Azərbaycan qlobal humanitar diplomatiyanın mühüm iştirakçısıdır - ŞƏRH

Son illərdə Azərbaycan beynəlxalq müstəvidə həm də ardıcıl və sistemli humanitar siyasəti ilə seçilən dövlətlərdən birinə çevrilib. Rəsmi Bakının müxtəlif regionlarda baş verən fövqəladə və böhranlı vəziyyətlərə operativ reaksiyası, təbii fəlakətlər, silahlı münaqişələr və sosial böhranlar zamanı göstərdiyi yardımlar ölkəmizin qlobal sülhə, təhlükəsizliyə və həmrəyliyə real töhfələr vermək niyyətini açıq şəkildə nümayiş etdirir.
Bu fəaliyyət davamlı və ardıcıl xarakter almaqla, ölkənin xarici siyasətinin uzunmüddətli xətti kimi formalaşıb. Rəsmi Bakı hesab edir ki, müasir beynəlxalq münasibətlər sistemində sabitlik anili yalnız siyasi bəyanatlar və ya hərbi güc vasitəsilə təmin edilə bilməz. Qlobal təhdidlərə qarşı effektiv mübarizə üçün humanitar məsuliyyət, qarşılıqlı etimad və beynəlxalq əməkdaşlıq əsas şərtlərdir. Məhz bu baxımdan rəsmi Bakı müxtəlif coğrafiyalarda yaranan böhranlara ümumbəşəri humanist prinsiplər əsasında yanaşır. Yardım göstərilən ölkələrin siyasi mövqeyi, dini mənsubiyyəti və ya regional yerləşməsi Azərbaycan üçün heç zaman əsas meyar olmayıb. Prioritet məqsəd insan həyatının qorunması və böhranların yaratdığı ağır sosial nəticələrin aradan qaldırılmasıdır.
Bu yanaşmanın məntiqi davamı kimi Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağı üzrə yaradılan Sülh Şurasına qoşulmaq barədə qərarı beynəlxalq miqyasa təqdir edilir. Rəsmi Bakının bu təşəbbüsə dərhal reaksiya verməsi Azərbaycanın qlobal proseslərdə müşahidəçi mövqeyi ilə kifayətlənmədiyini, fəal və məsuliyyətli iştirakçı olmağa üstünlük verdiyini göstərir. Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Donald Trampın iştirakı ilə Sülh Şurasının Nizamnaməsini imzalaması ölkəmizin Yaxın Şərqdə sülhün möhkəmləndirilməsinə, humanitar məsələlərin həllinə real töhfə vermək niyyətinin ifadəsi kimi dəyərləndirilə bilər.
Qəzza ilə əlaqədar yaradılan Sülh Şurası klassik sülh danışıqları formatlarından fərqli olaraq, daha çox keçid idarəçiliyinə, təhlükəsizlik və humanitar-iqtisadi problemlərin həllinə fokuslanıb. Bu təşəbbüs Qəzzada HƏMAS-dan sonrakı mərhələdə idarəetmə boşluğunun yaranmaması üçün alternativ mexanizm formalaşdırmağı hədəfləyir. Qurum Qəzzanın müvəqqəti dövrdə beynəlxalq və regional aktorların iştirakı ilə kollegial şəkildə idarə olunmasını, humanitar yardımların çatdırılmasını, infrastrukturun bərpasını, təhlükəsizlik məsələlərinin mərkəzləşdirilmiş qaydada tənzimlənməsini nəzərdə tutur. Burada əsas məqsədlərdən biri İsrail üçün təhlükəsizlik risklərinin azaldılması, silahlı qrupların təsir imkanlarının minimuma endirilməsidir. Eyni zamanda, iqtisadi bərpanın siyasi dialoqdan önə çəkilməsi və region ölkələrinin prosesə daha fəal cəlb olunması təşəbbüsün əsas ideya xəttini təşkil edir.
Azərbaycanın da imzaladığı Nizamnamədə Sülh Şurası münaqişədən zərər çəkmiş və ya münaqişə riski altında olan regionlarda sabitliyi təşviq edən, qanuni və etibarlı idarəetmənin bərpasına, davamlı sülhün təmininə töhfə verməyi qarşısına məqsəd qoyan beynəlxalq platforma kimi təqdim olunur. Üzv dövlətlər üçün müəyyən zaman çərçivəsi müəyyən edilsə də, bu, əhəmiyyətli maliyyə töhfəsi verən ölkələrə şamil edilməyəcək.
