Bu gün

Ekspert: "20 Yanvar azərbaycanlıların illüziyalardan ayıldığı gündür" - AÇIQLAMA

20 Yanvar 1990-cı il faciəsi SSRİ rəhbərliyinin Azərbaycana qarşı apardığı məqsədyönlü siyasətin nəticəsi olub.

Bu fikirləri təhlil.az saytına açıqlamasında müstəqil ekspert, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı layihələrinin keçmiş rəhbəri Çingiz Məmmədov deyib. 

O bildirib ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən böyük faciə Azərbaycanın tarixində insanların gözlərinin açıldığı gün kimi yadda qalıb:

“Təsadüfi deyil ki, həmin gün on minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı Kommunist Partiyasının üzvlük biletlərini tonqallara atdı. Bu, təkcə simvolik bir addım deyildi. İnsanlar SSRİ rəhbərliyi ilə bağlı bəslədikləri illüziyalarından, Moskvada hansısa ədalətli qüvvənin Qarabağ məsələsini həll edəcəyinə olan inamlarından azad oldular”. 

Onun sözlərinə görə, azərbaycanlıların böyük ümidləri var idi ki, Moskva SSRİ Konstitusiyasını tapdalamaz:

“Əgər hakimiyyətdə olan şəxslər, ilk növbədə Qorbaçov və onun ətrafı Konstitusiyaya əməl etsəydilər, 20 Yanvar kimi qanlı hadisələr baş verməzdi”. 

Ekspert vurğulayıb ki, azərbaycanlılara qarşı qərəzli münasibət hələ Çar Rusiyası dövründən başlayıb:

“Rusiya imperiyası Cənubi Qafqaza daxil olanda gürcülər ikili mövqe tutmuşdular. Onların bir hissəsi Rusiya imperiyasını dəstəklədi və nəticədə Georgiyevsk müqaviləsi imzalandı. Digər hissə isə Osmanlı imperiyasının tərəfində Rusiya əleyhinə mübarizə apardı. Bütün bunlar Rusiya tarixşünaslığında gizlədildi. Rusiya çarı gürcüləri aldatdı. Osmanlı imperiyası və Qacar İranında yaşayan, öz dövlətçiliyi olmayan ermənilər isə tam şəkildə Rusiya çarını dəstəklədilər”. 

Ç.Məmmədov qeyd edib ki, Azərbaycan xanlıqları Çar Rusiyasına ciddi müqavimət göstərib:

“Nəticədə biz dini xarakter daşıyan Rusiya imperiyasının tərkibinə daxil olduq. Bu imperiyada xristianlara üstünlük verilirdi. Müsəlmanlara silah gəzdirmək qadağan edilmişdi, onlar orduya qəbul edilmirdi və etibarsız element kimi qiymətləndirilirdi.”

O söyləyib ki, Çar Rusiyasında kilsələrin tikintisinə icazə verildiyi halda, məscidlərin inşası üçün xüsusi icazə tələb olunurdu, minarələrdən azan oxunmasına məhdudiyyətlər qoyulmuşdu. Daha sonra bu imperiyanı Sovet İttifaqı əvəz etdi.

Ekspert vurğulayıb ki, SSRİ-də formal olaraq beynəlmiləlçilik elan olunsa da, əslində xalqlar bərabər deyildi:

“Bütün xalqlar bir növ iyerarxiya üzrə düzülmüşdü. Kadr siyasətində də bu açıq görünürdü. Müsəlmanlar rəhbər vəzifələrə irəli çəkilmirdi. SSRİ Siyasi Bürosunda uzun müddət müsəlman olmayıb. İlk müsəlmanlardan biri Ulu Öndər Heydər Əliyev və Dinmuhəmməd Kunayev idi”. 

O xatırladıb ki, SSRİ-də yenidənqurma dövründə mərkəzi hakimiyyət zəiflədikcə ermənilər Qarabağı Ermənistana birləşdirmək cəhdlərini fəallaşdırıblar:

“Onlar bunu SSRİ-nin 1922-ci ildə yaradıldığı ilk gündən edirdilər. Qeyd etmək lazımdır ki, Qorbaçovun məsləhətçiləri arasında Aqanbekyan və Şaxnazarov var idi. Məhz onların təşəbbüsü ilə SSRİ rəhbəri Zori Balayan və Silva Kaputikyanla görüşdürülmüşdü”. 

Ç. Məmmədov əlavə edib ki, 20 Yanvar faciəsi mahiyyət etibarilə Sovet İttifaqının apardığı siyasətin nəticəsi idi:

“Rəhbərlik bir xalqın hesabına digərinə üstünlük verirdi və nəticədə Azərbaycan çox ağır vəziyyətə düşdü. Biz Birinci Qarabağ müharibəsini zəif olduğumuz üçün uduzmadıq. Biz əvvəlcə SSRİ rəhbərliyinə, onun ordusuna, milisinə, xüsusi xidmət orqanlarına qarşı mübarizə apardıq, daha sonra isə Rusiya ilə üz-üzə qaldıq. Bu gün Rusiyanın Azərbaycana münasibətinə baxmaq kifayətdir ki, SSRİ dövründə Bakının hansı çətinliklərlə üzləşdiyini anlamaq mümkün olsun”. 

Rasim Babayev 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?