Bu gün

Müharibə canilərinin müdafiəsi – sülh prosesinə yönəlmiş qərəzli fəaliyyət - TƏHLİL

Cənubi Qafqazda sülh və regional əməkdaşlıq mühitinin reallaşması ilə barışmaq istəməyən Ermənistandakı radikal-revanşist qüvvələr bu dəfə erməni lobbisinin maliyyə dəstəyi ilə xaricdə fəaliyyət göstərən, sifarişli yanaşmaları ilə seçilən bəzi qeyri-hökumət təşkilatlarına ümidlərini bağlayıblar. ABŞ-də fəaliyyət göstərən Lemkin İnstitutunun Milad bayramı ərəfəsində bu ölkənin Prezidenti Donald Trampa müraciət edərək, Ruben Vardanyan da daxil olmaqla, ağır müharibə cinayətlərində təqsirləndirilən erməni əsilli şəxslərin “azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərilməsini” istəmələri deyilənləri təsdiq edir.

Aşkar görünür ki, Bakıda ədalət məhkəməsi qarşısına çıxarılan separatçıların “hərbi əsir” kimi qələmə verilməsində məqsəd reallığı təhrif etmək, beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Məsuliyyətə cəlb olunan, ağır müharibə cinayətlərində təqsirli bilinən erməni əsilli şəxsləri “humanitar məsələ” pərdəsi altında müdafiə etməyə çalışmaq ölkəmizin suveren hüquqlarına müdaxilə cəhdi olmaqla yanaşı, Vaşinqton razılaşmalarının da mahiyyətinə ziddir. 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın bilavasitə iştirakı ilə Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra regionda sülhün dönməz və qaçılmaz xarakter alması bu qüvvələri yeni “təzyiq” və “siyasi manipulyasiya” mexanizmləri axtarmağa vadar edib. Bu kontekstdə qondarma “hərbi əsirlər” mövzusu üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaq cəhdlərinə mütəmadi rast gəlinir.

Dekabrın 25-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin ABŞ Prezidentinə ünvanladıqları açıq məktubda ölkəmizin bu mövzuda qətiyyətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha ifadə olunub. Eyni zamanda, Lemkin İnstitutunun qərəzli kampaniyasının faktlara deyil, əsassız iddialara söykəndiyi, ağır cinayətlərdə ittiham olunan şəxslərin “girov” və ya “hərbi əsir” kimi təqdim edilməsinin beynəlxalq hüquqa zidd olduğu əsaslandırılmış arqumentlərlə diqqətə çatdırılıb. Revanşist qrupların maraqlarına xidmət edən bu cür yanaşmaların sülh gündəliyini zədələdiyi də açıq şəkildə ifadə olunub. Bu yanaşma Azərbaycan cəmiyyətinin bütövlükdə sülhü dəstəklədiyini, lakin tarixi ədalət və hüququn aliliyini təmin etmək əzmini göstərir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı müharibə cinayətləri törətmiş şəxslər barəsində cinayət işinin açılması, onların məsuliyyətə cəlb edilməsi Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınmış suveren hüququdur. Azərbaycan bu prosesi qətiyyən revanşizm və yaxud etnik yanaşma prizmasından aparmır. Söhbət konkret müharibə cinayətlərinin araşdırılmasından və təqsirkarların cəzalandırılmasından gedir. Hansısa ölkənin və ya təşkilatın bu mövzudakı bəyanatları ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir.

Aparılan məhkəmə prosesi vasitəsilə Azərbaycan həm də uzun illər boyu Ermənistan tərəfindən himayə edilən separatçı rejimin törətdiyi ağır cinayətləri dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edib. Məhkəmə icraatının açıq və şəffaf aparılması, sübut bazasının – şahid ifadələrinin, arxiv materiallarının və görüntülərin mövcudluğu rəsmi Bakının hüquqi mövqeyinin möhkəmliyini bir daha sübut edir.

Eyni zamanda, bu məhkəmə prosesləri beynəlxalq ictimaiyyətə mühüm mesaj verir: Etnik mənsubiyyətindən asılı olmayaraq, azərbaycanlılara qarşı vandalizm və zorakılıq aktları törətmiş şəxslər qanun qarşısında cavab verməlidir. Ermənistanla bağlı qüvvələrin bu ölkənin 30 il ərzində formalaşdırdığı və dəstəklədiyi qanunsuz rejimin rəhbərlərini müdafiə etmək cəhdləri, əslində, onların cinayətlərinə bəraət qazandırmaq anlamına gəlir ki, bu da nə beynəlxalq hüquqla, nə də sülh məntiqi ilə uzlaşır.

Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqaz son onilliklərin ən dinc dövrünü yaşayır. Etimad quruculuğu tədbirlərinin geniş vüsət alması, iqtisadi və nəqliyyat əlaqələrinin tədricən bərpası regionda münaqişə mərhələsinin qapanacağına böyük ümidlər yaradır. Bu, həm də Ermənistanda uzun illər mövcud olmuş işğalçı ideologiyanın puça çıxması, erməni lobbisi və diasporunun istinad etdiyi, qarşıya qoyduğu zərərli hədəflərin iflasa uğramasıdır.

Müharibə canilərinin Ermənistana təhvil verilməsini tələb etmək həm də beynəlxalq hüquqa zidd addım, mənfi present formalaşdırmaq cəhdidir. Azərbaycan təqsirkarları məsuliyyətə cəlb etməklə, gələcəkdə belə cinayətlərin baş verməməsi üçün dünya ictimaiyyətini birgə səyləri gücləndirməyə çağırır.

Aşkar görünür ki, sülhün alternativsizliyi fonunda revanşist qüvvələrin manevr imkanları daralır, onlar daha çox dezinformasiya və təzyiq kampaniyalarına əl atmağa çalışırlar. Lakin hüququn aliliyinə söykənən, beynəlxalq öhdəliklərə uyğun aparılan məhkəmə prosesləri və ardıcıl diplomatik mövqe bu cəhdləri iflasa uğradır. Rəsmi Bakı üçün sülh yalnız siyasi razılaşma deyil, eyni zamanda, tarixi ədalətin təmin olunmasıdır və bu iki prinsip yalnız bir-birini tamamladığı müddətdə regionda dayanıqlı sabitlik mümkün olacaq.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?