Kamal Makili-Əliyev: "Azərbaycan artıq orta güc dövləti mərhələsinə çıxır" - RƏY

"Azərbaycan xarici siyasətinin vektorlarını zamanın tələblərinə uyğun genişləndirir".
Bu fikirləri təhlil.az saytına açıqlamasında İsveçin Göteborq Universitetinin baş müəllimi, hüquq elmləri doktoru Kamal Makili-Əliyev deyib.
O bildirib ki, Azərbaycan son illər ərzində əsas xarici siyasət problemini aradan qaldıraraq qonşu dövlətlə münaqişəni həll edib və vaxtilə düşmən münasibətdə olduğu ölkə ilə əlaqələrin bərpası üzərində fəal şəkildə işləyir:
“Bu, çətin və son dərəcə prioritet bir prosesdir. Lakin hazırda bu məsələ əvvəlki qədər mərkəzi yer tutmur və daha aktual müasir geosiyasi çağırışların fonunda ikinci plana keçir”.
Onun sözlərinə görə, Ermənistanla münasibətlərin bərpası məsələsi artıq geosiyasi deyil, ikitərəfli xarakter daşıyır və bu səbəbdən xarici siyasətin əsas gündəliyindən kənara çəkilir.
K. Makili-Əliyev vurğulayıb ki, hazırda əsas vəzifə Azərbaycanın xarici siyasət strukturunun balanslaşdırılması və münaqişə səbəbindən obyektiv olaraq ləngimiş əlaqələrin genişləndirilməsidir:
“Buraya Şərq, Uzaq Şərq və cənub-şərq istiqamətləri daxildir. Eyni zamanda Azərbaycanın Qərb və Şərq kimi iki ciddi geosiyasi mərkəzi birləşdirən qismən deyil, real tranzit dəhlizinə çevrilməsi hədəfi ön plana çıxır”.
Ekspert vurğulayıb ki, münaqişənin həlli, Bakının həm hərbi, həm də geosiyasi baxımdan güclənməsi və həyata keçirilən layihələr Azərbaycanın orta güc dövləti statusuna yüksəlməsinə şərait yaradıb.
Bununla belə, o, geosiyasi risklərin tam aradan qalxmadığını da diqqətə çatdırıb: “Bu o deməkdir ki, Azərbaycan üçün irəli çıxmaq imkanları yaranıb.
Amma iki mühüm məqam var: birincisi, mövcud geosiyasi təhdidlər fonunda son dərəcə ehtiyatlı olmaq lazımdır; ikincisi isə orta güc dövlətinə çevrilmiş kiçik bir ölkə kimi həddindən artıq təkəbbürlü davranışdan çəkinmək vacibdir”.
Onun fikrincə, qonşularla münasibətlərdə də ehtiyatlı və ölçülü xətt qorunmalıdır:
“Məsələn, Gürcüstanla bağlı son hadisələr göstərdi ki, Azərbaycanın yeni ticarət və logistika istiqamətləri açması hamı tərəfindən eyni sevinclə qarşılanmır. Eyni zamanda, İranın hazırkı mürəkkəb vəziyyətini də nəzərə almaq lazımdır. Bütün fərqliliklərə baxmayaraq, İrana qarşı pis qonşu mövqeyi tutmaq düzgün olmaz. Bu, münasibətlərdə soyuqqanlılıq və ehtiyat tələb edən böyük bir dövlətdir”.
Sonda ekspert vurğulayıb ki, Şərqin, xüsusilə Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz maraqlarına cəlb edilməsi düzgün strateji addımdır:
“Şərqdən Qərbə və Qərbdən Şərqə yükdaşımalar üzrə layihələrə şərq tərəfdaşlarının cəlb olunması, nəqliyyat-logistika dəhlizlərinin gücləndirilməsi Azərbaycanın təsir imkanlarını artırır. Bununla yanaşı, ətrafımızdakı bütün geosiyasi güclərlə - hətta münasibətlər neytral və ya soyuq olsa belə balanslı əlaqələrin qorunması vacibdir. Məhz bu yanaşma Azərbaycanın uzun illər həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin əsasını təşkil edir və indi bu balansı tam şəkildə reallaşdırmaq üçün real imkan yaranıb”.
Rasim Babayev