Dünən

Şərqi Asiyada balans axtarışı: Cənubi Koreya prezidentinin Yaponiya səfərinin siyasi mənası - ŞƏRH

Şərqi Asiyada balans axtarışı: Cənubi Koreya prezidentinin Yaponiya səfərinin siyasi mənası

Cənubi Koreya prezidentinin son dövrlərdə apardığı fəal diplomatik xətt regionda Seulun mövqelərini möhkəmləndirməyə yönəlib. Çin səfərindən dərhal sonra Yaponiyaya planlaşdırılan rəsmi səfər Cənubi Koreyanın Şərqi Asiyada balanslı və çoxşaxəli xarici siyasət yürütmək niyyətini açıq şəkildə nümayiş etdirir. Bu ardıcıllıq Seulun regional proseslərdə passiv müşahidəçi deyil, aktiv oyunçu olmaq istəyindən xəbər verir.

13-14 yanvar tarixlərində baş tutacaq Yaponiya səfəri liderlər səviyyəsində davamlı dialoqun qorunmasına xidmət edir. Bu formatın əsası əvvəlki prezident Yun Sok Yol dövründə qoyulsa da, Li Cemyön bu praktikadan imtina etməməsi ölkənin xarici siyasətində institusional davamlılığın mövcud olduğunu göstərir. Bu da onu deməyə əsas verir ki, Yaponiya ilə münasibətlər Cənubi Koreya üçün taktiki deyil, strateji xarakter daşıyır.

Səfər çərçivəsində gündəmdə olan mövzular münasibətlərin çoxölçülü mahiyyətini ortaya qoyur. İqtisadi əməkdaşlıq və mədəni mübadilələrlə yanaşı, süni intellekt sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi tərəflərin gələcəyə hesablanmış əməkdaşlıq modelinə üstünlük verdiyini göstərir. Bu, həm də texnoloji rəqabətin kəskinləşdiyi qlobal şəraitdə Koreya və Yaponiyanın bir-birini tamamlayan potensiala malik olduqlarını təsdiqləyir.

Bununla yanaşı, təhlükəsizlik məsələləri də mühüm yer tutur. Çin-Yaponiya münasibətlərində artan gərginlik və Pekinin ikili təyinatlı məhsulların ixracına tətbiq etdiyi məhdudiyyətlər regionda yeni risklər yaradır. Bu kontekstdə Seul və Tokio arasında təhlükəsizlik dialoqu təkcə ikitərəfli deyil, həm də regional sabitlik baxımından əhəmiyyət kəsb edir. Hər iki ölkə üçün əsas məqsəd açıq qarşıdurmadan qaçaraq risklərin idarə olunmasıdır.

Lakin bütün bu müsbət gündəmə baxmayaraq, ikitərəfli münasibətlərdə problemli məqamlar da qalmaqdadır. Tokto adaları ətrafında mövcud olan ərazi mübahisəsi ötən il planlaşdırılan birgə hərbi təlimlərin ləğvinə səbəb olmuşdu. Bu hadisə göstərdi ki, tarix və ərazi məsələləri birbaşa gündəmdə olmasa belə, münasibətlərin dərinləşməsi üçün ciddi maneələr yarada bilər.

Hazırkı mərhələdə nə Seul, nə də Tokio münasibətlərin əsas oxunu bu problemə çevirmək niyyətində deyil. Tərəflər daha çox praqmatik yanaşma nümayiş etdirərək, mübahisəli mövzuları arxa plana keçirmək və əməkdaşlığın davamlılığını təmin etmək yollarını axtarırlar. Bu baxımdan, Li Cemyön və Takaiçinin görüşündə əsas diqqətin kompromis mexanizmlərinə və gərginliyin idarə olunmasına yönələcəyi ehtimal olunur.

Ümumilikdə, Cənubi Koreya prezidentinin Yaponiyaya səfəri regionda dəyişən geosiyasi balanslar fonunda Seulun çevik və hesablanmış xarici siyasət kursunun tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu səfər münasibətlərdəki ziddiyyətləri tam aradan qaldırmasa da, dialoqun davam etdirilməsi və qarşılıqlı etimadın qorunması baxımından mühüm addım hesab olunur.

Hikmət Həsənov

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?