Bu gün

2025-ci il: Azərbaycan üçün mühüm diplomatik uğurlar mərhələsi - TƏHLİL

Yola saldığımız 2025-ci ildə ildə hücum diplomatiyasını davam etdirən Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumən Avropa geosiyasi arealında milli maraqlarını təmin etməyə, konkret mərhələ üçün müəyyənləşdirdiyi strateji hədəfləri reallaşdırmağa nail olub. İqtisadi və hərbi potensialı, beynəlxalq əlaqələri rəsmi Bakıya hansısa güc mərkəzindən asılı olmadan qarşıya qoyduğu hədəflərə doğru inamla addımlamaq imkanı yaradıb.

Milli təhlükəsizliyin qlobal təhdidlərdən qorunması, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması, regional və qlobal əməkdaşlığın dərinləşdirilməsi xarici siyasətin əsas hədəfləri kimi dəyişməz qalıb. Öhdəliklərinə sadiq tərəfdaş olması rəsmi Bakının müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterinə də pozitiv təsirini göstərib. Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, müxtəlif beynəlxalq qurumlarla münasibətlərinin inkişafı, diaspor və lobbi quruculuğu, Ermənistan üzərində hərbi-siyasi üstünlüyünün gücləndirilməsi, danışıqlar prosesinin yeni geosiyasi reallığa, milli maraqlara uyğun aparılması kimi vacib məsələlər xarici siyasətdə prioritet təşkil edib.

Dövlət başçısı İlham Əliyevin il ərzində Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Türkiyə, Çin Xalq Respublikası, Albaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkmənistan, Danimarka, Tacikistan, Misir, Qazaxıstan, Özbəkistan və Slovakiyaya səfərləri ölkəmizin iki və çoxtərəfli əlaqələrinə ciddi təkan verib. Cari il ölkəmizin Türk Dövlətləri Təşkilatı (TDT) və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı baxımından mühüm mərhələ olub. Bu ili iyulun 4-də Xankəndidə İƏT-in 17-ci, oktyabrın 7-də Qəbələdə TDT-nin 12-ci zirvə görüşlərinin keçirilməsi bu baxımdan mühüm nəticələrlə yaddaqalan olub.

Rusiya-Ukrayna müharibəsi və digər qlobal proseslərin aktuallaşdırdığı çağırışlar fonunda il ərzində strateji müttəfiqlər – Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və iqtisadi əlaqələr, habelə təhlükəsizlik sahələrində əməkdaşlıq güclənib. Mayın 28-də Laçında keçirilən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin Zirvə görüşü bu xüsusda diqqəti xüsusilə cəlb edib. Dost ölkələrin rəhbərlərinin noyabrın 8-də Bakıda tarixi Zəfərin 5 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradda iştirakı da hərbi-siyasi əməkdaşlıqla bağlı dünyaya verilən vacib mesaj olub.

İl ərzində Ermənistandakı revanşist qüvvələrin və onların xaricdəki havadarlarının qarayaxma kampaniyasının qarşısının alınması, yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə izah olunması istiqamətində ardıcıl, sistemli və qətiyyətli siyasət yürüdülüb. Paralel olaraq, rəsmi İrəvanla ölkəmizin irəli sürdüyü sülh gündəliyi əsasında danışıqlar davam etdirilib, Qəbələdə birgə delimitasiya komissiyasının iclası keçirilib, etimad quruculuğu istiqamətində mühüm addımlar atılıb.

2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə suverenliyini tam təmin edən Azərbaycan 2025-ci ildə daha bir mühüm uğura imza atıb. Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə, habelə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in paraflanması Cənubi Qafqazda münaqişə səhifəsinin tam bağlanmasını, mövzuya siyasi-hüquqi baxımdan nöqtə qoyulmasını təmin edib. Bu sənəd iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyumaqla yanaşı, Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin və revanşist qüvvələrin iflasını təmin edib.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş mühüm razılaşmalar sülh və etimad quruculuğu ilə yanaşı, Zəngəzur Dəhlizinin – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nın reallaşmasına da vacib töhfə olub. Vaşinqton görüşü, bu mənada, iqtisadi və siyasi baxımdan yeni reallıqlar yaradaraq, Cənubi Qafqazda kommunikasiyaların, ticarət əlaqələrinin bərpası, qarşılıqlı etimadın möhkəmlənməsi baxımından yeni səhifə açıb.

Bu ilin oktyabr ayında Ermənistana ölkəmizin ərazisi ilə yük daşınması üçün məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstan taxılının bu ölkəyə daşınması göstərdi ki, Bakı sülhə nail olmaq niyyətini real addımlarla sübut edir. Dekabrın 18-də SOCAR tərəfindən yerli mənşəli benzinin Ermənistana tədarükü isə iqtisadi əməkdaşlıq mərhələsinə keçidin göstəricisi olub. Bunlar onilliklər boyu bir-biri ilə hərbi-siyasi qarşıdurma şəraitində olan iki ölkə arasında yeni və sivil münasibətlər modelinin formalaşdırılmasına doğru atılan inamlı addımlardır.

Azərbaycanla ABŞ arasında münasibətlər Vaşinqton görüşündən və əldə edilmiş razılaşmalardan sonra strateji mərhələyə qədəm qoyub. Bu görüşün ölkəmiz üçün digər bir mühüm nəticəsi ABŞ-nin maliyyə yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin hüquqi qüvvəsinin tam ləğvi istiqamətində atılan addımlardır.

2025-ci il ərzində ölkəmizin Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrində də yüksək dinamizm müşahidə edilib. Azərbaycan Suriyada humanitar missiyada yaxından iştirak etməklə yanaşı, avqust ayından bu ölkəyə təbii qazın nəqlinə başlayıb.

Ümumilikdə, bu gün Azərbaycanın yürütdüyü xarici siyasətin regionda sülh və təhlükəsizliyə xidmət etməsi, sabitləşdirici rol oynaması beynəlxalq səviyyədə açıq etiraf olunur.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?