Azad edilən torpaqlar artıq bərpa deyil, istehsal mərhələsindədir - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilən bölgələrdə bütün dünya üçün nümunə olan genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu proses təkcə infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli və dayanıqlı iqtisadi inkişafın əsasını təşkil edən sənayenin formalaşdırılmasını da əhatə edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu baxımdan ölkənin yeni sənaye və istehsal mərkəzlərinə çevrilməkdədir.
O da xüsusi qeyd edilməlidir ki, sənayenin inkişafı üçün əsas şərt müasir infrastrukturun mövcudluğudur. Son illərdə azad edilmiş ərazilərdə avtomobil və dəmir yollarının, hava limanlarının, enerji və su təchizatı sistemlərinin qurulması sənaye fəaliyyətinin canlanmasına əlverişli zəmin yaradır. Eyni zamanda azad olunan ərazilərdə mövcud resurslar da burada sənayenin inkişafına təkan verir. Bütün bunların konkret nümunəsini fəaliyyəti ilə Prezident İlham Əliyev bilavasitə yerində tanış olduğu Ağdərə rayonunun Canyataq kəndindəki “Dəmirli” Filiz Emalı Kompleksinin timsalında görmək mümkündür. Rəsmi məlumatlara əsasən, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub.
“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır. Xatırlatmaq lazım gəlir ki, 1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarıla bilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib. Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.
Bütün bunlar azad edilmiş ərazilərdə məşğulluq məsələlərinin də uğurla həll edildiyini göstərir. Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bununla bağlı qeyd edib ki, “Dəmirli” Filiz Emalı Kompleksində təqribən 1000-ə qədər iş yeri yaradılacaq: “Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq”.
Qeyd edildiyi kimi azad edilmiş ərazilər təbii sərvətlərlə zəngindir. Burada mövcud olan faydalı qazıntılar, tikinti materialları, mineral su ehtiyatları və münbit torpaqlar sənayenin müxtəlif sahələrinin inkişafı üçün geniş imkanlar açır. Dağ-mədən sənayesi, tikinti materialları istehsalı, metallurgiya və emal sənayesi bu bölgələrdə prioritet istiqamətlər kimi qiymətləndirilir. Xüsusilə yerli xammal əsasında qurulan müəssisələr istehsal xərclərini azaltmaqla yanaşı, regionun iqtisadi potensialını daha səmərəli şəkildə reallaşdırmağa şərait yaradır. Eyni zamanda bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm təkan verir. Elə “Dəmirli” Filiz Emalı Kompleksinin özü də qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkənin ixrac qabiliyyətinin artması baxımından mühüm önəmə malikdir.
Sənayenin inkişafında aqrar-sənaye kompleksinin rolu da xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur əraziləri kənd təsərrüfatı üçün əlverişli iqlimə və torpaq şəraitinə malikdir. Bu isə kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələrin yaradılmasını aktuallaşdırır, qeyd edilən istiqamətdə zəruri addımlar atılır. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da böyük töhfə verir. Bununla yanaşı, dövlət tərəfindən sözügedən ərazilərdə də sənayenin inkişafına xüsusi dəstək göstərilir. Vergi və gömrük güzəştləri, investisiya təşviqi mexanizmləri, sənaye parklarının və sənaye məhəllələrinin yaradılması bu ərazilərə yerli və xarici investorların cəlb olunmasını asanlaşdırır. Məlumdur ki, işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.
“Yaşıl enerji zonası” konsepsiyası çərçivəsində su, günəş və külək enerjisi potensialından istifadə sənaye müəssisələrinin enerji təminatında ekoloji və iqtisadi üstünlüklər yaradır. Bu yanaşma Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə uyğun olaraq “yaşıl sənaye” modelinə keçidini də sürətləndirir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, Prezident İlham Əliyev azad olunan ərazilərə son səfəri çərçivəsində Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Bunlar fonunda o da bəllidir ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 su elektrik stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Cari il ərzində bu göstəricilər daha yüksək rəqəmlərlə ifadə ediləcək.
Görülən bütün bu işlər ona xidmət edir ki, işğaldan azad edilən ərazilərdə sənaye də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı daha dinamik xarakter alır. Qarabağ və Şərqi Zəngəzurun müasir iqtisadi tərəqqi mərkəzlərinə çevrilməsi Azərbaycanın inkişafına yeni təkan verir və ölkənin qüdrətini daha da artırır.
MTM Analitik Qrupu