Trampın rüsum siyasəti və Avropanın sınağı: Qrenlandiya ətrafında iqtisadi təzyiq - TƏHLİL

ABŞ prezidenti Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-yə idxal olunan bütün mallara yeni gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.
Onun sözlərinə görə, bu qərarın əsas səbəbi adıçəkilən ölkələrin Qrenlandiyada keçirilən Arctic Endurance hərbi təlimlərində iştirak etməsidir. Tramp həmin təlimləri Vaşinqtonun “Qrenlandiyanı satın alma planlarına açıq maneə” kimi qiymətləndirib və bunu ABŞ-nin strateji maraqlarına qarşı addım sayıb.
Qərara əsasən, bu ölkələrdən idxal olunan bütün məhsullara 10 faiz həcmində rüsum 1 fevral 2026-cı ildən qüvvəyə minəcək. Əgər bu tarixdən sonra “Qrenlandiyanın tam satın alınması ilə bağlı razılaşma” əldə olunmasa, ABŞ administrasiyası 1 iyun 2026-cı ildən etibarən rüsumları 25 faizə qədər artıracaq. Belə bir addım Avropa İttifaqına üzv dövlətlərin iqtisadiyyatlarına ciddi və uzunmüddətli zərbə vurmaq potensialına malikdir.
Hazırda ABŞ-nin tətbiq etdiyi orta gömrük tarifləri Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq sənaye məhsulları üzrə əsasən 2-3 faiz, enerji daşıyıcıları üzrə 0-2 faiz, şərab və pendir kimi kənd təsərrüfatı məhsulları üzrə isə 5-20 faiz arasında dəyişir. Polad və alüminium məhsullarına qarşı rüsumlar hələ 2018-ci ildən etibarən müvafiq olaraq 25 faiz və 10 faiz səviyyəsində saxlanılır, avtomobillərə tətbiq olunan tarif isə 2,5 faizdir. Yeni elan edilən 10 faiz və 25 faiz həcmində rüsumlar mövcud baza dərəcələrini 3-5 dəfə üstələyir və faktiki olaraq ticarət münasibətlərini tammiqyaslı iqtisadi qarşıdurma mərhələsinə keçirə bilər.
Bu qərarlar qlobal istehsal və təchizat zəncirlərinə ciddi təsir göstərəcək. Fransa və Almaniyanın birgə layihəsi olan Airbus, İsveçin avtomobil və yük maşını istehsalçısı Volvo, Danimarkanın farmasevtika nəhəngi Novo Nordisk kimi şirkətlər birbaşa risk altına düşür. Analitiklərin hesablamalarına görə, bu proses ABŞ daxilində inflyasiyanın 0,2-0,5 faiz artmasına səbəb ola bilər, eyni zamanda bir sıra Avropa şirkətlərini istehsalı ABŞ-dən kənar bazarlara köçürməyə məcbur edə bilər.
Ən böyük zərbə Almaniya iqtisadiyyatına dəyir. Almaniyanın ABŞ-yə illik ixrac həcmi 157 milyard dollar təşkil edir və bunun əsas hissəsini Volkswagen, BMW və Mercedes markalı avtomobillər təşkil edir. 10 faiz rüsum tətbiq edilərsə, Almaniyanın illik itkiləri təxminən 15,7 milyard dollar, 25 faiz rüsum halında isə 39,4 milyard dollar olacaq ki, bu da ölkənin ümumi daxili məhsulunun təxminən 0,7 faizi deməkdir.
Fransanın ABŞ-yə ixracı 52 milyard dollar səviyyəsindədir. Buraya LVMH konserninin şərab və lüks məhsulları, Airbus təyyarələri və Sanofi şirkətinin farmasevtik məhsulları daxildir. Rüsumlar nəticəsində Fransanın itkiləri 10 faiz tariflə 5,2 milyard dollar, 25 faiz tariflə isə 13,1 milyard dollar səviyyəsində qiymətləndirilir.
Böyük Britaniyanın ABŞ bazarına ixracı 69 milyard dollar təşkil edir. Əsas məhsullar GSK və AstraZeneca şirkətlərinin dərmanları, eləcə də viskidir. Bu ölkə üçün itkilər müvafiq olaraq 6,9 milyard dollar və 17,3 milyard dollar həcmində ola bilər.
Niderland ABŞ-yə ildə təxminən 45 milyard dollar dəyərində məhsul ixrac edir. Shell və Unilever kimi nəhənglərin məhsulları bu siyahının əsas hissəsini təşkil edir. Yeni rüsumlar Niderland iqtisadiyyatına 4,6 milyard dollar və ya daha sərt ssenaridə 11,4 milyard dollar zərər vura bilər.
İsveçin ABŞ-yə ixrac həcmi 12,8 milyard dollar təşkil edir. Buraya əsasən Volvo yük maşınları və AstraZeneca dərmanları daxildir. Potensial itkilər 1,3 milyard dollar ilə 3,2 milyard dollar arasında dəyişir.
Danimarkanın illik ixracı 14 milyard dollar səviyyəsindədir və bunun təxminən 30 faizi Novo Nordisk şirkətinin, xüsusilə Ozempic preparatının payına düşür. Rüsumların təsiri Danimarka üçün 1,4 milyard dollar və ya 3,6 milyard dollar həcmində qiymətləndirilir. Norveç isə ABŞ-yə ildə 6,5 milyard dollar dəyərində məhsul ixrac edir. Burada Equinor şirkətinin mayeləşdirilmiş təbii qazı və Norveç qızılbalığı əsas yer tutur. Norveçin itkiləri 0,65 milyard dollar ilə 1,6 milyard dollar arasında ola bilər. Finlandiyanın ABŞ-yə ixracı isə 5 milyard dollar təşkil edir və əsasən Stora Enso şirkətinin meşə sənayesi məhsulları və Kone liftlərindən ibarətdir. Bu ölkə üçün itkilər 0,51 milyard dollar və ya 1,3 milyard dollar səviyyəsindədir.
Ümumilikdə, adıçəkilən ölkələrin 2025-ci ildə ABŞ-yə ixracının həcmi 400 milyard dolları ötüb ki, bu da onların ümumi xarici ticarət dövriyyəsinin təxminən 10-15 faizinə bərabərdir. Donald Tramp bu addımı “onilliklər ərzində Avropanın ABŞ tərəfindən cavabsız rüsumlar hesabına subsidiyalaşdırılması” ilə əsaslandıraraq, bunu Qrenlandiyanın satılmasından imtinaya görə “borcun qaytarılması” kimi təqdim edib. Əslində isə bütün bu proses Trampın güc siyasətinin sadə və açıq ifadəsinə, “çünki bacarıram” prinsipinə söykənir.
Avropa liderləri məsələ ilə bağlı sərt bəyanatlar versələr də, real təsir mexanizmləri son dərəcə məhduddur. Fransa prezidenti Emmanuel Makron bu addımları açıq şantaj, Almaniya kansleri Olaf Şolts NATO üçün təhlükə, Danimarkanın baş naziri Mette Frederiksen milli alçaldılma, Norveçin baş naziri Yonas Qar Store isə yolverilməz təhdid adlandırıb. Bununla belə, faktiki vəziyyət göstərir ki, Avropa İttifaqı prosesə təsir etmək gücündə deyil və “Qrenlandiya məsələsi” getdikcə Avropanın siyasi və iqtisadi zəifliyinin rəmzinə, eyni zamanda qitənin tarixində yeni və olduqca kədərli bir mərhələyə çevrilir.
Hikmət Həsənov