28 yanvar

Torpaq iddialarından tranzit asılılığına: Ermənistan üçün alternativ yol Bakıdan keçir - MƏQALƏ

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınmasına dair razılaşmanın əldə olunduğunu açıqlaması Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və blokada siyasətinin faktiki olaraq tükəndiyini göstərən mühüm siyasi-iqtisadi siqnaldır. İlk baxışdan texniki və logistik xarakter daşıyan bu qərar əslində regionda formalaşan yeni güc balansının, dəyişən siyasi reallığın və Ermənistanın gec də olsa bu reallığı qəbul etməyə məcbur qalmasının açıq göstəricisidir. Bu razılaşma sübut edir ki, Cənubi Qafqazda nə iqtisadi inkişaf, nə də təhlükəsizlik qapalı sərhədlər və süni blokadalar üzərində qurula bilər. Ermənistanın illərlə “təhlükəsizlik” adı altında davam etdirdiyi özünütəcrid siyasəti bu gün onun öz iqtisadi maraqlarına zidd olduğunu açıq şəkildə üzə çıxarır.

Uzun müddət Ermənistan siyasi dairələri regionda nəqliyyat və ticarət əlaqələrinin bərpasını təhlükə kimi təqdim etməyə çalışsa da, reallıq tamam fərqli oldu. Post-münaqişə mərhələsində Azərbaycan regionda qalib və lider dövlət kimi revanşist ritorikadan uzaq, praqmatik və gələcəyə hesablanmış siyasət yürütməyi seçdi. Azərbaycan üçün əsas prioritet yeni münaqişə xətləri yaratmaq deyil, sabitlik üzərində qurulan iqtisadi əməkdaşlıq mexanizmlərini işə salmaqdır. Mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə daşınmasına razılıq verilməsi Bakının sülh gündəliyinin sözlə deyil, konkret addımlarla reallaşdırıldığını göstərir. Bu, həm Ermənistan hakimiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesajdır: Azərbaycan regionda kommunikasiyaların açılmasını təzyiq aləti yox, sülhün əsas dayağı kimi görür.

Nazir Gevorq Papoyanın “bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər” ifadəsi əslində uzun illər davam edən yanlış siyasətin dolayısı etirafıdır. Ermənistan biznesi illər boyu regional layihələrdən kənarda qalıb, əlavə tranzit xərcləri ödəyib, alternativ marşrutlara möhtac olub və nəticədə rəqabət qabiliyyətini ciddi şəkildə itirib. Bu müddət ərzində Ermənistan tranzit ölkə olmaq şansını tamamilə əldən verdi, regionun əsas nəqliyyat və enerji layihələrindən kənarda qaldı, ixrac və idxal xərclərini süni şəkildə artırdı və xarici investorlar üçün riskli və qeyri-cəlbedici bazara çevrildi. Bütün bunların səbəbi iqtisadi yox, siyasi ambisiyalar idi. Başqasının torpağına iddia irəli sürmək və reallıqdan uzaq maksimalist mövqelər tutmaq Ermənistanı illərlə inkişaf imkanlarından məhrum etdi.

Son günlər Rusiyanın Ermənistanı açıq tənqid hədəfinə çevirməsi regiondakı geosiyasi gərginliyin digər bir qatını üzə çıxarır. Moskva İrəvanın Qərbə doğru siyasi və iqtisadi manevrlərini, xüsusilə Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərini ciddi narahatlıqla izləyir. Xarici işlər naziri Sergey Lavrovun Avrasiya İqtisadi İttifaqı ilə bağlı mesajları isə Ermənistan üçün açıq iqtisadi xəbərdarlıq xarakteri daşıyır. Bu kontekstdə Azərbaycan üzərindən daşımaların bərpası Ermənistan üçün alternativ iqtisadi nəfəs yolu rolunu oynayır. Lakin paradoks ondadır ki, Ermənistan bu alternativi də öz siyasi bacarığı ilə deyil, Azərbaycanın konstruktiv mövqeyi sayəsində əldə edir. Bu isə İrəvanın regiondakı manevr imkanlarının nə qədər məhdud olduğunu göstərir.

Azərbaycanın davranışı Cənubi Qafqazda lider dövlət anlayışının praktiki təzahürüdür. Bakı güc amilindən təcrid və təzyiq üçün yox, qaydalar yaratmaq və regional sabitliyi möhkəmləndirmək üçün istifadə edir. Azərbaycan yaxşı anlayır ki, uzunmüddətli təhlükəsizlik yalnız iqtisadi qarşılıqlı asılılıq, açıq kommunikasiya xətləri və real əməkdaşlıq üzərində qurula bilər. Bu siyasət eyni zamanda Ermənistan cəmiyyətinə ünvanlanan mühüm mesajdır: düşmənçilik, blokada və qorxu üzərində qurulan siyasət yox, əməkdaşlıq və qarşılıqlı fayda inkişaf gətirir.

Ermənistanın bu gün atdığı addımlar acı, lakin qaçılmaz həqiqəti ortaya qoyur: özünütəcrid və ərazi iddiaları nə iqtisadi inkişaf, nə də təhlükəsizlik təmin edə bilir. İndi atılan addımlar strateji seçimdən çox, illərlə itirilmiş vaxtın kompensasiyası cəhdidir. Azərbaycan isə artıq regional nizamın formalaşdırıcısı rolunu üzərinə götürüb və hər yeni sülhpərvər addımı ilə bunu möhkəmləndirir. İrəvanın qarşısında isə seçim açıq və sadədir: ya bu yeni regional reallığa uyğunlaşmaq, ya da tarixdə növbəti dəfə kənarda qalan tərəf kimi qalmaq.

Hikmət Həsənov

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?