Bu gün

Azərbaycan amili: TDT-nin enerji siyasətində həlledici mövqe - ŞƏRH

Özbəkistanın energetika naziri Mirzəmahmudov Anadolu agentliyinə verdiyi müsahibədə deyib ki, Özbəkistanın Türkiyə ilə enerji əməkdaşlığı ölkədə davam edən islahatlar və xarici investisiyaları cəlb etmək səyləri fonunda sürətlə inkişaf edir. Nazirin sözlərinə görə, fərdi layihələrdən əlavə, əməkdaşlıq getdikcə regional enerji inteqrasiyasına yönəlir. Özbəkistan, Qazaxıstan və Azərbaycan bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin ötürülməsi üçün “yaşıl dəhliz” layihəsini işləyib hazırlayırlar və bu layihəyə Qırğızıstan da maraq göstərib. Türkiyə ilə danışıqlar davam edir.

Özbəkistanın Türkiyə ilə enerji əməkdaşlığını sürətləndirməsi təkcə ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi kimi deyil, daha geniş geosiyasi və geoiqtisadi proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində formalaşan yeni regional dinamikanın, türk dövlətlərinin öz aralarında strateji inteqrasiyanı dərinləşdirmə cəhdlərinin və bu birliyin qlobal miqyasda daha təsirli aktora çevrilməsi prosesinin bariz nümunəsidir.

Özbəkistan son illərdə həyata keçirdiyi islahatlar fonunda iqtisadiyyatını xarici investisiyalara açmaqla yanaşı, enerji sektorunu da modernləşdirməyə xüsusi önəm verir. Türkiyə şirkətləri ilə Daşkənddə mərkəzləşdirilmiş istilik təminatı sahəsində ilk dövlət-özəl tərəfdaşlıq layihələrinin başlaması, Ankaranın texnologiya, idarəetmə və kapital imkanlarının Mərkəzi Asiya bazarına inteqrasiya olunduğunu göstərir. Bu, Özbəkistan üçün enerji səmərəliliyinin artırılması və şəhər infrastrukturunun yenilənməsi baxımından vacib olduğu qədər, Türkiyə üçün də regionda iqtisadi təsir imkanlarını genişləndirən strateji addımdır.

Müsahibədə vurğulanan “yaşıl dəhliz” layihəsi isə bu əməkdaşlığı tamamilə yeni mərhələyə keçirir. Özbəkistan, Qazaxıstan və Azərbaycanın bərpaolunan enerji mənbələrindən hasil edilən elektrik enerjisinin ötürülməsi üçün ortaq mexanizm üzərində işləməsi, enerji təhlükəsizliyi anlayışını milli sərhədlərdən çıxararaq regional çərçivəyə daşıyır. Qırğızıstanın bu layihəyə maraq göstərməsi və Türkiyə ilə danışıqların aparılması onu göstərir ki, Mərkəzi Asiya-Cənubi Qafqaz-Anadolu xətti üzrə yeni enerji arxitekturası formalaşır. Bu arxitektura həm “yaşıl enerji” gündəmini gücləndirir, həm də türk dövlətləri arasında qarşılıqlı asılılığı artıraraq siyasi koordinasiyanı möhkəmləndirir.

Bu prosesdə Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Azərbaycan artıq uzun illərdir ki, enerji sahəsində regional lider və etibarlı tərəfdaş kimi tanınır. Neft və qaz layihələri ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı, indi də bərpa olunan enerji və “yaşıl dəhliz” təşəbbüsləri vasitəsilə TDT məkanında inteqrasiya proseslərinin lokomotivinə çevrilir. Azərbaycanın həm texniki təcrübəsi, həm tranzit imkanları, həm də siyasi çəkisi bu cür layihələrin reallaşmasında həlledici amildir. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan, faktiki olaraq, qlobal bazarlara açılan strateji körpü rolunu oynayır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində bu cür enerji layihələrinin artması təşkilatın yalnız mədəni və simvolik birlikdən çıxaraq real iqtisadi və geosiyasi gücə çevrildiyini göstərir. Enerji əməkdaşlığı, xüsusilə də bərpaolunan enerji və infrastruktur inteqrasiyası, TDT-ni regiondaxili balansları dəyişən və böyük güclərin maraq dairəsində olan bir aktora çevirir. Bu, türk dövlətlərinin ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə hərəkət etdikdə daha güclü mövqe qazandıqlarını nümayiş etdirir.

Nəticə etibarilə, Özbəkistan-Türkiyə enerji əməkdaşlığı və “yaşıl dəhliz” təşəbbüsü təkcə iqtisadi layihə deyil, yeni geosiyasi reallığın formalaşmasına xidmət edən strateji addımdır. Bu addım TDT-nin institusional gücünü artırır, türk dövlətləri arasında qarşılıqlı etimadı dərinləşdirir və Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirir. Uzunmüddətli perspektivdə isə bu proseslər türk dünyasını regionda və qlobal miqyasda söz sahibi olan, enerji və nəqliyyat marşrutlarını formalaşdıran təsirli bir güc mərkəzinə çevirə bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?