Bu gün

Vaşinqton İran məsələsində kompromis axtarmır - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın İranda davam edən etirazlar fonunda rəsmi Tehranla bütün diplomatik əlaqələri dayandırdığını bəyan etməsi Vaşinqton-Tehran münasibətlərində yeni və daha sərt mərhələnin başlandığını göstərir. Trampın açıqlamasında əsas mesaj budur ki, İran hakimiyyəti etirazçılara qarşı zorakılığı dayandırmayana qədər ABŞ Tehranla heç bir dialoqa getməyəcək. Bu, klassik diplomatik təzyiqdən fərqli olaraq, açıq ultimatum xarakteri daşıyır. Diplomatik əlaqələrin tam dayandırılması beynəlxalq praktikada nadir hallarda tətbiq olunur və adətən müharibə öncəsi və ya dərin siyasi böhran mərhələlərində gündəmə gəlir.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Tramp İranla münasibətləri yalnız nüvə proqramı və ya regional siyasət kontekstində deyil, birbaşa daxili siyasi proseslər, yəni etirazlar və hakimiyyətin davranışı üzərindən qiymətləndirir. Bu isə ABŞ-ın İran məsələsində “rejim davranışı”nı əsas meyar kimi qəbul etdiyini göstərir. Donald Trampın iranlı etirazçıları “vətənpərvər” adlandırması və onları mübarizəni davam etdirməyə, dövlət müəssisələrini ələ keçirməyə çağırması ABŞ prezidentləri üçün qeyri-adi və son dərəcə sərt ritorikadır. “Kömək yoldadır. Gəlin, İranı yenidən böyük edək” ifadəsi isə təsadüfi seçilmiş şüar deyil. Bu, Trampın daxili siyasi kampaniyalarında Amerika ilə bağlı istifadə etdiyi konseptinin İran kontekstinə köçürülmüş formasıdır. Bu çağırış faktiki olaraq Vaşinqtonun İran daxilində baş verən proseslərdə neytral müşahidəçi olmadığını, açıq şəkildə etirazçıların tərəfində yer aldığını nümayiş etdirir. Belə mövqe isə Tehran tərəfindən daxili işlərə qarışma və suverenliyə təhdid kimi qiymətləndirilə bilər.

Trampın etirazçıların edam ediləcəyi təqdirdə “çox ciddi tədbirlər” görüləcəyi ilə bağlı bəyanatı ABŞ-nin mümkün cavab variantlarının sərhədlərini açıq saxlayır. Prezidentin vurğuladığı kimi, bu tədbirlər yalnız hərbi müdaxilə ilə məhdudlaşmır. Bura daha sərt iqtisadi sanksiyalar, İranın beynəlxalq maliyyə sistemindən tam təcridi, siyasi-diplomatik təcridin dərinləşdirilməsi, informasiya və texnoloji dəstək mexanizmləri daxil ola bilər. Bu yanaşma göstərir ki, Vaşinqton “təzyiq alətləri paketini” geniş spektrdə saxlayaraq, Tehran üzərində maksimum təsir yaratmağa çalışır.

Onu da qeyd edək ki, ABŞ-İran diplomatik əlaqələrinin kəsilməsi birbaşa olaraq Yaxın Şərqdə gərginliyin artması riskini yüksəldir. İran regionda bir sıra silahlı və siyasi qruplara təsir imkanlarına malikdir və münasibətlərin bu səviyyədə pisləşməsi Fars körfəzində təhlükəsizlik risklərini, İsrail-İran qarşıdurmasının kəskinləşməsini, enerji bazarlarında qeyri-sabitliyi
artıra bilər. Eyni zamanda, bu vəziyyət Rusiya və Çin kimi aktorlar üçün də yeni manevr imkanları yaradır. Tehran Qərblə münasibətlərin tam qırıldığı şəraitdə daha çox Şərqə yönələ və qlobal güclər arasında qarşıdurmanın bir elementi kimi istifadə oluna bilər. Bütün hallarda Donald Trampın İranla bağlı son bəyanatları diplomatik ritorikanın sərhədlərini aşan, açıq siyasi və psixoloji təzyiq strategiyasını əks etdirir. Diplomatik əlaqələrin dayandırılması, etirazçılara birbaşa çağırışlar və mümkün sərt tədbirlərlə bağlı xəbərdarlıqlar göstərir ki, Vaşinqton İran məsələsində kompromis axtarışından çox, nəticəyə hesablanmış riskli xətti seçib. Bu xəttin İran daxilində hansı nəticələr doğuracağı, rejimi zəiflədəcəyi, yoxsa əksinə, daha sərt reaksiyalara səbəb olacağı isə yaxın dövrdə aydınlaşacaq. Aydın olan budur ki, ABŞ-İran münasibətləri artıq klassik diplomatik böhran mərhələsini geridə qoyaraq, daha təhlükəli və qeyri-müəyyən fazaya daxil olub.

MTM Analitik Qrupu 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?