Azərbaycan bu dəfə Hindistanda yaşayan azlıqların ümid yerinə çevrilir - TƏHLİL

Müasir dövrdə etnik azlıqların hüquqlarının qorunması beynəlxalq ictimaiyyətin əsas prioritetlərindən biri hesab olunur. Qloballaşma, miqrasiya prosesləri və çoxmədəniyyətli cəmiyyətlərin formalaşması fonunda bu məsələ təkcə daxili siyasətin deyil, həm də beynəlxalq əməkdaşlığın mühüm istiqamətinə çevrilib. Azərbaycan bu sahədə tarixi ənənələri, formalaşmış ictimai modeli və beynəlxalq platformalarda tutduğu fəal mövqe ilə diqqət çəkən ölkələr sırasındadır. Ölkənin yanaşması etnik azlıqların hüquqlarının yalnız hüquqi mexanizmlərlə deyil, həm də ictimai mühit və gündəlik həyat səviyyəsində qorunmasına əsaslanır.
Məlum həqiqətdir ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olub. Bu çoxmədəniyyətli mühit əsrlər boyu formalaşaraq cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Etnik azlıqlar Azərbaycan cəmiyyətində öz milli kimliklərini qoruyaraq ümumi ictimai-siyasi həyata inteqrasiya olunublar. Bu model etnik azlıqların hüquqlarının yalnız normativ sənədlərlə deyil, ictimai şüur səviyyəsində də təmin edilməsinə şərait yaradıb.
Azərbaycanın fəaliyyəti yalnız daxili çərçivə ilə məhdudlaşmır. Ölkə beynəlxalq təşkilatlar çərçivəsində etnik azlıqların hüquqlarının müdafiəsi mövzusunda ardıcıl və prinsipial mövqe tutur. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda tolerantlıq, multikulturalizm və ayrı-seçkiliyə qarşı mübarizə məsələləri Azərbaycanın gündəmində daim yer alır. Bakı bu platformalarda öz təcrübəsini bölüşərək mədəni müxtəlifliyin təhlükə deyil, inkişaf və sabitlik üçün imkan olduğunu vurğulayır.
Bu kontekstdə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq miqyasda xüsusi diqqət cəlb edir. Qrup müasir dövrdə hələ də mövcud olan neokolonial siyasətin fəsadlarını beynəlxalq ictimaiyyətə çatdırmağı qarşısına məqsəd qoyub. Bakı Təşəbbüs Qrupu beynəlxalq konfranslar, forumlar və dəyirmi masalar vasitəsilə müstəmləkəçilikdən və postkolonial problemlərdən əziyyət çəkən xalqlar üçün açıq tribuna yaradır. Afrika, Asiya, Karib hövzəsi və Sakit okean regionlarından olan nümayəndələr, siyasi fəallar, alimlər və hüquq müdafiəçiləri bu tədbirlərdə iştirak edərək öz ölkələrində mövcud problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Bu müzakirələr kolonial irsin sosial, iqtisadi və mədəni nəticələrini daha aydın şəkildə gündəmə gətirir.
Bu yanaşmanın konkret nümunələrindən biri Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı siyasətinə həsr edilmiş “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans olub. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, eləcə də insan hüquqları sahəsində fəaliyyət göstərən alimlər və Hindistanda repressiv siyasətin birbaşa qurbanı olmuş şəxslər iştirak ediblər.
Konfrans zamanı Hindistan hökumətinin zikhlərə və digər etnik azlıqlara qarşı apardığı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasət, eləcə də Hindistanın BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozması müzakirə olunub.
Tarixi, dini və mədəni baxımdan Hindistan cəmiyyətinin formalaşmasında mühüm rol oynamalarına baxmayaraq, zikhlər müxtəlif dövrlərdə ciddi sosial, siyasi və hüquqi problemlərlə üzləşiblər. Bu problemlərin bir qismi tarixi köklərə malikdir, bir qismi isə müasir siyasi proseslərlə bağlıdır. Zikhlərin əsas narazılıq mövzularından biri siyasi təmsilçilik və muxtariyyət məsələsidir. XX əsrin ikinci yarısında Pəncabda daha geniş muxtariyyət tələblərinin irəli sürülməsi mərkəzi hakimiyyətlə gərgin münasibətlərə səbəb olub. Xüsusilə 1980-ci illərdə baş verən hadisələr, o cümlədən “Mavi Ulduz Əməliyyatı” zikhlər arasında dərin etimadsızlıq yaradıb. Bu əməliyyat zamanı Amritsardakı Qızıl Məbədin zərər görməsi icma üçün həm dini, həm də mənəvi baxımdan ağır zərbə olub.
1984-cü ildə Hindistanın baş naziri İndira Qandinin öldürülməsindən sonra baş verən kütləvi anti-zikh zorakılığı icmanın tarixində ən faciəli səhifələrdən biri hesab olunur. Minlərlə zikhin həlak olması, evlərinin və bizneslərinin dağıdılması, günahkarların uzun müddət cəzasız qalması ədalət sisteminə inamı ciddi şəkildə sarsıdıb. Bu hadisələrin nəticələri bu gün də zikh icmasının kollektiv yaddaşında yaşayır.
Araşdırmalar göstərir ki, Hindistanda zikh icmasının sayı 25 milyondan artıqdır. Bu gün hüquqlarını tələb edən zikh fəallar tez-tez “separatizm” və ya “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri isə artmaqda davam edir. Bundan əlavə, xaricdə yaşayan zikh fəallara qarşı terror aktları ilə bağlı Kanada və ABŞ rəsmi qurumları Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər. Bakıdakı tədbirdə çıxış edən Pəncab hökumətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora bildirib ki, təkcə Delhidə çox sayda zikh ailəsi qətlə yetirilib, evlər əvvəlcədən müəyyənləşdirilərək hücumlara məruz qalıb, polis isə bu zorakılıqların qarşısını almaq əvəzinə passiv mövqe tutub. O vurğulayıb ki, bu gün də zikhizmə qarşı ideoloji təzyiqlər davam edir və zikhizmin hinduizmin bir qolu kimi təqdim edilməsi icmanın dini kimliyinə açıq hörmətsizlikdir.
Qeyd olunmalıdır ki, Pəncab uzun müddət Hindistanın ən inkişaf etmiş aqrar bölgələrindən biri olsa da, son illərdə kənd təsərrüfatında gəlirlərin azalması, borclanma və işsizlik zikh gəncləri arasında narazılığı daha da artırıb. Torpaq və su resursları ilə bağlı problemlər, fermerlərin çətin vəziyyəti sosial gərginliyi dərinləşdirir. Eyni zamanda, separatizm və “Xalistan” hərəkatı ilə bağlı tarixi hadisələr bütün icmaya şamil edilən stereotiplərin formalaşmasına səbəb olub ki, bu da hüquq-mühafizə orqanlarının əsassız nəzarət və təzyiqləri ilə nəticələnir.
Bütün bu problemlərin beynəlxalq səviyyədə gündəmə gətirilməsi Azərbaycanın təşəbbüsləri sayəsində daha geniş rezonans doğurur. Bakı Təşəbbüs Qrupu etnik azlıqların hüquqlarının müdafiəsini qlobal gündəliyin bir hissəsinə çevirərək beynəlxalq ictimaiyyətin bu sahədə daha fəal və məsuliyyətli mövqe tutmasına şərait yaradır. Bu da göstərir ki, Azərbaycan etnik azlıqların hüquqları mövzusunda yalnız milli deyil, qlobal miqyasda da mühüm aktor kimi çıxış edir.
MTM Analitik Hesabatı