Türkiyə–Ermənistan sərhədi: normallaşma sınağı və regional balans - MƏQALƏ

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması məsələsi 1993-cü ildən bəri Cənubi Qafqazda regional siyasətin ən həssas mövzularından biri olaraq qalır. Sərhədin bağlanması birbaşa Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi ilə əlaqəli idi və bu addım Türkiyənin Azərbaycanla strateji həmrəyliyinin açıq siyasi ifadəsi kimi qiymətləndirilirdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra isə regionda tamamilə yeni geosiyasi reallıq formalaşdı və bu reallıq Türkiyə–Ermənistan münasibətlərinin yenidən gündəmə gəlməsini qaçılmaz etdi.
Son illərdə tərəflər arasında xüsusi nümayəndələrin təyin olunması, birbaşa uçuşların bərpası və diplomatik ritorikanın yumşalması normallaşma prosesinin ilkin mərhələləri kimi çıxış edib. İndi isə Alican–Marqara sərhəd-keçid məntəqəsinin açılmasına dair aparılan hazırlıqlar prosesin artıq simvolik jestlərdən praktik addımlara keçdiyini göstərir.
Rəsmi açıqlamalarda sərhəd-keçidin üçüncü ölkə vətəndaşları və humanitar məqsədlər üçün nəzərdə tutulduğu bildirilsə də, bu addım mahiyyət etibarilə texniki deyil, siyasi qərardır. Bu, tərəflər arasında etimadın yoxlanılması, gələcək mümkün tam normallaşmanın sınaq mərhələsi və Türkiyənin regionda yumşaq güc siyasətinin bir elementi kimi qiymətləndirilməlidir. Ankara bu məsələni heç vaxt sırf ikitərəfli texniki problem kimi deyil, Cənubi Qafqazdakı ümumi regional balansın tərkib hissəsi kimi dəyərləndirib.
Türkiyənin bu addımdakı motivasiyası çoxqatlıdır. Bir tərəfdən Ankara Cənubi Qafqazı Orta Asiyaya açılan strateji qapı, enerji və nəqliyyat dəhlizlərinin əsas mərkəzi kimi görür. Ermənistanın uzun illər regional layihələrdən kənarda qalması isə ümumi sabitliyə risk yaradırdı. Sərhədin mərhələli şəkildə açılması Ermənistanı regional əməkdaşlığa cəlb etmək və onu destruktiv mövqedən uzaqlaşdırmaq məqsədi daşıyır. Digər tərəfdən, Türkiyə bu addımla Qərbə regionda problemi dərinləşdirən deyil, həll yolları təklif edən əsas aktor olduğunu nümayiş etdirməyə çalışır.
Ermənistan üçün bu prosesin potensial faydaları əsasən iqtisadi və siyasi sahədə cəmləşir. Türkiyə bazarına çıxış, logistik xərclərin azalması və turizmin canlanması blokada şəraitində olan Ermənistan üçün mühüm iqtisadi imkanlar yarada bilər. Eyni zamanda, sərhədin açılması Ermənistanın regional izolyasiyasını qismən yumşaldaraq onu əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Lakin bu imkanların real nəticəyə çevrilməsi birbaşa şəkildə Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Bakı ilə real sülh olmadan bu prosesin davamlı olması mümkün görünmür.
Məsələnin ən mühüm tərəfi isə Türkiyənin bu addımları Azərbaycanla tam koordinasiya şəraitində atmasıdır. Ankara Ermənistanla münasibətləri heç vaxt Bakının maraqlarını nəzərə almadan inkişaf etdirməyib və bu prinsip indiki mərhələdə də dəyişməyib. Türkiyə–Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir və “bir millət, iki dövlət” konsepti real siyasətdə də öz təsdiqini tapır. Zəngəzur dəhlizi, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası kimi əsas məsələlər hələ də açıq qalır. Bu səbəbdən sərhəd-keçidin açılması mərhələli və kontrollu şəkildə həyata keçirilir.
Regional baxımdan prosesin həm müsbət, həm də riskli tərəfləri mövcuddur. Müsbət ssenariyə görə, kommunikasiya xətləri açılır, ticarət və insan təması artır, region ölkələrinin böyük güclərdən asılılığı tədricən azalır və Cənubi Qafqazda yeni əməkdaşlıq mühiti formalaşır. Risklər isə əsasən Ermənistan daxilindəki revanşist qüvvələrin müqaviməti, prosesin daxili siyasi manipulyasiya alətinə çevrilməsi və real sülh addımları olmadan imitasiya xarakterli normallaşma cəhdləri ilə bağlıdır.
Nəticə etibarilə, Türkiyənin Ermənistanla sərhəd-keçidi açmağa hazırlaşması tarixi dönüş nöqtəsindən çox, güclü strateji siqnaldır. Ankara İrəvana açıq seçim təklif edir: ya regional sülh və əməkdaşlığın bir hissəsi olmaq, ya da yenidən kənarda qalmaq. Bu mərhələdə əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Əgər İrəvan Azərbaycanla real sülhə gedər və regional kommunikasiyaların açılmasına konstruktiv yanaşarsa, bu sərhəd-keçidi gələcəkdə tam normallaşmaya aparan yolun başlanğıcı ola bilər.
Hikmət Həsənov