Qəzzada sülhməramlı dilemma: Türkiyə planı, Azərbaycan variantı

Qəzza sektorunda mümkün sülhməramlı müşahidə missiyası ətrafında maraqlı diplomatik ziddiyyətlər üzə çıxıb. ABŞ Prezidenti Donald Tramp bu missiya çərçivəsində Türkiyə hərbçilərinin yerləşdirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
Təhlil.az xəbər verir ki, bu açıqlamanı ABŞ lideri Donald Tramp Florida ştatındakı Mar-a-Lago iqamətgahında Benyamin Netanyahu ilə görüşü zamanı səsləndirilib.
ABŞ prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə xüsusi vurğu edərək bildirib ki, Ankara bu prosesdə mühüm rol oynaya bilər.
“Bunu müzakirə edəcəyik və əgər bu yaxşıdırsa, məncə, yaxşıdır… Türkiyə möhtəşəm olub və Ərdoğan, mənim bildiyimə görə, çox əla liderdir”, – deyə Tramp qeyd edib.
Lakin İsrail bu yanaşma ilə qətiyyən razı deyil. Təl-Əviv Türkiyənin Qəzza sektorunda beynəlxalq sabitləşdirici qüvvələrdə iştirakını “qırmızı xətt” adlandırır və Ankaranın burada hərbi və ya güc strukturları ilə təmsil olunmasını qəbul etməyəcəyini açıq şəkildə bəyan edib.
İsrail KİV-lərinin yazdığına görə, rəsmi Təl-Əviv Türkiyənin Qəzzada hər hansı hərbi mövcudluq əldə etməsinin qarşısını almaq üçün alternativ variantlar üzərində işləyir. Bu çərçivədə vasitəçilərə və müttəfiqlərə üçüncü dairəyə daxil olan müsəlman ölkələrinin, o cümlədən **Azərbaycan**ın çoxmillətli formatda prosesə cəlb olunması təklif edilib.
Beləliklə, Qəzza ətrafında formalaşan yeni təhlükəsizlik arxitekturasında Vaşinqtonla Təl-Əvivin yanaşmaları üst-üstə düşmür: Tramp Türkiyəni önə çıxarır, İsrail isə daha “neytral” hesab etdiyi ölkələri, xüsusilə Azərbaycanı mümkün variant kimi görür. Bu ziddiyyətlərin hansı istiqamətdə həll olunacağı isə yaxın diplomatik danışıqların əsas mövzularından biri olacaq.