Dünən

Ermənistan–Azərbaycan enerji inteqrasiyası: Cənubi Qafqazda yeni mərhələ - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə sual-cavab saatı zamanı bəyan edib ki, Ermənistan və Azərbaycan enerji sistemləri birmənalı şəkildə birləşdiriləcək. Onun sözlərinə görə, tərəflər ixrac və idxal resurslarından qarşılıqlı və bərabər şərtlərlə istifadə etmək imkanı əldə edəcəklər.

“Bəli, birmənalı və qeyd-şərtsiz olaraq Ermənistan və Azərbaycanın enerji sistemləri bir-biri ilə birləşdiriləcək və ixrac–idxal imkanlarından qarşılıqlı şəkildə, eyni şərtlərlə istifadə ediləcək”, – deyə Baş nazir bildirib.

Qeyd edilməlidir ki, oxşar enerji inteqrasiyası modelləri Avropa İttifaqında uzun illərdir tətbiq olunur və bu yanaşma üzv ölkələr arasında həm enerji təhlükəsizliyini, həm də bazar sabitliyini artırıb.

Ermənistan və Azərbaycan enerji sistemlərinin birləşdirilməsi ilə bağlı səslənən bu açıqlama Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi reallıqların mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Son illərdə regionda kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı təşəbbüslər bu prosesin artıq sistemli xarakter aldığını göstərir. Bu addım təkcə texniki və iqtisadi deyil, eyni zamanda regionda sülh, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsinə yönəlmiş strateji təşəbbüsdür.

Enerji sistemlərinin inteqrasiyası uzunmüddətli qarşılıqlı asılılıq yaradan mexanizmdir. Beynəlxalq təcrübə göstərir ki, bu cür layihələr tərəfləri qarşıdurmadan daha çox əməkdaşlığa sövq edir. Ermənistan–Azərbaycan münasibətlərində bu format post-münaqişə dövründə dayanıqlı sülhün iqtisadi əsaslarının formalaşmasına real töhfə verə bilər.

Son dövrlərdə Azərbaycan istehsalı olan benzin və dizelin Ermənistan bazarına daxil olması qiymətlərin sabitləşməsinə, bəzi hallarda isə ucuzlaşmasına təsir göstərib. Ermənistan mediasında da qeyd olunur ki, alternativ tədarük mənbələrinin yaranması daxili bazarda rəqabəti artıraraq qiymət təzyiqlərini zəiflədir. Bu fakt Azərbaycanın enerji resurslarının regionda sosial-iqtisadi təsir gücünü açıq şəkildə nümayiş etdirir.

Elektrik enerjisi sahəsində mümkün əməkdaşlıq da oxşar effekt yarada bilər. Elektrik şəbəkələrinin birləşdirilməsi Ermənistan üçün daha proqnozlaşdırıla bilən və sərfəli enerji təminatı formalaşdırmaqla yanaşı, pik yüklənmələr zamanı qarşılıqlı dəstəyi mümkün edir və bazar mexanizmlərinin tətbiqini genişləndirir. Bu isə enerji təhlükəsizliyinin güclənməsi deməkdir.

Bu kontekstdə Paşinyanın səsləndirdiyi mövqe Ermənistanın Rusiya enerji asılılığından mərhələli şəkildə çıxmaq niyyəti kimi də şərh oluna bilər. Statistik məlumatlara görə, Ermənistanın enerji idxalının böyük hissəsi uzun illər ərzində Rusiya mənşəli resursların payına düşüb və bu vəziyyət ölkənin siyasi manevr imkanlarını məhdudlaşdırıb. Enerji sektorunun əsas infrastrukturunun uzun müddət Rusiya kapitalının nəzarətində olması bu asılılığı daha da dərinləşdirib. Azərbaycanla enerji əməkdaşlığı isə alternativ mənbələr hesabına daha balanslı və çevik enerji siyasətinin formalaşmasına imkan yarada bilər.

Enerji kimi strateji sahədə qarşılıqlı əlaqələrin qurulması iki ölkə arasında etimadın möhkəmlənməsi üçün də mühüm zəmin yaradır. Beynəlxalq təcrübə göstərir ki, enerji və infrastruktur layihələri münaqişədən çıxmış regionlarda etimad quruculuğunun ən effektiv alətlərindən biridir. Etimadın formalaşması isə nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün əsas şərt sayılır. Bu proseslər regionda inteqrasiyanı sürətləndirən və qarşılıqlı maraqları uzlaşdıran zəncirvari effekt yarada bilər.

Azərbaycan bu prosesdə regionun ən böyük enerji istehsalçısı və aparıcı enerji mərkəzi kimi çıxış edir. Ölkə artıq uzun illərdir ki, neft və qazla yanaşı elektrik enerjisi ixrac edən dövlət kimi regional enerji xəritəsində əsas mövqelərdən birini tutur. Formalaşdırdığı güclü enerji potensialı Bakıya həm iqtisadi dividendlər qazandırır, həm də siyasi təsir imkanlarını genişləndirir.

Nəticə etibarilə, Ermənistan və Azərbaycan enerji sistemlərinin birləşdirilməsi təşəbbüsü təkcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşmasına xidmət edən mühüm addım kimi çıxış edir. Bu proses regionun qarşıdurma mərhələsindən əməkdaşlıq və inkişaf mərhələsinə keçidini simvolizə edən və sülhə aparan yolun iqtisadi sütunlarından biri hesab oluna bilər.

Hikmət Həsənov

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?