Dünən

BMT-nin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik artır - ŞƏRH

Dünya siyasətində cərəyan edən qlobal proseslər Birləşmiş Millətlər Təşkilatının mövcud rolunun daha da zəiflədiyini deməyə ciddi əsaslar verir. Bir vaxtlar qlobal təhlükəsizliyin təminatında, müharibələrin qarşısının alınmasında beynəlxalq siyasi-hüquqi və hərbi mexanizm kimi çıxış edən BMT bu imkanlarını zaman getdikcə itirir.  “Dişsiz” və formal quruma çevrilən təşkilat daha çox humanitar fəaliyyətlə, bəyanat və çağırışlarla gündəmdə qalmağa çalışır.

BMT-nin zəifləməsinin başlıca səbəblərindən biri uzun illərdir ki, təşkilat daxilində həllini tapmayan struktur problemləridir. Qəbul olunan qətnamələrin icra mexanizmlərinin zəifliyi, preventiv xarakter daşımaması təşkilatı müşahidəçi humanitar quruma çevirib. Xüsusən də BMT Təhlükəsizlik Şurasında mövcud olan veto praktikası dünyadakı gərginliklər və münaqişə ocaqları ilə bağlı konkret qərarların qəbuluna imkan vermir. ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin kimi böyük güclər arasında dərinləşən ziddiyyətlər böhranlı vəziyyətlərlə bağlı vahid mövqe ortaya qoyulmasını əngəlləyir. Nəticədə münaqişələr davam edir, BMT oyundankənar vəziyyətdə qalır, təşkilatın səmərəsiz fəaliyyəti bir sıra dövlətlərin liderləri tərəfindən açıq şəkildə tənqid olunur.

Xatırladaq ki, strateji müttəfiqlər Azərbaycan və Türkiyə də daxil olmaqla, bir sıra digər ölkələr son onilliklərdə BMT-də dərin və real islahatların aparılmasının vacibliyini önə çəkiblər. Xüsusilə Təhlükəsizlik Şurasının tərkibinin və qərarvermə mexanizminin müasir beynəlxalq çağırışlara cavab vermədiyi, bu amilin BMT-nin legitimliyini və effektivliyini sual altına aldığı vurğulanıb.

Təşkilatın fəaliyyətsizliyi ilə bağlı ən bariz sübutlardan biri Fələstin münaqişəsi ilə bağlı qəbul olunan qətnamələrin icra edilməməsidir. Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın qeyd etdiyi kimi, ötən onilliklərdə təşkilat münaqişə ilə əlaqədar 1000-dən artıq qətnamə qəbul etsə də, onların böyük əksəriyyəti kağız üzərində qalıb. Təşkilat bu gün də Yaxın Şərqdəki vəziyyətin sabitləşdirilməsində vasitəçi rolunu oynaya bilmir.

Oxşar vəziyyət Ukrayna-Rusiya müharibəsinə münasibətdə də müşahidə olunur. Müharibə başlayandan bəri BMT çərçivəsində çoxsaylı müzakirələr aparılsa da, Təhlükəsizlik Şurası hansısa real qərarlar qəbul edə bilməyib. Afrika və Asiya regionlarında davam edən gərginliklər də eyni mənzərəni ortaya qoyur. Sudan, Yəmən, Myanma və Konqo kimi ölkələrdə illərlə davam edən böhranlar BMT-nin siyasi gündəmində olsa da, real həll mexanizmləri mövcud deyil. Təşkilat əsasən qaçqın və məcburi köçkünlərə humanitar yardımlar göstərməklə və bunu təşviq etməklə kifayətlənir.

Bu kontekstdə ABŞ-nin hazırkı Administrasiyasının BMT-yə artan haqlı etimadsızlığı təşkilatın mövqelərini daha da zəiflədir. ABŞ Prezidenti Donald Tramp son bir ildə təşkilatı dəfələrlə səmərəsiz qurum adlandırıb, onun müharibələrə son qoymaqda aciz olduğunu bildirib. Rəsmi Vaşinqton son bir ildə təşkilatın 31 qurumundan çıxıb, islahatlar aparılmayacağı təqdirdə təşkilata üzvlük haqlarını ödəməyəcəyini bəyan edib.

ABŞ BMT-nin illik büdcəsinə ümumi xərclərin 22 faizi məbləğində üzvlük haqqı ödəyən ölkə olmaqla, birinci sırada qərarlaşıb. Lakin hazırda bu ölkənin BMT-yə 1,5 milyard dollardan çox üzvlük borcu yaranıb. Prezident Donald Trampın sərt tənqidləri fonunda BMT-nin Baş katibi Antonio Quterres təşkilatın büdcəsinin 2026-cı il üçün 15 faiz və yaxud 577 milyon ABŞ dolları məbləğində azaldılmasına razılıq verib. Bu qərar nəticəsində BMT heyətinin təxminən 18 faizi, sülhməramlı qüvvələrin isə 25 faizi ixtisar olunmalıdır. Bu isə təşkilatın onsuz da zəif olan fəaliyyət imkanlarını daha da məhdudlaşdırır. BMT 2026-cı il üçün 3 milyard 238 milyon dollar həcmində əsas büdcə təklif edib və bu da ötən illə müqayisədə 15 faiz azalma deməkdir.

Üstəlik, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü və reallaşdırdığı “Sülh Şurası” təşəbbüsü bir sıra ölkələr tərəfindən BMT-yə alternativ mexanizm kimi qiymətləndirilir. Hesab edilir ki, Sülh Şurası təkcə Fələstin münaqişəsi ilə bağlı humanitar problemlərin həlinə hesablanmayıb və daha uzunmüddətli fəaliyyət göstərəcək. Şuranın Nizamnaməsində qlobal münaqişələrin həlli ilə bağlı ümumi hədəflər müəyyən olunub. ABŞ Prezidenti özü də “Reuters”ə müsahibəsində qurumun uzunmüddətli fəaliyyət göstərəcəyini istisna etməyib: “Bu, mənim fikrimcə, Qəzza ilə başlayacaq və sonra münaqişələr yarandıqca davam edəcək”.

Baş verənlər fonunda BMT-nin Baş katibi Antonio Quterres də çıxışlarında beynəlxalq hüququn ciddi təhlükə altında olduğunu etiraf edir.

Onun sözlərinə görə, dünyada hüququn aliliyi prinsipi getdikcə “güc hüququ” ilə əvəz olunur. Dövlətlər beynəlxalq hüquqa yalnız öz maraqlarına uyğun olduqda əməl edirlər, bu yanaşma isə BMT Nizamnaməsinin əsaslarını sarsıdır, təşkilatın nüfuzunu zəiflədir.

Qeyd edilənlər göstərir ki, BMT müəyyən potensiala malik olsa da, siyasi-hərbi təsir imkanlarını sürətlə itirir, daha çox humanitar yönümlü quruma çevrilir. Qlobal qərarların mərkəzində isə artıq başqa güc mexanizmləri yer alır. Aşkar görünür ki, real və dərin islahatların aparılmaması səbəbindən BMT beynəlxalq münasibətlər sistemində əsas aktor statusunu itirəcək.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?