“Hərbi əsir” mifinin sonu və Bakının strateji gedişi - ŞƏRH

Ermənistanla Azərbaycan arasında son dövrlər sülhə doğru addımlar atılmaqda davam edir. Bu addımlar isə regionun gələcək siyasi arxitekturasının sülh və əməkdaşlıq üzərində qurulmasını dəstəkləyir. Erməni rəsmilərinin açıqlamaları isə artıq hakim komandanın regionda məhz Azərbaycanın yaratdığı reallıqları dərk etdiyinə işarə edir. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlaması post-müharibə mərhələsində rəsmi İrəvanın mövqeyində baş verən mühüm psixoloji və siyasi dəyişiklikdən xəbər verir. Onun Bakıda saxlanılan erməniəsilli şəxslər məsələsinin sülh gündəliyi ilə tam uzlaşmadığını etiraf etməsi, əslində Ermənistanın uzun illər davam etdirdiyi manipulyativ ritorikadan geri çəkildiyini göstərir. Xüsusilə də “hərbi əsir” terminindən şüurlu şəkildə istifadə etməməsi artıq hüquqi reallığın qəbul edildiyinin açıq göstəricisidir.
Bu açıqlama fonunda Azərbaycanın dünən 4 erməni cinayətkarını Ermənistana təhvil verməsi xüsusi diqqət çəkir və təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu addım bir tərəfdən Bakının məsələyə yanaşmada nə qədər prinsipial və hüquqa əsaslanan mövqedə dayandığını göstərirsə, digər tərəfdən sülh prosesinə verdiyi real və ölçülüb-biçilmiş töhfəni ortaya qoyur. Azərbaycan bu addımla sübut edir ki, sülh yalnız bəyanatlarla deyil, konkret və məsuliyyətli qərarlarla mümkündür.
Xüsusilə vurğulanmalıdır ki, bu təhvilvermə siyasi təzyiq nəticəsində deyil, Azərbaycanın suveren qərarı kimi həyata keçirilib. Yəni Bakı məsələni nə danışıqlar masasında alver predmeti edib, nə də beynəlxalq platformalarda manipulyasiya vasitəsinə çevirib. Əksinə, Azərbaycan hüquqi prosesi özü idarə edir və eyni zamanda, regionda etimad mühitinin formalaşması üçün humanist jestlər etməyə hazır olduğunu nümayiş etdirir. Bu baxımdan 4 nəfərin təhvil verilməsi sülhə doğru atılmış məqsədli və düşünülmüş addım kimi dəyərləndirilməlidir.
Mirzoyanın bu mövzunu “sülhə doğru formalaşan proseslə tam uyğun gəlməyən amil” kimi təqdim etməsi əslində Ermənistanın artıq bir həqiqəti qəbul etdiyini göstərir: Bakıda saxlanılan şəxslərin taleyi sülh müqaviləsinin predmeti deyil. Bu, Azərbaycanın daxili hüquqi səlahiyyətləri çərçivəsində baxılan məsələdir və Ermənistan bunu gec də olsa anlayır. Azərbaycanın dünənki addımı isə göstərir ki, bu mövzu yalnız Bakının iradəsi ilə və yalnız hüquqi çərçivədə həll oluna bilər.
Digər mühüm məqam Mirzoyanın “hərbi əsir” anlayışından yayınmasıdır. Bu, sadəcə terminoloji ehtiyat deyil, beynəlxalq hüququn və faktiki reallığın Ermənistan tərəfindən artıq inkar edilə bilmədiyini göstərən siyasi siqnaldır. Çünki sözügedən şəxslər Azərbaycan ərazisində separatçılıq, terror və diversiya fəaliyyəti ilə məşğul olublar və buna görə də beynəlxalq hüquqa əsasən mühakimə olunublar. Ermənistan tərəfi indi anlayır ki, bu cür fəaliyyətlərin legitimləşdirilməsi mümkün deyil.
Bu yeni yanaşma sülh danışıqlarının ümumi məzmununa da ciddi təsir edir. Ermənistanın illərlə süni mövzular üzərindən prosesi uzatmaq strategiyası artıq işlək deyil. Diqqət tədricən real və fundamental məsələlərə – sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin açılması, regional təhlükəsizlik mexanizmləri və qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına yönəlir. Bu isə danışıqların formal mərhələdən praktiki müstəviyə keçdiyini göstərir.
Bu kontekstdə Baş nazir Nikol Paşinyanın “Ermənistan heç vaxt indiki qədər sabit mühitdə olmayıb” fikri də xüsusi əhəmiyyət daşıyır. Bu açıqlama təkcə daxili auditoriyaya hesablanmış siyasi mesaj deyil, eyni zamanda, regionda formalaşmış yeni reallığın etirafıdır. Paşinyan faktiki olaraq qəbul edir ki, uzun illər Ermənistanı qeyri-sabitlik içində saxlayan münaqişə dövrü artıq başa çatıb və mövcud sabitlik Azərbaycanın yaratdığı yeni regional balansın nəticəsidir.
Paşinyanın bu fikri eyni zamanda onu göstərir ki, Ermənistan rəhbərliyi müharibə riskinin azalmasını revanşist ritorika ilə deyil, məhz Azərbaycanın hərbi-siyasi qələbəsi nəticəsində formalaşan reallıqla əlaqələndirir. Bu reallıq Ermənistanı rasional seçim qarşısında qoyur: ya yeni status-kvonu qəbul edib sülhə inteqrasiya olunmaq, ya da regional proseslərdən kənarda qalmaq. Son açıqlamalar göstərir ki, rəsmi İrəvan artıq birinci variantı seçmək məcburiyyətindədir.
Nəticə etibarilə, Ermənistan açıq şəkildə dərk etməyə başlayır ki, Bakıda saxlanılan şəxslərlə bağlı məsələ Azərbaycanın daxili işidir və siyasi alver mövzusu ola bilməz. Azərbaycanın 4 erməni cinayətkarını təhvil verməsi isə bu mövzuda hüquqi suverenliyin yalnız Bakının əlində olduğunu bir daha təsdiqləməklə yanaşı, eyni zamanda, sülhə yönəlmiş konstruktiv və məsuliyyətli mövqenin real göstəricisidir. Əgər bu yanaşma Ermənistan tərəfindən də düzgün qiymətləndirilib davam etdirilərsə, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün real imkanlar yaranmış olacaq.
Hikmət Həsənov