Bu gün

Serikjan Mambetalin: "Türk dövlətləri problemlərini artıq Moskvasız həll edir" - AÇIQLAMA

“Türk Dövlətləri Təşkilatında baş verən müsbət proseslər bizi sevindirir, lakin bu proseslər bəzən şimal qonşularımızı narahat edir”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Böyük Turan Birliyi Fondunun təsisçisi Serikjan Mambetalin bildirib.

Onun sözlərinə görə, bu gün türk birliyinin güclənməsi Moskvanın mövqelərinin zəifləməsinə səbəb olur:
“Rusiya özünü imperiya kimi görür və Mərkəzi Asiya ilə Cənubi Qafqazı öz maraq zonası hesab edir. Bu ölkələrin Rusiyanın təsir dairəsindən çıxaraq müstəqil ittifaqlar yaratması və süni şəkildə onlara sırıdılmış problemləri o cümlədən Ermənistan-Azərbaycan münaqişəsini öz aralarında həll etməsi Moskvanın narazılığına səbəb olur. Aydındır ki, Rusiyanın köməyi olmasaydı, 30 il əvvəl Birinci Qarabağ müharibəsi və Azərbaycanın ərazilərinin işğalı baş verməzdi”.

Ekspert bildirib ki, son illərdə regionda bir sıra münaqişələrin səngiməsi də yeni siyasi yanaşmanın nəticəsidir:
“Özbəklərlə taciklər, qırğızlarla taciklər arasında əvvəllər tez-tez baş verən toqquşmalar son illərdə demək olar ki, dayanıb. Bunun səbəbi region liderlərinin danışıqlar masasına əyləşməsi və bir-biri ilə mehriban qonşular kimi dialoq aparmasıdır. Mən görürəm ki, ritorika dəyişir”.

Serikjan Mambetalin vurğulayıb ki, XXI əsrdə heç bir ölkə təkbaşına dayanıqlı inkişaf edə bilməz:
“Qazaxıstan, Azərbaycan və ya Özbəkistan kimi böyük ölkələr belə tək-tənha mövcud ola bilməz. Bu baxımdan, türk dövləti olmayan Tacikistan üçün də ən doğru yol özünü Türküstanın bir hissəsi kimi dərk etməkdir. Türküstan isə Böyük Turanın tərkib hissəsidir və bu inteqrasiyadan hər kəs öz dividendlərini əldə edə bilər”.

Ekspertin sözlərinə görə, bu yanaşma Ermənistan üçün də keçərlidir:
“Nəhayət, Ermənistan rəhbərliyi, o cümlədən Baş nazir Nikol Paşinyan anlayıb ki, yeganə çıxış yolu dünya iqtisadiyyatına inteqrasiyadır. Bu isə, digər məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin reallaşdırılmasından keçir”.

Rasim Babayev 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?