Azərbaycan itkinlər dosyesini BMT-yə daşıyır - TƏHLİL

Postmüharibə dövründə Azərbaycanın əsas hədəflərindən biri də Ermənistanın işğal dövründə törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ifşasıdır. Bu istiqamətdə atılan addımlar ölkəmizin təbliğati-siyasi üstünlüyünü təmin edir və qarşı tərəfin əsassız iddialarının qarşısına sipər çəkir.
Oktyabrın 10-11-də Bakı şəhərində keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamənin bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunaraq yayılması bu istiqamətdə növbəti mühüm addım kimi dəyərləndirilə bilər. BMT-nin ali qurumlarının rəsmi sənədləri sırasında yer alan bu bəyannamə rəsmi Bakının itkin düşmüş şəxslər məsələsini beynəlxalq humanitar gündəliyin mərkəzinə çıxarmaq istiqamətində apardığı ardıcıl siyasətin nəticəsidir. Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin sayının artmasından ciddi narahatlıq ifadə olunur, ailələrin yaxınlarının taleyi ilə bağlı həqiqəti bilmək hüququ bir daha təsdiqlənir. Eyni zamanda, tərəflərə silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması üçün mümkün bütün tədbirlərin görülməsinə, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumatların təqdim edilməsinə çağırış edilir. Bəyannamədə mina və partlamamış hərbi sursatların itkin şəxslərin müəyyən edilməsinə maneə yaratdığı da xüsusi qeyd olunur.
İtkin düşmüş şəxslər problemi mahiyyət etibarilə müharibələrin ən ağır və uzunmüddətli nəticələrindən biri sayılır. Döyüşlər bitdikdən, siyasi razılaşmalar imzalandıqdan sonra belə, minlərlə ailə öz doğma və yaxınlarından xəbər almaq ümidi ilə yaşayır. Azərbaycan son 5 ildə bu məsələni dəfələrlə beynəlxalq platformalarda qaldırıb, 4000-dək itkin azərbaycanlının taleyinə aydınlıq gətirilməsini tələb edib. Rəsmi Bakı bu problemin yalnız milli deyil, oxşar münaqişələrlə üzləşən xalqların ortaq problemi olduğunu xüsusi vurğulayır.
İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqların yerinin bildirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, etimad quruculuğu və barışıq baxımından vacib addımlar ola bilər. Bu il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda paraflanmış Yekun Slüh Sazişinin doqquzuncu maddəsi sülh və etimad quruculuğu baxımından tərəflərin üzərinə itkinlərlə bağlı müəyyən vəzifələr qoyub: “Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermiş itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər”.
Ermənistan silahlı qüvvələrinin və terrorçu birləşmələrinin Birinci Qarabağ müharibəsində ərazilərimizin işğalı zamanı əsas hədəfi məhz dinc insanlar – mülki əhali olub. Ermənistan 90-cı illərin əvvəlində əsir və girov götürdüyü ölkə vətəndaşlarından 1480 nəfərini azad etsə də, digər əsirlərin taleyi ilə bağlı məlumatları gizlədib. Qarşı tərəfin bunda məqsədi yol verdiyi müharibə cinayətlərini gizlətmək, beynəlxalq ictimaiyyətin qınaqlarından yayınmaq olub. Bununla da “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” və “Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyaları kobud şəkildə pozub.
Azad edilmiş ərazilərdə aparılan axtarış və ekshumasiya işləri, DNT banklarının yaradılması və ailələrdən bioloji nümunələrin toplanması dövlətin bu məsələyə yanaşmasının nə qədər praqmatik və uzunmüddətli olduğunu göstərir. Burada məqsəd konkret olaraq insan talelərinə aydınlıq gətirməkdir. İndiyə qədər tapılməş 30-dək kütləvi məzarlıq müharibənin gizli tərəflərini üzə çıxararaq, tarixi həqiqətlərin saxtalaşdırılmasının qarşısını alır.
Rəsmi Bakı bu mövzunu davamlı şəkildə beynəlxalq müstəviyə çıxararaq, silahlı münaqişələrin fəsadları ilə bağlı dolğun təsəvvür formalaşdırır. Başqa sözlə, məqsəd yalnız 3983 nəfər itkin düşmüş vətəndaşın taleyinə aydınlıq gətirmək deyil. Bu fəaliyyət, eyni zamanda, dünyanın diqqətini silahlı münaqişələr zamanı baş verən insanlıq əleyhinə cinayətlərə yönəltmək, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün mexanizmlər formalaşdırmaqdır. BMT-yə yayılan rəsmi sənəd də bu istiqamətdə növbəti mühüm addımdır. Məsələ yalnız münaqişə tərəfləri arasında müzakirə mövzusu olmayıb, eyni zamanda, beynəlxalq hüququn, insan hüquqlarının, kollektiv humanitar məsuliyyətin predmetidir.
Azərbaycan bir tərəfdən itkinlərlərin yerini və şəxsiyyətini müəyyənləşdirmək istiqamətində addımlar atır, digər tərəfdən mövzunu beynəlxalq platformalara çıxararaq siyasi-hüquqi təzyiq mexanizmlərini işə salmağa nail olur. BMT və digər təşkilatların gündəliyinə daxil edilən sənədlər rəsmi Bakının yanaşmasının legitimliyini, beynəlxalq hüquqa söykəndiyini nümayiş etdirir. Bu, emosional çağırışlardan daha çox faktlara, sübutlara və universal prinsiplərə əsaslanan yanaşmadır.
Burada gələcəyə yönəlik preventiv məqsəd də var: müharibə və silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısını almaq üçün beynəlxalq mexanizmlərin gücləndirilməsi, məsuliyyət və hesabatlılıq mədəniyyətinin formalaşdırılması əsas hədəflərdəndir.
MTM Analitik Qrupu