Bu gün

Qərbyönlü partiyaların fəaliyyəti qadağan edilir: Tbilisi-Brüssel dialoqunda yeni fəsil - ŞƏRH

Bir neçə gün əvvəl Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Konstitusiya Məhkəməsinə rəsmi olaraq müraciət edərək, üç əsas qərbyönlü partiyanın – “Birlik”, “Axali” və “Güclü Gürcüstan-Lelo” partiyalarının konstitusiya quruluşunu təhdid etməkdə ittiham olunaraq fəaliyyətlərinin qadağan edilməsi üçün iddia qaldırıb.

Bu tələb ölkədaxili siyasi rəqabətdən daha geniş geosiyasi və strateji məna daşıyır. Bu addım təkcə müxalifəti zəiflətməyə yönəlmiş hüquqi-siyasi təşəbbüs deyil, eyni zamanda Avropa İttifaqı ilə münasibətlər kontekstində Tbilisinin verdiyi açıq və sərt mesaj kimi qiymətləndirilə bilər.

Son illər Gürcüstan-Aİ münasibətləri ciddi gərginlik mərhələsinə daxil olub. 2023-cü ildə Gürcüstan Aİ-yə namizəd statusu alsa da, Brüssel bu statusu konkret siyasi və institusional şərtlərlə bağladı. Məhz bu nöqtədən etibarən “Gürcü Arzusu” ilə Qərb arasında əsas fikir ayrılığı dərinləşməyə başladı. Aİ Gürcüstandan hüququn aliliyi, media azadlığı, müstəqil məhkəmə sistemi və siyasi plüralizmin qorunmasını tələb etdiyi halda, “Gürcü Arzusu” bu tələbləri getdikcə daha çox daxili işlərə müdaxilə kimi təqdim edir.

Qərbyönlü partiyaların “konstitusiya quruluşunu təhdid etmək” ittihamı ilə hədəfə alınması bu qarşıdurmanın hüquqi pərdəyə bürünmüş siyasi formasıdır. Faktiki olaraq söhbət Gürcüstanın siyasi spektrində Aİ ilə tam inteqrasiyanı, liberal-demokratik gündəmi və Qərb institutları ilə sıx əməkdaşlığı açıq şəkildə müdafiə edən qüvvələrin neytrallaşdırılmasından gedir. Bu isə “Gürcü Arzusu”nun Avropa İttifaqına verdiyi mesajı açıq şəkildə ortaya qoyur: Gürcüstanın Avropa yolu Brüsselin diktə etdiyi siyasi xətlə deyil, Tbilisinin müəyyən etdiyi “suveren çərçivə” daxilində davam edəcək.

Bu kontekstdə “Gürcü Arzusu” Aİ-yə faktiki olaraq belə bir siqnal göndərir: Qərbyönlü olmaq yalnız ideoloji bəyanatlarla məhdudlaşmalı, real siyasi gücə çevrilməməlidir. Hakimiyyət üçün əsas risk xarici təsir altında formalaşdığı iddia edilən siyasi qüvvələrin daxili qərarvermə mexanizmlərinə təsir imkanlarıdır. Bu baxımdan, müxalifətə qarşı hüquqi mexanizmlərin işə salınması Gürcüstanın Aİ ilə münasibətlərində yeni, daha sərt və selektiv mərhələyə başlaması kimi görünür.

Digər tərəfdən, bu addım “Gürcü Arzusu”nun daxili auditoriyaya hesablanmış strateji gedişidir. Hakim partiya Qərbi Gürcüstanın sabitliyinə və dövlətçiliyinə təhlükə yaradan faktor kimi təqdim etməklə, öz elektoratını səfərbər etməyə çalışır. “Milli maraqlar”, “konstitusiya təhlükəsizliyi” və “xarici təsir” ritorikası postsovet məkanında yaxşı tanınan və effektiv siyasi alətdir. Lakin bu ritorikanın Aİ ilə münasibətlərdə qiyməti olduqca ağır ola bilər.

Avropa İttifaqı üçün siyasi partiyaların qadağan edilməsi, xüsusilə də ideoloji əsaslarla hədəfə alınması qırmızı xətlərdən biridir. Bu cür addımlar Gürcüstanın demokratik trayektoriyasının sual altına düşdüyü barədə Brüsseldə artıq mövcud olan şübhələri daha da gücləndirir. Nəticə etibarilə, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi formal olaraq davam etsə də, real məzmun baxımından dondurula və ya gecikdirilə bilər.

Əslində, “Gürcü Arzusu”nun davranışı Gürcüstanın Qərb və Rusiya arasında balans siyasətinin daha sərt və açıq fazaya keçdiyini göstərir. Hakimiyyət nə tam Qərbdən imtina edir, nə də onun şərtlərini olduğu kimi qəbul etməyə hazırdır. Bu isə Aİ ilə münasibətləri strateji tərəfdaşlıqdan daha çox qarşılıqlı etimadsızlıq müstəvisinə keçirir.

Nəticə etibarilə, qərbyönlü partiyalara qarşı qaldırılan iddia Gürcüstanın daxili siyasi mübarizəsinin adi epizodu deyil. Bu addım Avropa İttifaqına ünvanlanmış açıq mesajdır: Gürcüstan Avropaya inteqrasiya yolunda siyasi plüralizmin və Qərb dəyərlərinin şərtsiz dominantlığını qəbul etmir. Bu mesajın Aİ tərəfindən necə oxunacağı isə Gürcüstanın Avropa gələcəyinin əsas determinantlarından birinə çevriləcək.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?