07 yanvar

Rizvan Hüseynov: "Azərbaycan çoxvektorlu siyasət sayəsində milli maraqlarını qoruyur" - RƏY

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə olduqca maraqlı və məzmunlu olub. Bu müsahibədə Azərbaycan dövlətinin regional və beynəlxalq siyasətə dair mövqeyi, eləcə də daxili proseslərlə bağlı yanaşması bir çox məqamlar üzrə aydın şəkildə izah edilib.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Bakı qlobal güc balansında ABŞ və Çinin rolunu nəzərə alır, Rusiya və İran amili isə artıq Azərbaycan üçün əvvəlki qədər aktual deyil:

“Biz görürük ki, Moskva artıq ‘Şimal–Cənub’ layihəsinin mümkün marşrutunun Türkmənistan ərazisindən keçərək İrana çıxması barədə razılaşmalar aparır. Bu isə yeni reallıqdır”.

Rizvan Hüseynov vurğulayıb ki, bu layihənin reallaşması bir sıra suallar doğurur:

“Əsas sual ondan ibarətdir ki, İran ərazisindən keçəcək bu infrastrukturun maliyyələşdirilməsini kim üzərinə götürəcək. Çünki marşrut daha uzun və relyef baxımından olduqca mürəkkəbdir. Hər bir halda, Rusiya və İran bu proseslərlə özlərini regional layihələrdə müəyyən rıçaqlardan və iştirak imkanlarından məhrum etmiş olurlar”.

Ekspertin fikrincə, hazırda qlobal proseslərdə əsas rol ABŞ və Çinə məxsusdur və Azərbaycan Pekinlə münasibətlərində bu reallığı nəzərə alacaq:

“Çin öz siyasətini və gücünü əsasən investisiyalar üzərindən qurur. Pekin adətən investisiya yatırır, kredit verir, infrastruktur inşa edir və sonradan bu ölkələrə təsir mexanizmləri formalaşdırır. Azərbaycan isə istisnadır. Bakı ilə Çin arasında Ermənistan və Gürcüstanda olduğu kimi bir asılılıq formatı mövcud deyil”, – deyə Hüseynov vurğulayıb.

O qeyd edib ki, İrəvan və Tbilisi nümunəsində Çin investisiyalarının rolunun nə qədər böyük olduğu aydın görünür:

“ABŞ ilə də münasibətlərimiz spesifik xarakter daşıyır və biz bu formatda öz maraqlarımızı maksimum dərəcədə qorumağı bacarmışıq. Böyük güclərin maraqlarının toqquşması Azərbaycana öz milli maraqlarını müdafiə etmək üçün əlavə imkanlar yaradır. Oyunçuların sayı nə qədər çoxdursa, Azərbaycan üçün əldə edilə biləcək fayda da bir o qədər böyükdür”.

R. Hüseynov əlavə edib ki, müstəqil Azərbaycanın 30 illik inkişaf təcrübəsi mühüm nəticələr çıxarmağa imkan verib:

“Biz artıq yaxşı anlayırıq ki, beynəlxalq hüquq anlayışı praktikada işləmir. Ona görə də bir çox kiçik dövlətlərdən fərqli olaraq, yumurtaları bir səbətə yığmağın nə qədər təhlükəli olduğunu bilirik. Azərbaycanın çoxvektorlu xarici siyasət yürütməsi məhz bu reallığın nəticəsidir”.

Rasim Babayev 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?