26 yanvar

Türkiyə–Avropa İttifaqı münasibətləri: Hakan Fidanın mesajları və strateji reallıqlar - ŞƏRH

Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın Avropa İttifaqı (Aİ) ilə bağlı son açıqlamaları Ankara-Brüssel münasibətlərində illərdir mövcud olan struktur böhranı bir daha açıq şəkildə ortaya qoydu. Bu açıqlamalar təkcə cari diplomatik narazılığın ifadəsi deyil, eyni zamanda, Türkiyənin Aİ-yə baxışında formalaşmış strateji realizmin göstəricisidir. Hakan Fidanın əsas tezislərindən biri ondan ibarətdir ki, Türkiyənin Aİ üzvlüyü məsələsi artıq texniki kriteriyalarla deyil, siyasi və mədəni kimlik siyasəti ilə müəyyən olunur. Ankara uzun illərdir Kopenhagen meyarlarının böyük hissəsini yerinə yetirməsinə baxmayaraq, üzvlük danışıqları faktiki olaraq dondurulub. Türkiyə tərəfinə görə, Aİ Türkiyəni hüquqi və institusional çərçivədən daha çox, “Avropaya aid olub-olmama” sualı üzərindən qiymətləndirir. Bu isə Avropa İttifaqının özünü “dəyərlər birliyi” kimi təqdim etməsi ilə ziddiyyət təşkil edir. Əgər Aİ universal prinsiplər üzərində qurulubsa, o zaman mədəni və dini fərqlər üzvlük üçün maneə ola bilməz.

Fidanın açıqlamalarında xüsusi yer tutan məsələlərdən biri də Yunan Kipr Administrasiyasının Türkiyə-Aİ münasibətlərini bloklamasıdır. Türkiyənin mövqeyinə görə, Aİ üzvü olan kiçik bir aktorun veto hüququndan istifadə edərək strateji münasibətləri girov saxlaması, Aİ-nin qərar mexanizmlərinin nə qədər problemli olduğunu göstərir. Bu vəziyyət Aİ-ni qlobal güc mərkəzi kimi zəiflədir. Çünki Türkiyə kimi regional və qlobal təsirə malik bir ölkə ilə münasibətlərin Kipr məsələsinə endirilməsi, Brüsselin geosiyasi baxışının daraldığını göstərir.

Hakan Fidanın mesajlarında diqqət çəkən məqam ondan ibarətdir ki, Türkiyə artıq Aİ üzvlüyünü alternativsiz strateji hədəf kimi görmür. Ankara üçün əsas prioritet milli maraqlar, strateji muxtariyyət və çoxqütblü dünya sistemində balanslı mövqe tutmaqdır. Bu kontekstdə Aİ Türkiyə üçün mühüm tərəfdaş olaraq qalır, lakin yeganə siyasi istiqamət deyil. Türkiyə Rusiya, Orta Asiya, Yaxın Şərq, Afrika və Türk Dövlətləri Təşkilatı ilə paralel olaraq çoxşaxəli diplomatiya yürüdür.

Türkiyənin Aİ-dən uzaqlaşması ilk növbədə Avropa üçün risk yaradır. Enerji təhlükəsizliyi, miqrasiya, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə sabitlik kimi məsələlərdə Türkiyə Aİ üçün vazkeçilməz aktordur. Buna baxmayaraq, Brüsselin Türkiyəyə qarşı qeyri-müəyyən və bəzən ikili standartlara əsaslanan siyasəti tərəflər arasında etimadı zəiflədir. Hakan Fidanın açıqlamaları göstərir ki, Türkiyə artıq “qapıda gözləyən namizəd ölkə” psixologiyasından çıxıb və Aİ ilə münasibətlərə bərabərhüquqlu tərəfdaşlıq prizmasından yanaşır.

Türkiyə–Aİ münasibətlərinin gələcəyi Brüsselin öz daxilində verəcəyi qərarlardan asılıdır. Ya Aİ Türkiyəyə münasibətdə kimlik siyasətindən imtina edərək real geosiyasi maraqlar əsasında yeni səhifə açacaq, ya da Türkiyə alternativ strateji istiqamətlərini daha da gücləndirəcək. Hakan Fidanın mesajı aydındır: Türkiyə dialoqa açıqdır, lakin asimmetrik münasibətləri və siyasi ikili standartları qəbul etmir. Bu mövqe artıq emosional deyil, soyuq hesablanmış strateji seçimdir.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?