Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyinin, ortaq kimliyinin və Vətənə bağlılığının rəmzidir. Bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və dövlətçilik dəyərlərimizin qorunması ideyası ətrafında birləşdirir. Həmrəylik Günü xalqımızın tarixi yaddaşına, müstəqillik ruhuna və ümummilli ideyaya söykənən birliyin təntənəsi kimi qəbul olunur.
Bu günün rəsmi status alması 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında qəbul edilmiş qərarla başlanıb və həmin ilin dekabrın 25-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması ilə rəsmiləşdirilib. Bu qərar müstəqil Azərbaycanın diaspor siyasətinin əsasını qoyan mühüm tarixi addım olub.
Sonrakı illərdə dünya azərbaycanlılarının təşkilatlanması və birliyinin gücləndirilməsi ardıcıl şəkildə davam etdirilib. 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı diaspor hərəkatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb və azərbaycanlıların milli özünüdərkini daha da möhkəmləndirib. Ulu Öndərin bu qurultaydakı “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri dünya azərbaycanlılarının mənəvi şüarına çevrilib.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə diaspor fəaliyyəti daha məqsədyönlü xarakter alıb, dünya azərbaycanlıları milli maraqların müdafiəsində vahid mövqedən çıxış etməyə başlayıblar. Xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları zamanı dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik xalqımızın sarsılmaz birliyinin bariz nümunəsi olub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu gün azərbaycanlıların qlobal miqyasda gücünü, birliyini və milli qürurunu ifadə edir. Bu tarix bizi bir millət kimi daha da yaxınlaşdırır, keçmişimizə hörmətin, bu günümüzün dəyərləndirilməsinin və gələcəyə inamla baxmağın simvolu kimi həmrəyliyimizin əbədi olduğunu bir daha təsdiqləyir.