ABŞ-nin miqrasiya sahəsində olan dəyişikliklər və təhlükəsizlik məsələsi - ARAŞDIRMA

ABŞ-nin son miqrasiya qərarları qeyri-qanuni miqrantlara ödənilən təşviqlər və "Green Card" proqramının qeyri-müəyyən müddətə dayandırılması sadəcə büdcə qənaəti deyil, həm də ciddi təhlükəsizlik böhranına verilən reaksiyadır. Vaşinqton artıq miqrasiyanı həm iqtisadi yük, həm də milli təhlükəsizlik riski kimi qiymətləndirir.
Hökumətin ölkəni tərk edənlərə 3000 dollar verməsi iqtisadi cəhətdən dəqiq hesablanmış gedişdir:
Maliyyə səmərəliliyi: Bir nəfərin məcburi deportasiyası (həbs, məhkəmə, müşayiət) dövlətə 15,000 dollardan baha başa gəlir. 3000 dollar ödəməklə dövlət həm zamana, həm də vəsaitə 80% qənaət edir.
Sosial yükün azaldılması: Bu il ərzində indiyədək 622 min nəfərin ölkədən çıxarılması dövlət qurumlarının sosial yardım xərclərini minimuma endirir.
Son vaxtlar miqrasiya siyasətinin kəskin sərtləşməsinin əsas səbəblərindən biri də nəzarətsiz keçidlərin yaratdığı cinayət hadisələridir. Xüsusilə, portuqaliyalı bir miqrantın ABŞ-də Braun universitetinin ərazisində atəş açması rəsmi Vaşinqton üçün "səbr kasasını daşıran" son damla oldu. Dünən isə Kubalı qeyri leqal miqrantın polislərə qarşı zorakılığı da xüsusi diqqət çəkir.
Bu kimi hadisələr "açıq qapı" siyasətinin tənqidçilərinə güclü arqument verir. Bir nəfərin törətdiyi cinayət bütün bir bölgədən (Mərkəzi Asiya və s.) gələn miqrantlara qarşı şübhələri artırır. Təhlükəsizlik riskləri birbaşa iqtisadi itkilərə yol açır. Polis nəzarətinin artırılması, terrorla mübarizə xərcləri və ictimai qorxu bazarlarda qeyri-müəyyənlik yaradır. Bu hadisə sübut etdi ki, "yoxlanılmamış işçi qüvvəsi"nin gətirdiyi xeyir, onun yaratdığı təhlükəsizlik xərclərindən daha azdır.
"Green Card" (Diversity Visa) proqramının qeyri-müəyyən vaxta qədər dayandırılması, bu təhlükəsizlik məsələləri ilə birbaşa bağlıdır. Lotereya yolu ilə gələnlərin keçmişini tam araşdırmaq çətin olduğu üçün, ABŞ "təsadüfi seçim" modelindən imtina edir. İndi prioritet yalnız bioqrafiyası şəffaf olan, iqtisadiyyata kapital və ya yüksək texnoloji bilik gətirən şəxslərə verilir.
Digər maraqlı məqam ondan ibarətdir ki, adətən oktyabr-noyabr aylarında açılan Green Card proqramına qeydiyyat vaxtı bu il müxtəlif səbəblər gətirilərək, uzadıldı. Hətta qeydiyyat qaydalarında dəyişikliklərin ediləcəyi və qeydiyyatın ödənişli olacağı barədə də fikirlər səslənirdi. Milyonlarla insanın qeydiyyatın açılmasını gözlədiyi və prosesin 2 aydan çox yubandığı bir vaxtda, Braun Universitetində baş verən hadisə, ABŞ hökuməti üçün sanki bir 'kart-blanş' oldu. Ehtimal etmək olar ki, bu kimi insidentlərin tez-tez baş verməsini nəzərə alsaq, proqramın gecikdirilməsi fonunda baş verən qanlı hadisənin hökumət üçün öz sərt qərarlarını əsaslandırmaq yolunda əsl 'hədiyyəyə' çevrildi.
Sərtləşən miqrasiya siyasəti ABŞ-nin daxili bazarında iki əsas problemə təsir edir:
Mənzil bazarı: Miqrant axınının azalması ucuz kirayə mənzillərə olan süni tələbi aşağı salır, bu da aşağı təbəqəli amerikalılar üçün mənzil əlçatanlığını artırır.
Əmək bazarı: Ucuz və qeyri-qanuni işçi qüvvəsinin sıradan çıxarılması qısamüddətli dövrdə bəzi sahələrdə xidmət qiymətlərini qaldıra bilər, lakin uzunmüddətli dövrdə cinayətkarlıq və sosial xərclərin azalması iqtisadiyyat üçün daha sərfəlidir.
Portuqaliyalı miqrantın törətdiyi insident kimi hadisələr göstərir ki, ABŞ artıq miqrasiyaya sadəcə "ucuz işçi qüvvəsi" gözü ilə baxmır. 3000 dollarlıq ödənişi isə iqtisadi zərərin qarşısını almaq, Green Card-ın dayandırılması isə təhlükəsizlik boşluqlarını qapatmaq cəhdidir. Amerika artıq sadəcə "arzular ölkəsi" deyil, hər bir sakinin gətirdiyi risk və faydanı tərəziyə qoyan ciddi bir sistemə çevrilir.
Azadxan Axundov