Trampın sülh planında Bakı niyə vacibdir? - TƏHLİL

Yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə rəsmi məktub ünvanlayaraq Azərbaycanı Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulmağa dəvət edib. Məktubda təşəbbüsün əsas məqsədi dünyada dayanıqlı sülhün təmin olunması, xüsusilə də Qəzza münaqişəsinin həlli kimi təqdim olunur.
Donald Tramp qeyd edir ki, 2025-ci il sentyabrın 29-da elan etdiyi 20 bəndlik Əhatəli Plan məhz Qəzza böhranının sona çatdırılmasına yönəlib və bu plan BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənib. ABŞ prezidenti vurğulayır ki, həmin planın real və institusional sülh mexanizminə çevrilməsi üçün Sülh Şurasının yaradılması vacib addımdır.
Prezident İlham Əliyev cavab məktubunda bu dəvəti Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı hörmət və əməkdaşlığın göstəricisi kimi qiymətləndirib. O, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə sülhün möhkəmləndirilməsinə daim töhfə verdiyini vurğulayaraq, Sülh Şurasının nəcib məqsədlərini dəstəklədiyini bildirib. Prezident Əliyev Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində fəal iştirak etməyə hazır olduğunu və bu platformanın səmərəli fəaliyyət göstərə biləcəyinə inandığını ifadə edib.
Donald Trampın məktubunda qeyd olunur ki, Sülh Şurası yeni beynəlxalq mexanizm kimi formalaşdırılacaq və klassik beynəlxalq institutlardan fərqli olaraq daha çevik və nəticəyönlü fəaliyyət göstərəcək. Şura həm beynəlxalq münaqişələrin erkən mərhələdə idarə olunmasını, həm də mövcud münaqişələrin siyasi və diplomatik yollarla həllini hədəfləyir. Xüsusilə Yaxın Şərqdə, o cümlədən Qəzza bölgəsində uzunmüddətli sülhün təmin olunması bu strukturun əsas prioritetlərindən biri kimi təqdim edilir. ABŞ prezidenti bildirir ki, Sülh Şurası əvvəlcə təsis olunacaq, daha sonra isə üzv dövlətlərin birgə qərarları əsasında fəaliyyət mexanizmləri formalaşdırılacaq.
Azərbaycanın bu təşəbbüsə müsbət cavab verməsi ölkənin beynəlxalq arenada artan diplomatik fəallığının göstəricisi kimi dəyərləndirilə bilər. Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət olmağa razılıq verib və bununla bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə göndərilmək üzrədir. Bu qərar Azərbaycanın qlobal sülh təşəbbüslərində iştirak imkanlarını genişləndirməklə yanaşı, ölkənin beynəlxalq nüfuzunu da gücləndirir.
Bu addım eyni zamanda Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sülh Şurasında təsisçi üzv statusu Azərbaycana regionda sülh diplomatiyasında daha fəal rol oynamaq, qlobal münaqişələrin müzakirə və həlli proseslərinə birbaşa təsir göstərmək imkanı yaradır. Xüsusilə Yaxın Şərqdə gedən proseslər fonunda Azərbaycanın balanslı və praqmatik xarici siyasət xətti bu platformada diqqət çəkən əsas faktorlardan biri ola bilər.
Sülh Şurası təşəbbüsü daha geniş strateji kontekstin tərkib hissəsi kimi də dəyərləndirilir. ABŞ bu mexanizm vasitəsilə mövcud beynəlxalq sülh institutlarının effektivliyini artırmaq, bəzi hallarda isə onların çatışmazlıqlarını kompensasiya etmək niyyətini ortaya qoyur. 2025-ci ilin sonlarında BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı aparılan müzakirələr və bu təşəbbüsə müsbət yanaşma Sülh Şurasının beynəlxalq legitimlik qazanması üçün mühüm zəmin yaradır.
ABŞ və Azərbaycan prezidentləri arasında Sülh Şurası ilə bağlı qarşılıqlı məktublaşma klassik diplomatik etiket çərçivəsindən kənara çıxaraq, siyasi etimadın və strateji dialoqun dərinləşdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilə bilər. Donald Trampın birbaşa olaraq Azərbaycan Prezidentinə müraciət etməsi və ölkəni Sülh Şurasının təsisçi üzvləri sırasında görmək istədiyini açıq şəkildə ifadə etməsi Azərbaycanın regional aktordan qlobal sülh proseslərinin fəal iştirakçısına çevrildiyini göstərir. Prezident İlham Əliyevin cavab məktubunda təşəbbüsə müsbət yanaşması isə Azərbaycanın özünü yalnız regional maraqlarla məhdudlaşdırmadığını, qlobal məsuliyyət daşıyan dövlət kimi mövqe tutduğunu nümayiş etdirir.
Ümumilikdə, bu qarşılıqlı məktublaşma sadəcə diplomatik jest deyil, qlobal və regional sülh gündəliyində strateji əməkdaşlığın yeni mərhələsini ifadə edir. Sülh Şurası effektiv fəaliyyət göstərəcəyi təqdirdə, beynəlxalq münaqişələrin həllində daha çevik və praktik mexanizmə çevrilə bilər.
Hikmət Həsənov