Qarabağ məhsulları Türkiyəyə güzəştlə ixrac ediləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal olunan bir sıra malların Türkiyəyə güzəştli şərtlərlə ixracı üçün xüsusi siyahı müəyyən edilib.
Təhlil.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən “Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, söhbət xüsusi saziş əsasında birtərəfli qaydada tətbiq olunan güzəştlərdən gedir. Bu güzəştlər məhsulların Türkiyəyə ixracı zamanı vergidən qismən və ya tam azadolmanı nəzərdə tuta bilər.
Gülizar Yavaş qeyd edib ki, razılaşma xüsusi xarakter daşıdığı üçün açıq mənbələrdə, o cümlədən internetdə mövcud deyil. O vurğulayıb ki, Qarabağda investisiyası olan və ya mənşəyinin Qarabağ olduğu sənədlərlə təsdiqlənən məhsul istehsal edən sahibkarlar öz məhsullarının siyahıya daxil olub-olmadığını və Türkiyəyə vergisiz ixrac imkanlarını Türkiyə səfirliyinin ticarət müşavirliyindən öyrənə bilərlər.