Zəfər dövrünün Prezidenti: İlham Əliyevin 64 illik həyat və liderlik yolu

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Təhlil.az xəbər verir ki, Dövlət başçısının 64 yaşı tamam olur.
Müasir Azərbaycan tarixinin son iki onilliyi Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Onun siyasi fəaliyyəti təkcə dövlət idarəçiliyi deyil, eyni zamanda ölkənin geosiyasi mövqeyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin olunması və tarixi ədalətin bərpası ilə səciyyələnir.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda başa vurduqdan sonra 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MGİMO) daxil olub. Ali təhsilini müvəffəqiyyətlə başa vuran İlham Əliyev elmi fəaliyyətini həmin institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alan İlham Əliyev 1990-cı ilədək MDBƏİ-də müəllim kimi çalışıb. Bu dövr onun analitik düşüncə tərzinin, beynəlxalq münasibətlərə yanaşmasının və siyasi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) vitse-prezident, daha sonra birinci vitse-prezident vəzifələrində çalışan İlham Əliyev enerji diplomatiyasının formalaşmasında və Azərbaycanın beynəlxalq enerji bazarına çıxışında mühüm rol oynayıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib, 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. AŞPA-da fəaliyyəti dövründə İlham Əliyev 2003-cü ildə qurumun sədr müavini və Büro üzvü seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunduqdan sonra həmin ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq Prezident seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. Sonrakı illərdə keçirilən bütün prezident seçkilərində xalqın böyük dəstəyi ilə yenidən Prezident mandatı alıb.
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin zirvə nöqtəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən proseslərdir. Onun rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazilərində konstitusiya quruluşunu bərpa edib.
Bu qələbə yalnız hərbi deyil, siyasi, diplomatik və tarixi nəticələri ilə Azərbaycan dövlətçiliyində yeni bir mərhələ açıb.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif olunub.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Ailəlidir, üç övladı var.
Bu gün İlham Əliyev təkcə Prezident deyil, həm də müasir Azərbaycanın siyasi simasını, regional güc statusunu və strateji baxışını müəyyən edən lider kimi tarixə yazılır.
Doğum günü münasibətilə Prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayırıq.