Zəngəzur layihəsinin icrası praktik müstəviyə keçir - TƏHLİL

Cənubi Qafqazda son aylarda müşahidə olunan proseslər regionun yalnız siyasi deyil, eyni zamanda, geoiqtisadi gələcəyinin də yenidən formalaşdığını göstərir. Yanvarın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüş və “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRIPP – Zəngəzur Dəhlizi) icra çərçivəsi ilə bağlı bəyanatın qəbulu 2025-ci il 8 avqust tarixli razılaşmalarnın icrası istiqamətində atılmış növbəti mühüm addımdır.
Zəngəzur – TRIPP layihəsinin icrasına başlanılması mühüm siyasi-psixoloji mərhələ kimi dəyərləndirilə bilər. Belə ki, region üçün strateji əhəmiyyətə malik dəhlizin reallaşması ilk dəfə olaraq texniki və iqtisadi müstəviyə keçir. Çərçivə sənədi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ciddi mübahisə mövzusu olan nəqliyyat-kommunikasiya məsələlərinin ilk dəfə olaraq detallı şəkildə razılaşdırıldığını nümayiş etdirir. Sənəd mahiyyət etibarilə Ermənistan ərazisindən keçərək, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, multimodal tranzit əlaqəsinin qurulmasını bir daha təsdiqləyir.
ABŞ və Ermənistan arasında razılaşdırılan icra çərçivəsi sənədində suverenlik və ərazi bütövlüyü prinsiplərinin bir daha vurğulanması xüsusi diqqət çəkir. Bununla yanaşı, müasir idarəetmə modelləri vasitəsilə tranzit proseslərinin texniki baxımdan sürətləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflığın artırılması nəzərdə tutulur. Bu mexanizm bir tərəfdən Azərbaycanın əsas və prinsipial tələbi olan maneəsiz keçidin təmini, digər tərəfdən Ermənistanın dalan vəziyyətdən çıxması üçün əlverişli şərait yaradır.
Çərçivə sənədinə əsasən, layihənin reallaşmasını ABŞ və Ermənistanın birgə təsis edəcəyi “TRIPP Development Company” şirkəti həyata keçirəcək. Şirkətdə ABŞ-nin 74 faiz paya sahib olması isə Vaşinqtonun layihəyə marağını və strateji yanaşmasını göstərir. Ermənistanın isə layihədə ilkin mərhələdə 26 faiz payla iştirakı, sonrakı mərhələdə bu payın 49 faizə qədər artırılması nəzərdə tutulur. Həmçinin bildirilir ki, səhmdarların strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik üçün ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı tələb olunur. Bu da Ermənistanda hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən aslı olmayaraq, layihənin uzunmüddətli və davamlı olacağından xəbər verir.
TRIPP layihəsinin icrasını həyata keçirəcək şirkətə multimodal infrastrukturun planlaşdırılması, tikintisi, istismarı və xidməti, xüsusi layihə şirkətlərinin yaradılması, podratçılar və operatorlarla müqavilələrin bağlanması, gəlirlərin toplanması və generasiyası, eləcə də marşrutun idarə edilməsi üçün hüquqlar veriləcək. Əməliyyat şirkəti tərəfindən idarə olunacaq obyektlərə dəmir yolu infrastrukturu, avtomobil yolları, körpülər və tunellər, enerji və rəqəmsal infrastruktur (fiber-optik kabellər), həmçinin köməkçi obyektlər və təhlükəsizlik sistemləri daxildir. Bu isə Zəngəzur Dəhlizinin təkcə tranzit əlaqələri deyil, eyni zamanda, yeni iqtisadi zonalar, istehsal-logistika mərkəzləri formalaşdıracağından xəbər verir.
TRIPP-in icrasına rəsmən start verilməsi Azərbaycan üçün postmünaqişə dövründə regionda formalaşan yeni siyasi reallıqların beynəlxalq-hüquqi müstəvidə bir daha təminatı, təsdiqlənməsi deməkdir. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa bağlantının təmini ölkəmizin milli maraqları, iqtisadi-siyasi və hərbi təhlükəsizliyi baxımından vacib əhəmiyyətə malikdir. Ölkəmizin son illərdə Orta Dəhlizin aparıcı iştirakçılarından birinə çevrilməsi də layihənin regional təsir gücünü artırır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, inkişaf etmiş hava nəqliyyatı infrastrukturu TRIPP-in real iqtisadi səmərə verməsi üçün möhkəm baza yaradır.
Ermənistan bu razılaşma ilə beynəlxalq öhdəliklərdən yayınmaq kimi destruktiv mövqedən uzaqlaşdığını, real layihə və konkret mexanizmlər üzərindən regional inteqrasiya prosesinə qoşulmaq niyyətini təsdiq edir. ABŞ isə bu prosesdə həm siyasi vasitəçi, həm də iqtisadi-logistik təşəbbüslərin təşviqçisi kimi çıxış edir. Bu kontekstdə Rubio-Mirzoyan görüşü həm də tərəflərin üzərinə götürdükləri öhdəliklərin icrasına dair məsuliyyətin çərçivə sənədi ilə legitimləşdirilməsi deməkdir. ABŞ-nin prosesdə yaxından iştirakı, razılaşmanın Vaşinqtonda rəsmiləşdirilməsi Ermənistanın öhdəliklərinin icrasına nəzarət mexanizmi yaradır.
Ağ Evin TRIPP layihəsini açıq şəkildə dəstəkləməsi layihənin geosiyasi çəkisini daha da artırır. Bu, regionda alternativ nəqliyyat və logistika marşrutlarına artan maraq fonunda Cənubi Qafqazın strateji əhəmiyyətinin yüksəldiyini göstərir. Orta Dəhliz üzrə yük axınlarının son illərdə 90 faizədək artımı fonunda Zəngəzur Dəhlizinin açılması və qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyası daşınma məsafələrinin və xərclərinin azalmasına səbəb olacaq. Bu isə region ölkələrinin qeyri-neft ixracının genişlənməsi, yeni investisiya axınlarının cəlbi, istehsal zəncirlərinin diversifikasiyası deməkdir. Layihə Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropa arasında yük və sərnişin daşımalarının çevik və təhlükəsiz şəkildə təşkilinə imkan yaradır.
TRIPP layihəsinin icrasına başlanılması Cənubi Qafqaz üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu razılaşma sülh quruculuğu prosesinə ciddi təkan verir, qarşılıqlı etimadı gücləndirir, öhdəliklərin icrasını beynəlxalq gündəliyin mərkəzinə çəkir. Ölkəmizin təşəbbüsü ilə formalaşan regional nəqliyyat siyasəti beynəlxalq aktorların da maraqları ilə üst-üstə düşür.
MTM Analitik Qrupu