İqtisadi böhran İranda etirazlara çevrildi: hökumətin qarşısında çətin seçimlər - ŞƏRH

Son üç ilin ən böyük etirazları İran milli valyutasının ABŞ dollarına qarşı kəskin şəkildə dəyərdən düşməsi və Mərkəzi Bankın sədri Fərzin istefası ilə başlanıb. Valyutanın sürətlə dəyər itirməsi əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərib, ərzaq, dərman və digər əsas malların qiymətlərini kəskin şəkildə artırıb. Bu vəziyyət xüsusilə kiçik və orta sahibkarlar, bazar ticarətçiləri və gündəlik həyatda orta təbəqəyə mənsub vətəndaşlar üçün ağır yük yaradır. Nəticədə iqtisadi narazılıq ictimai etirazlara çevrilib və insanlar Tehranın mərkəzi küçələrinə çıxaraq hökumətdən dərhal tədbir görməsini tələb etməyə başlayıblar.
Etirazların episentri Tehranın mərkəzi və paytaxtın Böyük Bazarının yaxınlığında yerləşən Şuş rayonudur, lakin hadisələr digər böyük şəhərlərə, yəni, İsfahan, Şiraz və Məşhədə də yayılıb. Şahidlərin məlumatına görə, bazar sahibləri və tacirlər gündəlik fəaliyyətlərini dayandıraraq etirazlara qatılıb. Bu, narazılığın sadəcə bir qrup və ya sektorla məhdudlaşmadığını, ümumxalq xarakteri aldığını göstərir. Polis etirazların qarşısını almaq üçün bəzi bölgələrdə göz yaşartıcı qazdan istifadə edib, lakin bu, etirazların səviyyəsini daha da kəskinləşdirə bilər və əhali ilə dövlət arasında etimadsızlığı artırır.
İqtisadi səbəblərə diqqət yetirəndə, valyutanın sürətlə dəyərdən düşməsi, bank sektorundakı qeyri-sabitlik və inflyasiya etirazların əsas təkanverici amilləridir. Dollar qarşısında rialın dəyər itkisi və idxal mallarının qiymət artımı əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Həmçinin, bazar iqtisadiyyatı ilə məşğul olan kiçik sahibkarlar da qiymət dalğalanmalarına qarşı həssasdır və bu, onların gəlirinə və fəaliyyətinə ciddi təhlükə yaradır. Bu şəraitdə iqtisadi etirazlar sadəcə siyasi yox, həm də iqtisadi narazılığın ifadəsi kimi qiymətləndirilə bilər.
Hökumət isə vəziyyətə həm iqtisadi, həm də siyasi tədbirlər vasitəsilə reaksiya göstərməyə çalışır. Prezident Pezeşkian etirazçıların dinlənilməsini və problemlərin həlli üçün bütün səylərin göstərilməsini əmr edib. Onun sosial mediada paylaşdığı açıqlamalar göstərir ki, pul və bank sistemində islahatlar, alıcılıq qabiliyyətinin qorunması və vətəndaş rifahının təmin edilməsi prioritet tədbirlər sırasındadır. Prezidentin daxili işlər naziri vasitəsilə etirazçıların nümayəndələri ilə dialoqun təşkili təşəbbüsü isə hökumətin məsələyə siyasi yolla yanaşdığını göstərir. Bu addım həm də ictimai etimadın bərpası və dialoq mədəniyyətinin təşviqi üçün vacib hesab olunur.
Geniş etirazların davam etməsi İran hökumətini bir neçə əsas sahədə tədbir görməyə məcbur edə bilər. Birincisi, maliyyə və valyuta siyasətində islahatlar nəzərdə tutulub. Bu, milli valyutanın stabilləşdirilməsi, inflyasiyanın idarə olunması və xarici valyuta bazarına müdaxilə deməkdir. İkincisi, sosial dəstək proqramlarının gücləndirilməsi isə aşağı gəlirli təbəqələr üçün subsidiyalar, ərzaq və dərman təminatının yaxşılaşdırılmasıdır. Üçüncüsü, siyasi dialoq və kommunikasiya, yəi etirazçıların tələblərinin dinlənməsi və hökumətin məsuliyyətli və şəffaf fəaliyyətinin nümayiş etdirilməsi mənasına gəlir. Dördüncüsü isə ticarət və sahibkarlığın qorunması, bazar fəaliyyətinin bərpası və ticarətçilərin risklərinin azaldılmasıdır.
Nəticədə, İran hökumətinin qarşısında həm iqtisadi, həm sosial, həm də siyasi çətinlikləri balanslı şəkildə idarə etmək və milli valyutanın dəyərini qorumaq prioritetdir. Prezident Pezeşkianın açıqlamaları göstərir ki, hökumət hər iki sahədə: iqtisadi və siyasi sahələrdə tədbirlərin balanslı şəkildə həyata keçirilməsinə çalışır. Lakin bu proses həm vaxt, həm resurs, həm də ciddi planlaşdırma tələb edir, çünki etirazların dərinləşməsi həm iqtisadi sabitliyi, həm də sosial təhlükəsizliyi təhlükəyə ata bilər.
Hikmət Həsənov