07 yanvar

Ekspert: "Tramp Amerika qitələrini nəzarət altına almaq istəyir" - ŞƏRH

"ABŞ Prezidenti Donald Tramp hazırda Şimali və Cənubi Amerika üzərində Amerikanın nəzarətini təmin etməyə yönəlmiş siyasət həyata keçirir".

Bu fikirləri təhlil.az saytına açıqlamasında Gürcüstan Strateji Təhlil Mərkəzinin geosiyasi araşdırmalar üzrə rəhbəri, siyasi elmlər doktoru, politoloq Vaxtanq Maisaya bildirib.

Onun sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronun oğurlanmasına cəhd xarakterli əməliyyat təşkil etməklə Donald Tramp şüuraltı şəkildə birqütblü dünya nizamı qurmaq niyyəti güdür:

“Əslində Tramp böyük və kiçik Corc Buşun taktika və strategiyasını təkrarlayır. Buş ata 1989-cu ildə Panamada oxşar əməliyyat həyata keçirmiş və Manuel Norieqanı ölkədən çıxarmışdı. Həmin dövrdə Norieqa ABŞ-nin milli maraqlarına qarşı fəaliyyət göstərən narkokartelləri maliyyələşdirməkdə ittiham olunurdu”. 

Politoloqun fikrincə, Corc Buş atanı bu addımı atmağa vadar edən əsas məqsəd Panama kanalına nəzarəti ələ keçirmək idi:  

"Çünki Vaşinqton bu kanalı qlobal Amerika siyasətinin əsas dayaqlarından biri hesab edirdi".

V. Maisaya xatırladıb ki, oxşar ssenari 2003-cü ildə Buş oğul tərəfindən də tətbiq olunub:

“Buş oğul İraqa müdaxilə edərkən bunu guya Səddam Hüseynin kütləvi qırğın silahlarına çıxışının qarşısını almaq bəhanəsi ilə əsaslandırmışdı. Əslində isə, Venesuela nümunəsində olduğu kimi, Vaşinqton ABŞ üçün qəbuledilməz sayılan rejimlərin dəyişdirilməsi məqsədilə əməliyyatlar həyata keçirirdi. ABŞ eyni yanaşma ilə 1983-cü ildə Qrenadaya da hərbi müdaxilə etmişdi”. 

Ekspert ABŞ lideri Donald Trampın Meksika, Kolumbiya, Kuba və Qrenlandiya ilə bağlı mümkün planlarına da toxunub.

“Hesab edirəm ki, Tramp Qrenlandiya ilə bağlı planlarından geri çəkilməyəcək. O, Danimarka ilə razılaşaraq Qrenlandiya ərazisində Amerika hərbi bazasının yerləşdirilməsinə nail olmağa çalışacaq. Kubaya gəldikdə isə, Tramp Karib böhranı dövründə olduğu kimi adanın blokadasını təşkil edə bilər. Kolumbiya və Meksika ilə isə ABŞ Prezidenti razılığa gələcək. Tramp bu ölkələrə narkokartellərə qarşı birgə "təmizləmə əməliyyatları" aparmağı təklif edəcək”, – deyə, o əlavə edib. 

Rasim Babayev  

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?