Azərbaycan cari ildə Cənubi Qafqazda sülh və əməkdaşlıq istiqamətində mühüm nailiyyətlərə imza atdı - TƏHLİL

Başa çatmaqda olan ilin yekunları arasında ən çox diqqət cəlb edən hadisələrdən biri Azərbaycanın Cənubi Qafqazda sülh təşəbbüsləri və bunun konkret nəticələridir. Ümumiyyətlə, ölkəmizin 2025-ci ildə Cənubi Qafqazda sülh təşəbbüsləri regional sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli əməkdaşlığın qurulması və qarşılıqlı etimadın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusən də İkinci Qarabağ savaşından sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın sülh gündəmi təkcə ikitərəfli münasibətlər müstəvisində deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi prizmasından həyati önəm kəsb edir. Ölkəmiz faktiki olaraq, Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq və inkişaf məkanına çevirir.
Azərbaycanın sülh siyasətinin əsas xətti suverenlik və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq normalarına sadiqlik və daxili işlərə qarışmama prinsiplərinə söykənir. Bakı rəsmi şəkildə bəyan edir ki, regionda davamlı sülh yalnız bu fundamental prinsiplər əsasında mümkündür. Sözügedən yanaşma, xüsusilə uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsindən sonra yeni münasibətlər modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Real vəziyyətin təhlili göstərir ki, Azərbaycanı yanaşması Ermənistanda da artıq mütləq çoxluq tərəfindən qəbul edilir. Bu mənada təsadüfi deyil ki, Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfindən də açıq şəkildə dəstəklənir. Beləliklə, sülh müqaviləsinin imzalanması üçün ardıcıl diplomatik səylər nəticəsini göstərir, delimitasiya-demarkasiya məsələlərinin hüquqi çərçivədə həlli sürətlənir, münasibətlərin normallaşması istiqamətində əməli addımlar atılır. Azərbaycanın ərazisindən Ermənistana tranzit embarqolarını aradan qaldıması, bu ölkəyə neft məhsullarının satışını həyata keçirməsi erməni cəmiyyətində ölkəmizə münasibəti sürətlə dəyişir. Eyni zamanda Ermənistanda Azərbaycanla ticarətin üstünlükləri indi daha geniş miqyasda qəbul olunur. Məsələn, Ermənistan Azərbaycandan bundan sonra da neft məhsullarının alışında maraqlıdır. Tranzitin hələlik Gürcüstan üzərindən davam etdirilməsi nəzərdə tutulur. Bu xüsusda gürcü tərəfi sərfəli tranzit qiymətləri tətbiq etməyə hazırdır. Sözügedən məsələ Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstandan olan həmkarı Maka Botçorişvili ilə telefon danışığı zamanı da müzakirə mövzularından biri olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq bu istiqamətdə səyləri alqışlayıblar: “Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib”. Xatırlatmaq lazım gəlir ki, Ermənistanda Azərbaycan istehsalı olan benzinə tələbin yüksək səviyyədə olduğu üzə çıxıb. Perspektivdə Azərbaycandan Ermənistana təbii qaz və elektrik enerjisinin, eləcə də digər məhsulların ixracı mümkündür.
Bütün bunlar Cənubi Qafqazda iki dövlət arasında münasibətləri normallaşdırmaqla yanaşı, sülhü daha möhkəm özüllər üzərində formalaşdırır. Perspektivdə Zəngəzur dəhlizinin açılması isə qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək. Belə möhtəşəm nəticələr əldə olunmasını şərtləndirən başlıca faktor həm də Azərbaycanın prosesdə konstruktiv mövqe sərgiləyərək, regionda revanşist meyillərin deyil, praqmatik əməkdaşlığı təşviq etməsindən qaynaqlanır. Çünki ölkəmizin məqsədi təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, həm də Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik arxitekturasının formalaşdırılmasıdır. Bu kontekstdə Azərbaycanın sülh gündəmi nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə də sıx bağlıdır. Regionda blokadaların aradan qaldırılması, dəmir yolu və avtomobil yollarının bərpası iqtisadi inteqrasiyanı sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirilir. Azərbaycan bu istiqamətdə regional layihələri siyasi alətə çevirmədən, qarşılıqlı fayda prinsipi əsasında irəli sürür. Bu yanaşma region ölkələri arasında etimadın möhkəmlənməsinə, iqtisadi asılılığın isə münaqişə risklərini minimuma endirməsinə xidmət edir. Artıq bu yanaşmanın alternativinin olmadığını Ermənistanda da qəbul edirlər.
Azərbaycanın sülh siyasətinin mühüm komponentlərindən biri də çoxtərəfli diplomatiyadır. Bakı regional məsələlərin region ölkələri tərəfindən, xarici müdaxilələr olmadan həllini dəstəkləyir. Bu yanaşma “region üçün region ölkələri” prinsipinə əsaslanır və Cənubi Qafqazda dayanıqlı dialoq platformalarının formalaşdırılmasını təşviq edir. Məlumdur ki, hələ İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz region dövlətləri arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyündən ibarət olacaq vahid müzakirə platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Hələ 2022-ci ilin oktyabr ayında Prezident İlham Əliyev Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində bu məsələni diqqət mərkəzinə gətirib. Sonrakı mərhələdə də bu məsələ Azərbaycan tərəfindən aktuallaşdırılıb. Belə vahid müzakirə platforması perspektivdə region ölkələri arasında daha sıx münasibətlərin qurulmasında özül rolunu oynaya, yeni əməkdaşlıq formatının qurulması yolunda əsas ola bilər. Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda başlaya biləcəkləri əməkdaşlıq kənar qüvvələrin məkrli məqsədlərinin həyata keçməsi yolunda ən böyük maneələrdən biri olacaq. Dünyada geosiyasi, geoiqtisadi səpkidə ziddiyyətlərin dərinləşdiyi bir vaxtda region ölkələrinin milli maraqlarının təmini ilə vahid müstəvidən çıxış etmələri müstəsna əhəmiyyət kəsb edir.
Beləliklə, Azərbaycanın ardıcıl və prinsipial addımları, tutduğu mövqe göstərir ki, Cənubi Qafqazda real və davamlı sülh mümkündür. Özü də bu hal regionun gələcəyini müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir. Elə bu kontekstdə ölkəmiz sülh və əməkdaşlıq üçün cari il ərzində nəhəngmiqyaslı işlər görüb. Bunun nəticələri gələn il ərzində özünü daha qabarıq şəkildə göstərərək, Cənubi Qafqazın həyatında yeni bir mərhələnin başlanmasını da şərtləndirəcək.
MTM Analitik Qrupu