Dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramı - ŞƏRH

Azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işləri müasir dövrdə postmünaqişə bərpa və inkişaf prosesləri baxımından artıq ən uğurlu modellərdən biri kimi qəbul edilir. Məsələ burasındadır ki, uzun illər işğal altında qalmış torpaqlara qısa müddət ərzində yenidən həyat verilməsi yalnız fiziki dağıntıların aradan qaldırılması ilə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi, mədəni və ekoloji baxımdan dayanıqlı inkişafın təmin olunması fonunda həyata keçirilir. Daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu modeli formalaşdırarkən beynəlxalq təcrübəni milli prioritetlərlə uğurla uzlaşdıraraq sistemli və kompleks yanaşma tətbiq edir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə yenidən həyat qaynayır, keçmiş məcburi köçkünlərin qayıdış prosesi getdikcə daha intensiv xarakter alır. Onların doğma yurdlarına dönüşü ilə yanaşı, məşğulluğun təmin edilməsi və sosial məsələlərin həlli də xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev azad edilmiş ərazilərə səfərləri zamanı artıq çoxsaylı yeni iş yerlərinin açılışında iştirak edir. Dövlət başçısının son səfəri də bu baxımdan istisna təşkil etmədi.
Səfər çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının, Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının, Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəkləri istehsalı müəssisəsinin, Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin, Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarları istehsalı müəssisəsinin açılışlarında iştirak edib. Bu layihələr yüzlərlə insanın daimi iş yerləri ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və növbəti mərhələlərdə yeni iş yerlərinin sayının daha da artırılması nəzərdə tutulur.
Bununla yanaşı, Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının, Ağdam Sənaye Parkında isə “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub. Görülən bütün bu işlər Qarabağ iqtisadi zonasının ölkə üzrə məşğulluq səviyyəsinin yüksəldilməsində xüsusi çəkiyə malik olduğunu göstərir.
Azad edilmiş ərazilərdə yaradılan yüksək yaşayış şəraiti “Böyük Qayıdış” prosesini daha da sürətləndirir. Bu baxımdan Azərbaycan hazırda dünya miqyasında ən uğurlu nümunələrin müəllifi kimi çıxış edir. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yeni köçən sakinlərlə görüş zamanı Prezident İlham Əliyev bu barədə qeyd edib:
“Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sizi təbrik edirəm. Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar. Bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu proses davam edir. ‘Böyük Qayıdış’ Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.”
Ümumilikdə, “Böyük Qayıdış” Proqramı müasir dövrdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən ən uğurlu və kompleks dövlət proqramlarından biri kimi beynəlxalq miqyasda da xüsusi diqqət çəkir. Bu proqram yalnız insanların fiziki köçürülməsi ilə məhdudlaşmır, sosial, iqtisadi, mədəni və ekoloji aspektləri özündə birləşdirən çoxşaxəli yanaşmanı ehtiva edir.
Proqramın dünya miqyasında uğurlu hesab edilməsinin əsas səbəblərindən biri infrastruktur quruculuğunun paralel və sürətli şəkildə həyata keçirilməsidir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi “Böyük Qayıdış”ı ənənəvi qayıdış modellərindən köklü şəkildə fərqləndirir. Müasir yol şəbəkələri, enerji, su və rabitə infrastrukturu insanların rahat və təhlükəsiz yaşayışı üçün möhkəm zəmin yaradır. Bu yanaşma göstərir ki, “Böyük Qayıdış” keçmişə dönüş deyil, gələcəyə yönəlmiş inkişaf strategiyasıdır.
Sosial rifahın təmin edilməsi proqramın mərkəzində duran əsas prioritetlərdəndir. Qayıdan əhali üçün müasir məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. İnsanların məşğulluğunun təmin edilməsi məqsədilə kompleks tədbirlər görülür ki, bu da qayıdışın davamlılığını şərtləndirən əsas amillərdəndir. Bir çox ölkələrdə qayıdış proqramları məhz işsizlik və sosial adaptasiya problemləri səbəbindən uğursuz olur. Azərbaycan modeli isə bu riskləri əvvəlcədən nəzərə alaraq effektiv həllər təqdim edir.
“Böyük Qayıdış” Proqramının beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilməsinin digər mühüm səbəbi ekoloji dayanıqlılığa verilən xüsusi əhəmiyyətdir. Azad edilmiş ərazilərdə yaşıl enerji zonası konsepsiyasının tətbiqi, bərpa olunan enerji mənbələrindən geniş istifadə qlobal ekoloji çağırışlara cavab verən müasir yanaşmadır. Proqramın uğurunun təməlində isə güclü siyasi iradə və effektiv idarəetmə mexanizmləri dayanır. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında icra olunan layihələr vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir.
Bütün bu məqamlar göstərir ki, onilliklər boyu doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması həm də tarixi ədalətin bərpası deməkdir. Məhz bu xüsusiyyətlərinə görə “Böyük Qayıdış” Proqramı beynəlxalq səviyyədə ən uğurla icra edilən qayıdış proqramlarından biri kimi qəbul olunur və gələcəkdə analoji problemlərlə üzləşmiş ölkələr üçün nümunə rolunu oynaya bilər.
MTM Analitik Qrupu