28 yanvar

Namiq Əliyev: “ABŞ üçün Cənubi Qafqazda sülhün əsas təminatçısı Bakıdır” - RƏY

“Hazırda Azərbaycan–ABŞ ikitərəfli münasibətləri müsbət istiqamətdə inkişaf edir”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Azərbaycanın Moldova və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev deyib.

O xatırladıb ki, uzun illər ABŞ-də hakimiyyətdə demokratlar olduğu dövrdə ölkələrimiz arasında normal münasibətlərdən danışmaq belə mümkün olmadığı halda, bu gün iki ölkə arasında münasibətlər kifayət qədər dinamik templə inkişaf edir:

“Uzun illər bundan öncə Vaşinqtonun mövqeyi qərəzli və erməniyönümlü idi. Baydenin prezidentliyi dövründə isə bu münasibətlər daha da pisləşdi. Bunun əsas səbəblərindən biri Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsi oldu. Lakin hazırda respublikaçıların komandasının real və praqmatik yanaşması Vaşinqtonla normal və qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulmasına imkan verir. Bu da Tramp komandasının əsas fərqləndirici cəhətidir”.

Professor bildirib ki, ikitərəfli münasibətlərin inkişafı qarşılıqlı fayda və maraqlara söykənir, həmçinin Azərbaycanın münaqişənin aradan qaldırılmasında, öz ərazi bütövlüyünün bərpasında oynadığı rolu düzgün anlamağa əsaslanır.

N. Əliyev söyləyib ki, Azərbaycan Cənubi Qafqazda ölkələrin münaqişəsiz şəkildə birgə yaşaya biləcəyi yeni reallıq formalaşdırıb.

“Amerikalılar çox yaxşı anlayırlar ki, bu regionda real güc kimdir və Cənubi Qafqazda sülhü kim təmin edə bilər. Bu baxımdan, Vaşinqton üçün Bakı ilə münasibətlərin qurulması sərfəlidir. Çünki bu gün formalaşan sabitlik fonunda qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq qurmaq mümkündür. Əgər sülh və sabitlik varsa, nəqliyyat və kommunikasiya layihələri də daxil olmaqla, müxtəlif layihələr işlək olacaq”, – deyə, ekspert əlavə edib.

Rasim Babayev

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?