Tofiq Zülfüqarov: Venesuela ABŞ-nin enerji strategiyasının tərkib hissəsidir - RƏY

“ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət ABŞ-nin qlobal miqyasda hegemon mövqe əldə etməsinə yönəlib”.
Bu fikirləri təhlil.az saytına Azərbaycanın sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov açıqlamasında deyib.
O bildirib ki, Vaşinqtonun Venesuelada həyata keçirdiyi son addımlar ABŞ-nin ilk dəfə tətbiq etdiyi yanaşma deyil.
Onun sözlərinə görə, daha əvvəl İraqda, Əfqanıstanda da oxşar ssenarilər müşahidə olunub və həmin ölkələrdə ordu, hərbi elita ciddi müqavimət göstərməyib.
“Venesuelada baş verənləri hərbi əməliyyat kimi yox, xüsusi əməliyyat kimi dəyərləndirmək daha doğru olar. Maduronun mühafizəçilərinin hamısının eyni anda kar, kor olması və ya yuxuya getməsi mümkün deyil. Bu, ABŞ-nin öz milli maraqları çərçivəsində apardığı planlı siyasətin tərkib hissəsidir. Tramp bu gün açıq şəkildə bəyan edir ki, ABŞ dünya miqyasında siyasi, iqtisadi, texnoloji və hərbi hegemon olmalıdır. Bu məqsədlərə çatmaq üçün isə Vaşinqtonun enerji resursları və faydalı qazıntılar üzərində nəzarəti təmin etməsi vacibdir. Venesuelada baş verənlər də məhz bu strategiyanın həyata keçirilməsidir”, - deyə T. Zülfüqarov qeyd edib.
O xatırladıb ki, indiyədək ABŞ-nin iradəsinə tam tabe olmayan ölkələr Venesuela, Rusiya və İran idi.
“Venesuelanın enerji imkanları artıq faktiki olaraq Vaşinqtonun nəzarətinə keçib. Rusiya və İrana münasibətdə isə bu nəzarət sanksiyalar vasitəsilə həyata keçirilir. İrana qarşı isə ABŞ İsraillə birlikdə müəyyən hərbi əməliyyatlar da aparır. Tramp ardıcıl şəkildə enerji resursları üzərində nəzarət mexanizmlərini genişləndirir”.
Eks-prezident vurğulayıb ki, Vaşinqton siyasətinin ikinci əsas istiqaməti mühüm dəniz və quru kommunikasiya xətlərinə nəzarətdir:
“Panama kanalı, Qrenlandiya, Süveyş kanalı, Bab-əl-Məndəb boğazı ətrafında atılan addımlar bunun bariz nümunəsidir. Bütün bunlar ABŞ-nin dünyada dominant mövqe qurmasına xidmət edir”.
T. Zülfüqarov əlavə edib ki, ABŞ prezidenti Donald Trampın ideologiyası kifayət qədər sadədir: “ABŞ planetin əsas hegemon gücü olmalıdır”.
Rasim Babayev