Avropanın müəyyən təşkilatlarının ölkəmizə qarşı qərəzli iddiaları ciddi qəbul olunmur - TƏHLİL

Cənubi Qafqazda son iki ildə baş verən siyasi proseslər regionun uzunmüddətli qarşıdurma mərhələsindən çıxaraq normallaşma və dayanıqlı sülh mərhələsinə keçdiyini göstərir. İkinci Qarabağ müharibəsi və ardınca həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar formalaşıb. Bu reallıqların əsasında isə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması, ərazilərimizdə separatçılığın kökünün kəsilməsi, rəsmi Bakının irəli sürdüyü mütərəqqi sülh gündəliyinin dünyada qəbul olunması dayanır.
Azərbaycan regional sülh təşəbbüslərinin əsas müəllifi və icraçısı kimi çıxış edir, ölkəmizin regional əməkdaşlıq və kommunikasiyaların bərpası istiqamətində atdığı addımlar müsbət qarşılanır. Bununla belə, Avropanın bəzi siyasi qurumları hələ də mövcud siyasi reallıqları həzm edə bilmir, əsassız iddialarla çıxış edir, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə həll etməsi ilə barışa bilmirlər.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bu məsələyə də yer ayırıb və ölkəmizin artıq ikili standart yanaşmalara reaksiya vermədiyini bəyan edib: “Biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”.
Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə bəyan edib ki, bu qurumlarda qəbul edilən qətnamələr, səsləndirilən ittihamlar və çağırışlar beynəlxalq hüquqa deyil, siyasi sifarişlərə, lobbi maraqlarına əsaslanıb. Məhz saxta iddialar, ikili standartlar və daxili işlərə kobud müdaxilə cəhdləri səbəbindən Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasında fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. Bu qərar Azərbaycanın Avropa ilə münasibətlərdən imtina etməsi olmayıb, deyil, ədalətsiz və qeyri-obyektiv mühitdə formal iştirakın mənasız olduğunu göstərən prinsipial və qətiyyətli mövqedir.
Həmin qurumlarda aparılan müzakirələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qərəzli fikirlərin səsləndirilməsi də ölkəmiz üçün yeni hal deyil. Azərbaycan son 20 ildə Avropa İttifaqı, ATƏT, Avropa Şurası kimi təşkilatların ikili standartlardan çıxış etmələrini, təzavüzkar Ermənistanı əsassız şəkildə himayə etmələrini, “media azadlığı”, “siyasi məhbuslar”, “insan hüquqları” kimi mövzularda manipulyasiyaya yol verdiklərini açıq bəyan və tənqid edib.
Dövlət başçısının Avropa Parlamentinin Azərbaycana qarşı daimi tənqidlərinə münasibətdə “Biz artıq buna reaksiya vermirik” deməsi rəsmi Bakının qərəzli kampaniyalara əvvəlki kimi cavab vermək niyyətində olmadığını göstərir. Başqa sözlə, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi fonunda ölkəmizə qarşı səsləndirilən ittihamlar nə beynəlxalq hüquqa, nə də mövcud siyasi reallıqlara əsaslanır. Rəsmi Bakı münaqişə səhifəsini bağlayaraq, sülh təşəbbüslərində səmimi olduğunu son aylarda əməli fəaliyyəti ilə sübut edir. Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, delimitasiya, demarkasiya prosesinin sürətləndirilməsi, Zəngəzur Dəhlizinin açılması istiqamətində atılan adıdmlar bunu bir daha sübut edir. Bütün bunların dünya təqdir olunması, dəstəklənməsi fonunda rəsmi Bakı hansısa Avropa təşkilatının cəfəng iddia və açıqlamalarına aydınlıq gətirməyə lüzum görmür. Ölkəmiz real nəticələrlə, konkret siyasi addımlarla, beynəlxalq səviyyədə əldə olunmuş razılaşmalarla haqlı olduğunu təsdiqləyib.
Belə görünür ki, sülh gündəliyinin əhəmiyyətli dərəcədə irəlilədiyi, Yekun Sülh Sazişinin paraflandığı son aylarda belə Avropa Parlamentində, eləcə də Avropa Şurası Parlament Assambleyasında müəyyən siyasi dairələrin formalaşdırmağa çalışdıqları “qərəzli mühit” ölkəmizin müstəqil siyasət yürütməsini qəbul edə bilməyən qüvvələrin fəaliyyətinin təzahürüdür. Ölkəmiz heç bir xarici mərkəzin diktəsi ilə hərəkət etmir, milli maraqlarına əsaslanan qərarlar verir və regionda aparıcı aktor kimi çıxış edir.
Qərəzli siyasi dairələrin iddiaları Azərbaycanın nə regional rolunu zəiflədə, nə də onun beynəlxalq nüfuzuna xələl gətirə bilib. Əksinə, rəsmi Bakının sülh təşəbbüsləri hazırda beynəlxalq gündəliyin ayrılmaz hissəsinə çevrilib və bunu Davos Forumu çərçivəsində aparılan müzakirələr də təsdiqləyib. Aparılan müzakirələr göstərir ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar regionda sülhün təminatı baxımından dönüş nöqtəsi sayılır. Həmin razılaşmalar tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması əsasında dayanıqlı sülhün mümkünlüyünü təsbit edib. Bu sənədlər faktiki olaraq Cənubi Qafqazda münaqişə mərhələsinin başa çatdığını, normallaşma mərhələsinin başladığını beynəlxalq səviyyədə rəsmiləşdirib.
Bu razılaşmalardan sonra Avropa İttifaqının və onun əsas ölkələrindən olan Fransanın mövqeyində də nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Uzun illər Ermənistanın işğalçı siyasətinə açıq və ya dolayısı ilə dəstək verən, Avropa Parlamenti müstəvisində anti-Azərbaycan təşəbbüslərinin əsas təşəbbüskarlarından biri olan Fransa artıq Azərbaycanın sülh gündəliyini qəbul edir. Avropa İttifaqının son aylardakı rəsmi bəyanatlarında Vaşinqton razılaşmalarına istinad edilməsi, regionda yaranmış yeni reallıqların tanınması bunun bariz göstəricisidir. Bu, Avropanın bəzi qurumlarının hələ də davam edən qərəzli mövqeyindən fərqli olaraq, Avropa İttifaqının praqmatik maraqlara əsaslanan yanaşmasını əks etdirir.
Avropa İttifaqının rəsmiləri də etiraf edirlər ki, Cənubi Qafqazda təhlükəsizlik, enerji sabitliyi və nəqliyyat-kommunikasiya layihələrinin gələcəyi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Məhz buna görə də rəsmi Bakı real siyasi proseslərə fokuslanır və sülh gündəliyini ardıcıl şəkildə həyata keçirməyə davam edir.
MTM Analitik Qrupu