07 yanvar

Neft ölkəsindən yaşıl enerji mərkəzinə gedən yol - ŞƏRH

Müasir dövrdə enerji siyasəti dövlətlərin iqtisadi gücünü, siyasi çəkisini və uzunmüddətli inkişaf potensialını müəyyən edən əsas amillərdən biridir. Qlobal miqyasda yaşıl enerjiyə keçidin sürətlənməsi, ölkələrin bərpaolunan enerji mənbələrinə üstünlük verməsi təkcə ekoloji çağırışlarla bağlı deyil, eyni zamanda təhlükəsizlik, iqtisadi dayanıqlılıq və yeni texnologiyalara çıxış baxımından da vacib hesab olunur.

Bu qlobal tendensiyadan kənarda qalmayan Azərbaycanın son illər əldə etdiyi uğurlu nəticələr göstərir ki, ölkə artıq bərpaolunan enerji sahəsində mühüm mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bu mövzuya xüsusi toxunması ölkəmizin yeni enerji doktrinasının əsas hədəfləri barədə dolğun təsəvvür yaradır. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinin yalnız cari ehtiyaclara deyil, həm də uzunmüddətli inkişafa hesablandığını nümayiş etdirir.

Respublikamız yeni neft diplomatiyasının məntiqi davamı olaraq təbii qazın Qərb bazarlarına nəqli strategiyasını uğurla reallaşdırmaqla yanaşı, alternativ və bərpaolunan enerjiyə keçidi nəzərdə tutan qlobal layihələrə, yaşıl enerji dəhlizlərinə də müəlliflik edir. Başqa sözlə, uzun illər daha çox neft-qaz ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji siyasəti son dövrlərdə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Ekoloji təmiz mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması bir tərəfdən atmosferə atılan qaz emissiyalarının azaldılması yolu ilə ölkəmizin iqlim öhdəliklərinin yerinə yetirilməsinə, digər tərəfdən isə Avropa İttifaqı və digər region dövlətlərinə yaşıl enerji ixracının genişləndirilməsinə, yaşıl ixrac dəhlizlərinin yaradılmasına xidmət edir.

Ümumilikdə, son beş ildə Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlərin investisiyaları hesabına günəş və külək elektrik stansiyalarının tikintisinə başlanılması, bu sahədə yeni layihələrin reallaşdırılması ölkəmizə olan yüksək etimadın göstəricisidir. Hazırda bu sahədə əsas investorlardan biri BƏƏ-nin “Masdar” şirkətidir. Şirkət 2023-cü ildə 230 meqavat gücündə günəş elektrik stansiyasını inşa edib. Yaxın vaxtlarda isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikilən 240 meqavatlıq stansiyanın istismara verilməsi gözlənilir. Eyni gücə malik növbəti stansiyanın bp tərəfindən Cəbrayıl rayonunda inşa olunması bu prosesin davamlı xarakter daşıdığını göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son dövrlərdə Çin şirkətlərinin ölkəmizdə bərpaolunan enerji sahəsinə artan marağı xüsusi diqqət çəkir. Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə start verilməsi, elektriklə işləyən avtobusların yığılmasına başlanılması göstərir ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda sənaye və texnologiya imkanlarını da genişləndirir. Rəsmi Bakı yaşıl enerji ilə yanaşı, yaşıl nəqliyyatın inkişafı məqsədilə Çin şirkətlərini strateji tərəfdaş kimi seçib.

Yürüdülən strategiyanın əsas məqsədlərindən biri Azərbaycanın mövcud təbii potensialından maksimum istifadə etməkdir. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, ölkənin külək enerjisi potensialı 150 giqavatdan artıqdır. Günəşli günlərin çoxluğu həm Bakı ətrafında, həm də regionlarda günəş enerjisindən səmərəli istifadəyə geniş imkanlar yaradır. Xəzər dənizinin külək potensialı da nəzərə alındıqda, ölkəmizin bu sahədə böyük imkanlara malik olduğu aydın görünür. Bu resurslardan səmərəli istifadə dayanıqlı inkişaf baxımından son dərəcə zəruridir.

Bu layihələrə xarici şirkətlərlə yanaşı, yerli şirkətlərin də cəlb olunması diqqət mərkəzində saxlanılır. Dövlətin çağırışına cavab olaraq yerli şirkətlər bərpaolunan enerji sektoruna daxil olmağa başlayıblar. Sahənin gəlirli olması və ölkə üçün strateji əhəmiyyət daşıması yerli biznes üçün yeni imkanlar açır.

Günəş və külək elektrik stansiyalarının ümumi xəritəsinin təsdiqlənməsi də bu sahədə planlı və sistemli yanaşmanın mövcudluğunu təsdiqləyir. Sözügedən xəritə quruda, dənizdə, eləcə də azad edilmiş ərazilərdə yerləşəcək stansiyaları əhatə edir. Qarşıda duran əsas vəzifələrdən biri istehsal edilən enerjinin qəbulu və ötürülməsi imkanlarının genişləndirilməsidir. Mövcud planlara əsasən, 2030-cu ilə qədər ölkədə 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat bərpaolunan enerji sistemə daxil ediləcək. Bu həcmlərin səmərəli istifadəsi üçün enerji şəbəkələrinin gücləndirilməsi vacibdir.

Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi siyasətin əsas üstünlüklərindən biri bu resursların yalnız daxili tələbat üçün deyil, eyni zamanda ixrac yönümlü planlaşdırılmasıdır. Ölkəmiz son illərdə yaşıl enerji istehsalçısı və ötürücüsü kimi regional rolunu gücləndirir və bu istiqamətdə ardıcıl addımlar atır. Bu yanaşma Azərbaycanın gələcəkdə Avropa və region ölkələri üçün etibarlı yaşıl enerji mərkəzinə çevrilməsini mümkün edir. Qara dəniz üzərindən elektrik kabeli layihəsi, eləcə də Xəzər dənizinin dibi ilə Qazaxıstan və Özbəkistanla kabel bağlantısının yaradılması Azərbaycanın enerji ixrac coğrafiyasını genişləndirə bilər.

Bərpaolunan enerjinin payının artması eyni zamanda təbii qaza qənaət edilməsinə şərait yaradır. Daxili istehlakda qənaət olunan qaz isə ixrac üçün əlavə imkanlar açır. Bu məqsədlə qaz infrastrukturunun genişləndirilməsi istiqamətində müvafiq işlər aparılır.

Rəsmi Bakı dövlətlərin yaşıl enerjiyə keçidinin vacibliyini təşviq etməklə yanaşı, məsələyə realist və praqmatik yanaşma sərgiləyir, qalıq enerjidən yaxın onilliklərdə istifadənin tamamilə dayandırılmasını qeyri-mümkün hesab edir. Müasir dövrdə alternativ enerjiyə keçid nə qədər zəruri olsa da, dünya ölkələrinin qalıq enerji asılılığı hələ uzun müddət davam edəcək. Bu gün qlobal iqtisadiyyat və sənaye üçün mühüm əhəmiyyət daşıyan dövlətlər və transmilli şirkətlər böyük həcmdə neft-qaz idxalına məhkumdurlar. Bu asılılığın alternativ mənbələr hesabına qısa müddətdə tam aradan qaldırılması real deyil.

MTM Analitik Qrupu 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?