Ölkəmizin bu çərçivədə üzvlük haqqı ödəyən, humanitar maliyyə yükünü bölüşən ölkələr sırasında yer alması xüsusi diqqət çəkir. Bu addım rəsmi Bakının humanitar fəaliyyətini yalnız siyasi bəyanatlarla deyil, konkret maliyyə və əməli töhfələrlə dəstəklədiyini göstərir.
Ümumiyyətlə, son onilliklərdə Azərbaycan müxtəlif regionlarda baş verən böhranların aradan qaldırılmasına maddi və texniki dəstək göstərərək, məsuliyyətli beynəlxalq aktor imicini möhkəmləndirib. Koronavirus pandemiyasının ən ağır mərhələsində ölkəmiz təkbaşına və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-dək ölkəyə tibbi və humanitar yardım göstərib.
Azərbaycan Afrika ölkələrinin üzləşdiyi ekoloji problemlərin və uzun illər davam etmiş müstəmləkəçilik siyasətinin yaratdığı sosial-iqtisadi fəsadların beynəlxalq gündəmdə saxlanılmasını vacib hesab edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə və sonrakı mərhələdə rəsmi Bakı Afrika dövlətlərinin inkişaf, bərabərhüquqlu əməkdaşlıq və tarixi ədalətin bərpası ilə bağlı mövqelərini ardıcıl şəkildə müdafiə edib, bu məsələlərin BMT və digər beynəlxalq platformalarda müzakirəsinə dair təşəbbüslər irəli sürüb.
Rəsmi Bakının humanitar diplomatiyası 2021-ci ildə Livanın paytaxtı Beyrutda baş verən dağıdıcı partlayış zamanı bir daha təsdiqini tapıb. Oxşar yardımlar Pakistan, Moldova, Tacikistan, Serbiya, Ukrayna, Türkiyə və digər dövlətlərə də göstərilib. Bundan əlavə, Avropada mədəni və tarixi irsin qorunmasına göstərilən maliyyə dəstəyi Azərbaycanın humanitar yanaşmasının universallığını təsdiqləyir. Fransada Notr-Dam kilsəsinin, İtaliyada bir sıra tarixi abidələrin təmirinə ayrılan vəsaitlər ölkəmizin mədəni irsə, multikultural dəyərlərə və ümumbəşəri humanist prinsiplərə hörmətinin göstəricisidir.
Rəsmi Bakı Yaxın Şərq siyasətində balanslı və məsuliyyətli mövqeyi ilə seçilir. Suriyada uzun illər davam edən müharibənin ağır nəticələrinin aradan qaldırılmasına göstərilən humanitar dəstək, bu ölkəyə təbii qaz ixracı istiqamətində atılan addımlar regionda sabitliyə töhfə vermək niyyətindən xəbər verir.
Fələstin məsələsində də Azərbaycan beynəlxalq hüquqa, BMT qətnamələrinə və “iki dövlət” prinsipinə əsaslanan mövqeyini ardıcıl şəkildə qoruyur. Fələstin xalqının legitim hüquqlarının dəstəklənməsi, humanitar yardımların göstərilməsi və eyni zamanda İsraillə mövcud olan sıx münasibətlərin balanslaşdırılması Bakının müstəqil və prinsipial xarici siyasət kursunu açıq şəkildə nümayiş etdirir.
Bütün bu faktlar göstərir ki, Azərbaycanın Sülh Şurasına qoşulması uzun illər ərzində formalaşmış humanitar, siyasi və diplomatik strategiyanın məntiqi davamıdır. Rəsmi Bakı qlobal proseslərdə məsuliyyət daşıyan, sülhün yalnız bəyanatlarla deyil, praktik addımlarla mümkün olduğunu nümayiş etdirən aktor kimi mövqeyini daha da möhkəmləndirir. Bu xətt ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, onu qlobal humanitar diplomatiyanın mühüm iştirakçılarından birinə çevirir.
MTM Analitik Qrupu