Venesuela böhranı: Çin enerji itirir, yoxsa nüfuz? - ŞƏRH

Son dövrlər Venesuelada baş verən hadisələrin ən çox Çinə təsir göstərəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bildirilir ki, Venesuela neftinin əsas alıcılarından biri olan Çin ABŞ-nin mümkün hərbi müdaxiləsi fonunda ciddi iqtisadi çətinliklərlə üzləşə bilər. Bu yanaşma, əsasən, Çinin uzun illər ərzində Venesuela neftinin iri alıcılarından biri olması ilə əsaslandırılır.
Lakin reallıq göstərir ki, Venesuela nefti Çin üçün həlledici əhəmiyyət daşımır. Mövcud statistikaya görə, Venesueladan idxal olunan neft Çinin ümumi neft tədarükünün təxminən 4 faizini təşkil edir. Bu isə Venesuelada baş verən mümkün siyasi dəyişikliklər fonunda Çində ciddi yanacaq və ya enerji böhranının yaranmasını real etmir. Çin uzun müddətdir enerji mənbələrini şaxələndirən ölkə kimi Yaxın Şərq, Rusiya və Afrika bazarları hesabına mümkün itkiləri nisbətən qısa müddətdə kompensasiya etmək imkanına malikdir.
Çin üçün əsas risk enerji təhlükəsizliyindən daha çox maliyyə və investisiya məsələləri ilə bağlıdır. Pekin illər ərzində Venesuelaya milyardlarla dollar həcmində kreditlər ayırıb. Bu vəsaitlər əsasən infrastrukturun qurulmasına, neft hasilatı sahəsinə və enerji sektorunun inkişafına yönəldilib. Sözügedən vəsaitlərin qrant deyil, kommersiya əsaslı kreditlər olması vəziyyəti daha da həssas edir. Tərəflər arasında əldə olunmuş razılaşmalara əsasən, Venesuela bu borcları endirimli qiymətlərlə neft tədarükü hesabına ödəməli idi. Ölkədə mümkün hakimiyyət dəyişikliyi və ya siyasi qeyri-sabitlik bu mexanizmin pozulmasına və kreditlərin geri qaytarılmaması riskinin artmasına səbəb olur.
Venesuelanın Çinə olan borcunun həcmi ilə bağlı dəqiq rəqəmlər mövcud deyil və qiymətləndirmələr ciddi şəkildə fərqlənir. Bəzi mənbələr bu borcun 100 milyard dollara çatdığını iddia etsə də, daha realist və balanslı hesablamalar onun 10–20 milyard dollar civarında olduğunu göstərir. Bu məbləğ faktiki olaraq Çinin Venesuela nefti üçün illər öncədən etdiyi ödəniş kimi də qiymətləndirilə bilər. Bu baxımdan Karakasda siyasi kursun dəyişməsi Çinin bu vəsaitləri geri alma ehtimalını ciddi sual altına qoyur.
Venesuela neftinin sanksiyalar altında olması səbəbindən onu Çinin dövlətə məxsus neft şirkətləri deyil, əsasən özəl neftayırma zavodları alırdı. Bu müəssisələr əsasən ölkənin şərq bölgələrində cəmləşib və İran, Rusiya kimi sanksiyalı ölkələrdən daxil olan ucuz neft hesabına fəaliyyət göstərirlər. Onların biznes modeli məhz yüksək endirimlərlə alınan xammala əsaslanırdı. Venesuela neftinin dövriyyədən çıxması bu müəssisələrin əsas üstünlüklərindən birini itirməsinə və gəlirliliyinin azalmasına səbəb ola bilər.
Çində özəl sektorun payına neft emalı güclərinin təxminən dörddə biri düşür. Bu göstərici ölkə miqyasında kritik hesab olunmasa da, ayrı-ayrı regionlar və yerli iqtisadiyyatlar üçün müəyyən sosial-iqtisadi problemlər yarada bilər. Üstəlik, bu sahə artıq daxili tələbatın zəifliyi, vergi yükünün artması və marjanın azalması fonunda çətin dövr yaşayır. Venesuela neftinin itirilməsi bəzi zavodların fəaliyyətini dayandırmasına, emal güclərinin azalmasına və iş yerlərinin ixtisarına gətirib çıxara bilər. Bununla yanaşı, bir sıra ekspertlər Çin özəl şirkətlərinin bu itkiləri İran və Rusiya nefti hesabına qismən kompensasiya etməyə çalışacağını qeyd edirlər.
Hazırkı mərhələdə qəti nəticələr çıxarmaq tezdir. Çünki neftayırma zavodlarında hələlik kifayət qədər ehtiyat mövcuddur və bəzi tanker partiyaları ABŞ Sahil Mühafizəsinin nəzarətindən yayınaraq təyinat limanlarına çatmaqdadır. Daha aydın mənzərənin fevral–mart aylarında formalaşacağı gözlənilir. Ümumilikdə isə Venesuelada mümkün siyasi dəyişikliklər Çin üçün enerji böhranından daha çox maliyyə riskləri və strateji nüfuz itkisi ehtimalı yaradır. Bu da Pekinin Latın Amerikası siyasətində daha ehtiyatlı və praqmatik xətt yürütməsinə səbəb ola bilər.
Hikmət Həsənov