28 yanvar

Sənayeləşmə strategiyası ölkənin ixrac potensialını yüksəldir - TƏHLİL

Azərbaycanda son illər iqtisadi siyasətin əsas prioritetlərindən biri də sənayeləşmənin dərinləşdirilməsi yolu ilə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsidir. Qlobal iqtisadi proseslər, enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik fonunda ölkənin dayanıqlı inkişafı üçün daxili istehsalın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Sənaye sektorunun inkişafı milli iqtisadi təhlükəsizliyin və ixrac potensialının gücləndirilməsi baxımından mühüm rol oynayır.

İqtisadi artımın əsas hərəkətverici qüvvələrindən olan sənaye sahəsinin inkişafı yeni iş yerlərinin yaradılması, dəyəri yüksək məhsul istehsalı və ixracyönümlü iqtisadi modelin formalaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə sənaye potensialı güclü olan ölkələr qlobal iqtisadi çağırışlara daha dayanıqlı reaksiya verə bilirlər. Məsələn, Şərqi Asiya ölkələrinin – Cənubi Koreya, Sinqapur və Çin Xalq Respublikasının təcrübəsi sübut edir ki, ixracyönümlü sənayeləşmə, texnologiya transferi və insan kapitalına investisiyalar milli iqtisadi inkişafda müstəsna rol oynayır.

Rəsmi statistikaya əsasən, 2025-ci ildə Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib, qeyri-neft-qaz sektorunda istehsal 5,5 faiz artıb. Sənaye məhsulunun 33,9 faizinin emal sektorunun payına düşməsi sənayeləşmə siyasətinin dərinləşdiyini və əlavə dəyəri yüksək istehsal sahələrinin genişləndiyini göstərir.

Prezident İlham Əliyevin yanvarın 27-də Sumqayıt Sənaye Parkında bir sıra yeni sənaye müəssisələrinin təməlqoyma və açılışında iştirakı ölkədə sənayeləşmə siyasətinin ardıcıl şəkildə davam etdirildiyini, qeyri-neft sektorunun inkişafının dövlət səviyyəsində əsas hədəflərdən biri olduğunu təsdiq edir. Dövlət başçısının xüsusi diqqətində olan sənayeləşmə strategiyası ölkənin daxili istehsal potensialının gücləndirilməsi ilə yanaşı, idxaldan asılılığın azaldılmasına, xaricə valyuta axınının minimuma endirilməsinə hesablanıb.

Ölkədə qeyri-neft sənayesinin inkişafını stimullaşdıran əsas amillərdən biri də sənaye parklarının, sənaye məhəllələrinin və yüksək texnologiyalar parklarının yaradılmasıdır. Bu zonalarda sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, dövlət tərəfindən mühüm infrastruktur layihələri icra olunub, eyni zamanda, rezidentlərə vergi və gömrük güzəştləri tətbiq edilib. Belə ki, bu sahədə çalışan şirkət və sahibkarlar müəyyən müddətə əmlak, torpaq və mənfəət vergisindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunublar.

Sumqayıt Sənaye Parkı ölkəmizdə sənayeləşmə siyasətinin ən uğurlu nümunələrindən biri kimi çıxış edir. Ümumi sahəsi 640 hektar olan parkda hazırda 40 rezident fəaliyyət göstərir. Layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub, faktiki olaraq, 6135 nəfər daimi işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun 5,7 milyard manatı ixracın payına düşür. Onu da bildirək ki, ölkədə istehsal edilən sənaye məhsulları hazırda dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. Bu göstəricilər sənaye parklarının iqtisadi səmərəliliyini və ixracyönümlü mahiyyətini aydın şəkildə ortaya qoyur.

Sənaye zonalarının fəaliyyəti bir sıra sənaye məhsulları üzrə xaricdən asılılığın aradan qaldırılmasına, yerli istehsalın genişlənməsinə və daxili bazarın qorunmasına imkan verir. Bu, eyni zamanda valyutanın ölkə daxilində qalması, istehsal zəncirinin formalaşması və iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində də mühüm rol oynayır.

Xatırlatmaq lazımdır ki, sənayeləşmə siyasətinin hüquqi əsasları Prezident İlham Əliyevin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” ilə müəyyən edilib. Sözügedən sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün institusional çərçivə formalaşdırıb. Ötən dövr ərzində ölkədə 8 sənaye parkı, 4 sənaye məhəlləsi və 3 Yüksək Texnologiyalar Parkı yaradılıb. Hazırda Naxçıvan, Gəncə və Şəmkir ərazisində yeni sənaye parklarının yaradılması istiqamətində işlər davam etdirilir.

Sənaye məhsullarının ixracyönümlü olması Azərbaycanın ixrac potensialının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə əsas məqsəd elmtutumlu, yüksək texnologiyalı, rəqabətədavamlı və beynəlxalq standartlara cavab verən sənaye məhsullarının istehsalının genişləndirilməsidir. Bu məqsədlə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, investisiya imkanlarının artırılması və sənayenin innovasiyalar əsasında inkişafı prioritet olaraq qalır.

MTM Analitik Qrupu

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?