Ermənistanda TRIPP üzrə tikintinin başlanacağı tarix açıqlanıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP – Tramp İnkişaf və Rifah Yolu layihəsi üzrə tikintiyə 2026-cı ilin ikinci yarısında başlanacaq.
Təhlil.az xəbər verir ki, nazir bunu İctimai Televiziyada çıxışı zamanı deyib:
“Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında tikinti başlayacaq”.
Mirzoyanın sözlərinə görə, yaxın həftələrdə layihə ilə bağlı ilk rəsmi sənədin imzalanması gözlənilir. O həmçinin qeyd edib ki, gələn il beynəlxalq tərəfdaşların Ermənistana səfərləri baxımından olduqca aktiv olacaq.
Müxalifətin Rusiya və İranın TRIPP layihəsinə qarşı olduğu iddialarına münasibət bildirən nazir deyib:
“Bu fikirlərə qulaq asmayın, bu, yalandır. İranlı həmkarlarımız suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran nəqliyyat dəhlizlərinin açılması imkanlarını görürük”.