Kim Çen In 2026-cı il üçün sursat və raket istehsalının artırılmasını tapşırıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In 2026-cı il üzrə sursat və raket istehsalı planlarının genişləndirilməsinin vacibliyini bəyan edib.
Təhlil.az xəbər verir ki, Kim Çen In hərbi-sənaye kompleksinə daxil olan bir sıra müəssisələrə səfər edərək 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının gedişi ilə tanış olub. O, aparıcı müəssisələrin beşillik planın son ili olan 2025-ci il üçün nəzərdə tutulmuş tapşırıqları uğurla yerinə yetirdiyini və bunun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
KXDR lideri silahlı qüvvələrin raket və artilleriya bölmələrinin gələcək ehtiyaclarını nəzərə alaraq, 2026-cı il üçün istehsal həcmlərinin artırılmasının zəruri olduğunu bildirib. Bu məqsədlə istehsal müəssisələrinin texniki bazasının möhkəmləndirilməsi, eləcə də ümumi istehsal güclərinin genişləndirilməsinin vacib olduğu qeyd edilib.
Bundan əlavə, Kim Çen In sursata artan tələbatın ödənilməsi üçün hərbi-sənaye sektorunda yeni müəssisələrin yaradılmasının gündəmdə olduğunu açıqlayıb. Məlumata görə, bu istiqamətdə qərarların qarşıdan gələn partiya qurultayında qəbul edilməsi planlaşdırılır.