Bu gün

Vaşinqton-Bakı xəttində strateji dialoq dərinləşir - TƏHLİL

Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Prezidenti Donald Tramp arasında keçirilən görüş təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş geosiyasi məkanın gələcək konfiqurasiyası baxımından mühüm hadisə kimi dəyərləndirilməlidir. Trampın yenidən hakimiyyətə qayıdışından sonra baş tutan növbəti yüksək səviyyəli təmas Vaşinqton-Bakı xəttində strateji dialoqun dərinləşdiyini göstərir.

Görüş zamanı tərəflərin Donald Trampın yenidən prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə etməsi təsadüfi deyil. Tramp administrasiyası dövründə ABŞ xarici siyasətində praqmatik yanaşma, regional güclərlə birbaşa dialoq və nəticəyönümlü razılaşmalar əsas xətt kimi çıxış edib. Bu kontekst Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir, çünki Bakı uzun illərdir ki, ideoloji deyil, real siyasətə əsaslanan tərəfdaşlıq modelini üstün tutur. Məhz bu praqmatik yanaşmanın nəticəsi olaraq ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunan razılaşmalarda Prezident Donald Trampın “tarixi rolu” xüsusi vurğulanıb. Bu ifadə, əslində, ABŞ-nin regionda vasitəçilik missiyasının yeni mərhələyə keçdiyini göstərir.

Prezident İlham Əliyevin görüş zamanı vurğuladığı əsas məqamlardan biri regionda artıq sülhün mövcud olmasıdır. Bu tezis təkcə siyasi bəyanat deyil, konkret iqtisadi faktlarla əsaslandırılıb. Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi və idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistan bazarına çatdırılması postmünaqişə dövrünün real iqtisadi nəticələrini ortaya qoyur. Bu faktlar onu göstərir ki, Bakı sülhü yalnız diplomatik sənədlər səviyyəsində deyil, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq mexanizmləri vasitəsilə möhkəmləndirməyə çalışır. Bu yanaşma Qərb siyasi düşüncəsində “dayanıqlı sülh modeli” kimi qəbul olunur və ABŞ tərəfindən müsbət qarşılanması tamamilə məntiqlidir.

Görüşdə diqqətçəkən məsələlərdən biri də ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurası olub. Bu qurumun Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə töhfə vermək məqsədi daşıması Tramp administrasiyasının beynəlxalq təhlükəsizlik arxitekturasını yenidən dizayn etmək niyyətindən xəbər verir. Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması isə təsadüfi seçim deyil. Bu addım bir tərəfdən Bakı-Vaşinqton strateji tərəfdaşlığının yüksək etimad səviyyəsini nümayiş etdirirsə, digər tərəfdən Azərbaycanın son illərdə beynəlxalq humanitar missiyalarda, vasitəçilik təşəbbüslərində və postmünaqişə bərpa proseslərində qazandığı reputasiyanın tanınmasıdır. Göründüyü kimi, Azərbaycan artıq regional aktor statusunu aşaraq, qlobal sülh təşəbbüslərində söz sahibi olan dövlət kimi qəbul edilir. Bu, ölkənin balanslaşdırılmış xarici siyasət kursunun məntiqi nəticəsidir.

Dövlət başçılarının ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparması və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulaması onu göstərir ki, Davos görüşü sadəcə protokol xarakteri daşımır. Qarşıdakı dövrdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi və regional kommunikasiya layihələri üzrə Azərbaycan-ABŞ əməkdaşlığının daha institusional formaya keçəcəyi gözlənilir. Xüsusilə Cənubi Qafqazın yeni geosiyasi reallıqları fonunda Vaşinqton üçün Bakı etibarlı tərəfdaş, Bakı üçün isə ABŞ qlobal siyasi çəkisi olan mühüm balans faktorudur.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?