Bu gün

İdmanda Azərbaycan modeli - MƏQALƏ

Ən müxtəlif sahələrdə dinamik uğurları ilə tanınan Azərbaycan hazırda idman və Olimpiya hərəkatındakı nəzərəçarpacaq nailiyyətləri ilə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə mütəmadi olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız isə hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında iştirak edərək layiqli nəticələr göstərirlər. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, eləcə də Olimpiya oyunlarında qazandıqları yüksək nailiyyətlər ölkəmizin güclü idman dövləti kimi tanınmasının əyani sübutudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsində ənənəvi olaraq keçirilən, idman ilinin yekunlarına həsr olunan tədbirlər ölkəmizdə idman və gənclər siyasətinin ardıcıl və düzgün strategiya əsasında həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir. Yüksək nəticələr əldə etmiş idmançıların iştirakı ilə təşkil olunan bu görüşlər, bir tərəfdən hesabat ilinin nəticələrinin təhlili, digər tərəfdən isə qarşıdakı mühüm yarışlara hazırlıq prosesinin qiymətləndirilməsi və konkret hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısı İlham Əliyev 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə əldə edilən nəticələri xüsusi vurğulayaraq bildirib:
“Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanıblar. Bu, idmanın Azərbaycanda uğurla inkişaf etdiyini bir daha təsdiqləyir. Keçən illə müqayisədə medalların sayının artması aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir”.

Şübhəsiz ki, iqtisadi cəhətdən güclü olmayan ölkənin nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstərməsi və eyni zamanda mötəbər idman tədbirlərinə layiqincə ev sahibliyi etməsi mümkün deyil. Son 20 ildə bir çox beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətinin və formalaşmış idman imicinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Azərbaycan bu gün müxtəlif idman növləri üzrə yarışların keçirildiyi nüfuzlu məkana çevrilməklə yanaşı, bu sahədə böyük potensiala malik olduğunu da nümayiş etdirir.

Xatırlatmaq yerinə düşər ki, 1997-ci ildə Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2003-cü ildən etibarən dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı idmanın müxtəlif növlərinin gənclər və yeniyetmələr arasında geniş yayılmasını təmin edib. “Azərbaycan Respublikasında 2004–2008-ci illərdə bədən tərbiyəsi və idmanın inkişafı” Dövlət Proqramının qəbulu isə bu sahədə sistemli inkişaf üçün geniş imkanlar yaradıb.

Son 22 il ərzində paytaxtda və regionlarda 56-dək Olimpiya İdman Kompleksi və müasir idman qurğularının istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmasında mühüm rol oynayıb. Eyni zamanda, idmançıların yüksək nəticələr əldə etməsi üçün müəyyənləşdirilən mükafatların məbləğinin artırılması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. İdman xadimlərinin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də artıq real nəticələr verir.

Hazırda Olimpiyaçı adına layiq görülmüş idmançılar və onların məşqçiləri Milli Olimpiya Komitəsinin xüsusi təqaüdləri ilə təmin olunur. Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları tərəfindən idmançılara mütəmadi dəstək göstərilir. Hər ilin yekunlarına əsasən 20-dən çox idmançıya mənzillər və müxtəlif mükafatlar təqdim olunur, məşqçilər və idman mütəxəssisləri stimullaşdırılır. Prezident İlham Əliyevin təsis etdiyi “Prezident təqaüdü” isə idmana göstərilən yüksək dövlət qayğısının növbəti nümunəsidir.

Yola saldığımız 2025-ci il idman uğurları baxımından əlamətdar mərhələ kimi dəyərləndirilə bilər. İlk dəfə olaraq ölkəmizdə və regionlarda yüksək səviyyədə təşkil edilən III MDB Oyunları həm təşkilati baxımdan, həm də idmançılarımızın nəticələri ilə yadda qalıb. Azərbaycan bu Oyunlarda 33 qızıl, 56 gümüş və 95 bürünc medal olmaqla, ümumilikdə 184 medal qazanaraq ikinci yeri tutub. Bu nəticə idmana göstərilən diqqət və qayğının real göstəricisidir.

Bu yarışlar bir daha sübut etdi ki, Azərbaycan mötəbər beynəlxalq idman tədbirlərini təkcə Bakı şəhərində deyil, regionlarda da keçirmək üçün kifayət qədər infrastruktur və təcrübəyə malikdir.

İdman yalnız nəticələr və medallarla məhdudlaşmır, eyni zamanda xalqlar arasında ünsiyyətin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın mühüm vasitəsidir. Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır və Azərbaycanda idman sahəsində görülən işlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir.

Ümumilikdə, Prezident İlham Əliyevin hər ilin sonunda idmançılarla keçirdiyi səmimi görüşlər, onlara ünvanladığı tövsiyə və arzular idmançıların mənəvi ruhunun yüksəldilməsi və yeni qələbələrə həvəsləndirilməsi baxımından mühüm rol oynayır. Bu isə bir daha göstərir ki, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi ölkə idmanının inkişafı və idmançıların hərtərəfli dövlət dəstəyi ilə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?