Davosda səslənən məcburi etiraf - Ermənistanın qəbul etdiyi yeni regional reallıq - ŞƏRH

Ermənistan Prezidenti Vaaqn Xaçatryanın Davos Ümumdünya İqtisadi Forumunda səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqların açıq ifadəsi kimi qiymətləndirilməlidir. “Elə bir vaxt gələcək ki, Ermənistan və Azərbaycan yükləri birbaşa qəbul edə biləcək” bəyanatı uzun illər qarşıdurma və qarşılıqlı blokadalarla xarakterizə olunan münasibətlərdə mühüm psixoloji və siyasi dönüş nöqtəsinə işarə edir. Bu açıqlama göstərir ki, sülh prosesi artıq abstrakt diplomatik çağırışlardan praktik əməkdaşlıq müstəvisinə keçmək üzrədir.
Son illərdə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar regionda köklü dəyişikliklərə yol açıb. Xüsusilə 2020-ci ildən sonra yaranmış yeni status-kvo köhnə regional arxitekturanı faktiki olaraq sıradan çıxarıb. Kommunikasiyaların açılması, nəqliyyat və tranzit xətlərinin bərpası artıq siyasi mübahisələrin deyil, real müzakirələrin mövzusuna çevrilib. Ermənistan rəhbərliyinin bu reallığı Davos kimi nüfuzlu beynəlxalq platformada səsləndirməsi Azərbaycanın yaratdığı siyasi və geosiyasi reallıqların qəbul edildiyini göstərir.
Bu kontekstdə Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit qadağalarının aradan qaldırılması məsələsi xüsusi diqqət çəkir. Uzun illər Ermənistanın işğal siyasəti və destruktiv mövqeyi səbəbindən tətbiq edilən bu məhdudiyyətlər artıq mərhələli şəkildə gündəmdən çıxarılır. Azərbaycanın bu addımı humanist və konstruktiv yanaşmanın göstəricisi olmaqla yanaşı, Bakının sülh prosesində aparıcı və məsuliyyətli tərəf olduğunu da nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın regional inteqrasiyanın əsas təşəbbüskarı kimi mövqeyini gücləndirir.
Tranzit imkanlarının açılması təkcə ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun iqtisadi xəritəsinə təsir göstərir. Azərbaycan coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə Cənubi Qafqazın əsas logistika mərkəzinə çevrilməkdədir. Hazırda Ermənistandan Azərbaycan ərazisi vasitəsilə Rusiyaya yüklərin daşınmasının danışıqlar mövzusu olması bu reallığın bariz nümunəsidir. Bu proses Bakının regionda nəqliyyat və tranzit sahəsində əsas söz sahibi olduğunu bir daha təsdiqləyir.
Digər tərəfdən, bu yeni mərhələ Ermənistan üçün uzun illər davam edən iqtisadi və nəqliyyat izolyasiyasından çıxış imkanı yaradır. Lakin bu imkanlar avtomatik deyil və qarşılıqlı etimad, hüquqi çərçivə və sülh sazişi ilə müşayiət olunmalıdır. Azərbaycan tərəfi üçün əsas prinsip dəyişməz qalır: bütün kommunikasiyalar ölkənin suverenliyi, təhlükəsizliyi və milli maraqları çərçivəsində fəaliyyət göstərməlidir. Bu yanaşma regional əməkdaşlığın dayanıqlı olmasının əsas şərtidir.
Vaagn Xaçatryanın açıqlamaları onu göstərir ki, Ermənistan rəhbərliyi artıq köhnə ritorikanın region üçün çıxış yolu olmadığını anlayır. Yeni regional düzən formalaşıb və bu düzənin mərkəzində Azərbaycan dayanır. Bakı yalnız hərbi-siyasi baxımdan deyil, həm də iqtisadi və nəqliyyat baxımından regionun əsas aparıcı qüvvəsinə çevrilib. Ermənistanın bu reallığa uyğunlaşması sülh prosesinin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında birbaşa yükdaşımaların mümkünlüyü ideyası sülh prosesinin real və praktik mərhələyə keçdiyini göstərən mühüm göstəricidir. Bu proses uğurla davam edərsə, Cənubi Qafqazda qarşıdurma yerini əməkdaşlığa, blokadalar isə açıq kommunikasiyalara verə bilər. Azərbaycanın strateji səbrə və praqmatik siyasətə əsaslanan yanaşması isə bu yeni regional nizamın əsas dayağı kimi çıxış edir.
Hikmət Həsənov