Monteneqro Azərbaycanı aparıcı investor dövlət kimi qəbul edir - ŞƏRH

Avropa ölkələri ilə münasibətlərin genişləndirilməsi və bu qitədə etibarlı tərəfdaşlar şəbəkəsinin formalaşdırılması rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, təşkilata üzv olmayan ölkələrlə də əlaqələri yüksələn xətlə inkişaf edir. Bu kontekstdə Monteneqro ilə son onilliklərdə formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri xüsusi qeyd olunmalıdır.
Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirilən fikirlər ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə dolğun təsəvvür yaradır. Bu səfər bir daha təsdiqlədi ki, Monteneqro Azərbaycan üçün Avropa məkanında mühüm tərəfdaşlardan biridir. Balkan regionunda yerləşən bu ölkə Avropa strukturlarına inteqrasiya siyasəti, regional sabitliyə verdiyi töhfələr və beynəlxalq təşkilatlarda fəal mövqeyi ilə seçilir.
Azərbaycan üçün Monteneqro ilə əlaqələr Avropa ilə siyasi dialoqun genişləndirilməsi, ixrac imkanlarının artırılması və strateji tərəfdaşlar şəbəkəsinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin beynəlxalq platformalarda bir-birinin təşəbbüslərinə açıq dəstək verməsi münasibətlərin qarşılıqlı etimad və ortaq maraqlara əsaslandığını göstərir. Azərbaycan isə Monteneqro üçün Cənubi Qafqazda və ümumilikdə Avrasiya məkanında mühüm strateji tərəfdaşdır. Ölkəmizin iqtisadi potensialı, geniş coğrafiyada qlobal investor kimi çıxış etməsi və Avropanın enerji təhlükəsizliyində oynadığı rol Monteneqronun Azərbaycana marağını artırır.
Prezident İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri zamanı imzalanmış “Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə” ikitərəfli münasibətlərin möhkəm təməl üzərində qurulmasını təmin edib. Coğrafi baxımdan fərqli regionlarda yerləşmələrinə baxmayaraq, rəsmi Bakı və Podqoritsa beynəlxalq münasibətlərdə oxşar prinsipləri bölüşür, suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa hörmət məsələlərində vahid mövqedən çıxış edirlər. Bu ortaq yanaşma münasibətlərin illər ərzində ardıcıl və sabit şəkildə inkişafına imkan verib. Xarici siyasət qurumları arasında mütəmadi təmaslar, siyasi məsləhətləşmələr və imzalanmış çoxsaylı sənədlər əlaqələrin institusional əsaslarını möhkəmləndirib.
Son illərdə Azərbaycan şirkətləri xarici bazarlarda daha fəal mövqe tutaraq müxtəlif ölkələrin iqtisadiyyatına sərmayə yatırır və ölkəmizin maliyyə-iqtisadi potensialını nümayiş etdirirlər. Azərbaycanın Monteneqro iqtisadiyyatına təxminən 1 milyard avro həcmində sərmayə yatırması ölkəmizin Avropada etibarlı və uzunmüddətli investor kimi qəbul edildiyini göstərir. Bu investisiyalar tərəfdaş ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, ikitərəfli əlaqələrin praktik və dayanıqlı əsaslar üzərində qurulduğunu da təsdiqləyir.
2026-cı ilin mart ayında keçirilməsi planlaşdırılan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur, eləcə də kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlıq kimi geniş məsələləri əhatə edəcək. Ticarət dövriyyəsinin hələlik qənaətbəxş səviyyədə olmamasına baxmayaraq, tərəflər bunu mövcud potensialın tam reallaşdırılmaması ilə əlaqələndirir və gələcək artım üçün ciddi imkanların olduğunu vurğulayırlar. Enerji, nəqliyyat-logistika, tikinti və xidmət sahələri qarşılıqlı maraq doğuran əsas istiqamətlər sırasındadır. Azərbaycanın iştirak etdiyi regional nəqliyyat və logistika layihələri Monteneqro üçün yeni bazarlara çıxış imkanları yaradır və Avropa ilə Asiya arasında əlaqələrin güclənməsinə töhfə verir.
Turizm sahəsi də ikitərəfli əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biri hesab olunur. Monteneqronun zəngin turizm potensialı Azərbaycan investorları üçün cəlbedicidir. Vizasız rejimin mövcudluğu fonunda Monteneqro Azərbaycan turistlərinin Avropa istiqamətində üstünlük verdiyi ölkələrdən biridir. Paytaxtlar arasında birbaşa uçuşların mümkünlüyü ilə bağlı aparılan müzakirələr bu sahədə əməkdaşlığın canlanmasına və iqtisadi əlaqələrə əlavə dinamika qazandıra bilər.
Təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri də tərəflərin gündəliyində mühüm yer tutur. Monteneqronun NATO-ya üzvlüyü, Azərbaycanın isə Alyansla tərəfdaşlıq formatında sıx əlaqələrə malik olması qarşılıqlı dialoq və təcrübə mübadiləsi üçün əlavə imkanlar yaradır. Bu əməkdaşlıq regional və qlobal təhlükəsizlik məsələləri üzrə mövqelərin daha yaxşı uzlaşdırılmasına şərait yaradır.
Ümumilikdə, Monteneqro–Azərbaycan münasibətləri qarşılıqlı etimada, siyasi dialoqa və real iqtisadi maraqlara əsaslanan inkişaf xətti üzrə irəliləyir. Azərbaycanın Monteneqro timsalında Avropada etibarlı tərəfdaş və investor mövqeyini möhkəmləndirməsi, Monteneqronun isə ölkəmizi regional güc və sabit tərəfdaş kimi qəbul etməsi bu əlaqələrin uzunmüddətli perspektivə malik olduğunu göstərir. Coğrafi məsafədən asılı olmayaraq, qarşılıqlı maraqlara söykənən bu tərəfdaşlıq hər iki ölkə üçün real siyasi və iqtisadi dividendlər yaradır.
MTM Analitik Qrupu