgəsində böyük alyans ideyasını dəstəkləyən “Parlaq Ermənistan” Partiyası da Samvel Karapetyanla müzakirələr apardığını açıqlasa da, hələlik konkret nəticə əldə olunmayıb. “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyan isə seçkilərdə geniş konsolidasiya məsələsinin müzakirə olunduğunu bildirsə də, şəxsən Robert Köçəryan və Serj Sarkisyanla hər hansı birliyi istisna edib.
Digər iş adamı Haqik Tsarukyan da seçkilərlə bağlı müxtəlif ziyalılarla məsləhətləşmələr apardığını bəyan edib. “Çiçəklənən Ermənistan” Partiyasının lideri parlament seçkilərində “Ermənistana təklif” proqramı ilə iştirak edəcəyini açıqlayıb. Onun fikrincə, ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün tək bir şəxsə və ya partiyaya ümid bağlamaq mümkün deyil, əsas məsələ geniş müzakirə və konsolidasiyadır.
İrəvan Ağsaqqallar Şurasında hakim “Vətəndaş sazişi” Partiyasının koalisiya tərəfdaşı olan Respublika Partiyası artıq seçkilərdə iştirak edəcəyini elan edib və baş nazirliyə namizəd kimi Aram Sarkisyanı irəli sürüb. Müxalif qüvvələr arasında yer alan kilsə isə Nikol Paşinyana qarşı çıxan bütün siyasi qüvvələrə dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, proseslər kilsənin öz elektoratının da əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.
“Vətəndaş sazişi” Partiyası isə seçkilərdə təkbaşına iştirak etmək niyyətini hələ ötən ildən bəyan edib. Qeyd etmək lazımdır ki, erməni cəmiyyətinə sülh vədi verən, Azərbaycanla əməkdaşlıq istiqamətində konkret addımlar atan mövcud hakimiyyətin qələbə şansları daha yüksək qiymətləndirilir. Məhz bu amillər “Vətəndaş sazişi” Partiyasının əsas üstünlükləri sırasında yer alır və erməni cəmiyyətinin də bu reallığı düzgün dəyərləndirəcəyinə ümidlər böyükdür.
MTM Analitik Qrupu