07 yanvar

İstilik sistemi olmayan evlərin sayı azalır – MTM-in sorğu nəticələri

Bir neçə il əvvəl istilik bir çox ailələr üçün yalnız qış aylarında ortaya çıxan mövsümi problem kimi qəbul olunurdu. Bu gün isə mənzərə dəyişib: evlərdə istilik artıq müvəqqəti çıxış yolu deyil, yaşayış rahatlığının əsas standartlarından biri kimi formalaşır.

Təhlil.az xəbər verir ki, bunu Media Təhlil Mərkəzinin (MTM) 2021, 2022 və 2025-ci illərdə keçirdiyi sorğuların nəticələri açıq şəkildə təsdiqləyir.

Qeyd olunmalıdır ki, təqdim edilən nəticələr və qənaətlər birbaşa sorğu iştirakçılarının verdiyi cavablar əsasında formalaşıb.

Sorğuların nəticələrinə əsasən, son illərin ən diqqətçəkən dəyişikliklərindən biri mərkəzləşdirilmiş istilik sistemlərinin yayılmasıdır. 2021–2025-ci illər arasında ümumi istilik sistemindən istifadə edən evlərin payı iki dəfədən çox artaraq 37,3 faizə çatıb. Respondentlərin cavabları göstərir ki, bu artım əsasən şəhər mühitinin yenilənməsi, yeni yaşayış komplekslərinin istifadəyə verilməsi və uzunmüddətli, stabil istilik həllərinə üstünlük verilməsi ilə bağlıdır.

Eyni zamanda, kombi sistemləri də mövqelərini qoruyub saxlayır. Sorğu iştirakçılarının cavablarına əsasən, demək olar ki, hər ikinci evdə kombi sistemi istifadə olunur. Göstəricilərin illər üzrə ciddi dəyişməməsi onu göstərir ki, vətəndaşlar artıq seçim mərhələsini geridə qoyub və kombini şüurlu, düşünülmüş qərar kimi dəyərləndirirlər. İstiliyə fərdi nəzarət imkanı, xərclərin optimallaşdırılması və gündəlik rahatlıq bu seçimin əsas səbəbləri kimi göstərilir.

Sorğuların nəticəsi həm də onu üzə çıxarır ki, müvəqqəti və az səmərəli isinmə üsulları tədricən aktuallığını itirir. Elektrik sobalarından və odunla isinmədən istifadə edən evlərin sayı azalır, istilik sistemi olmayan mənzillərin payı isə ildən-ilə aşağı düşür. Cavablarda əks olunan bu dəyişikliklər daha dərin sosial transformasiyadan xəbər verir. Yaşayış keyfiyyətinə olan tələblər artır və istilik artıq lüks hesab edilmir, normal həyat şəraitinin ayrılmaz elementi kimi qəbul olunur.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?