Avropa bazarı təhlükə altındadır? Merkorsur sazişi ətrafında artan gərginlik - TƏHLİL

Avropa İttifaqı ilə Cənubi Amerikanın Merkorsur ticarət bloku (Argentina, Braziliya, Boliviya, Paraqvay və Uruqvay) arasında azad ticarət sazişi uzun illərdir danışıqlar masasında olan və Aİ üçün miqyasına görə ən iri ticarət razılaşmalarından biri hesab edilən sənəddir. Saziş 780 milyona yaxın əhalini əhatə edən və qlobal ÜDM-in təxminən dörddə birini birləşdirən geniş sərbəst ticarət zonasının yaradılmasını nəzərdə tutur.
Lakin razılaşma yekun mərhələyə yaxınlaşdıqca Avropanın bir çox ölkəsində fermer etirazları kəskin şəkildə artıb. Bu etirazlar artıq təkcə sosial narazılıq deyil, ciddi siyasi problemə çevrilib. Rəsmi mənbələrin məlumatına görə, məhz bu təzyiqlər səbəbindən Aİ daxilində sazişin imzalanması və ratifikasiyası prosesi ləngidilib və təxirə salınıb.
Avropalı fermerlərin əsas narahatlığı Merkorsur ölkələrindən Aİ bazarına daxil olacaq ucuz kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Onların fikrincə, Braziliya və digər Cənubi Amerika ölkələrində istehsal xərcləri xeyli aşağıdır, əməkhaqları ucuzdur, ətraf mühitin qorunması, pestisid istifadəsi və heyvan rifahı ilə bağlı tələblər isə Avropa ilə müqayisədə daha yumşaqdır. Bu fərqlər Avropa fermerlərini ciddi rəqabət dezavantajı ilə üz-üzə qoya bilər.
Xüsusilə mal əti, toyuq əti, şəkər, düyü və soya kimi məhsullar üzrə Avropa bazarında qiymətlərin enəcəyi, fermer gəlirlərinin azalacağı və kiçik və orta təsərrüfatların bazardan sıxışdırılacağı qorxusu geniş yayılıb.
Avropa Komissiyası isə rəsmi açıqlamalarında bildirir ki, saziş çərçivəsində müəyyən kvotalar və qoruyucu mexanizmlər nəzərdə tutulub. Məsələn, aşağı rüsumlarla idxal ediləcək mal ətinin həcmi Aİ-nin ümumi istehlakının nisbətən kiçik hissəsini təşkil edəcək və Avropa standartlarının təhlükəsizlik baxımından qorunacağı təmin olunacaq. Komissiya həmçinin iddia edir ki, saziş Avropa kənd təsərrüfatı məhsulları üçün Merkorsur bazarına yeni ixrac imkanları açacaq.
Lakin fermer birlikləri bu arqumentləri inandırıcı hesab etmir. Onların fikrincə, kağız üzərində nəzərdə tutulan mexanizmlər real bazar təzyiqlərini kompensasiya etməyəcək. Fermerlər vurğulayırlar ki, Avropa istehsalçısı eyni zamanda həm sərt ekoloji tələblərə əməl etməli, həm də daha ucuz idxal məhsulları ilə rəqabət aparmalı olacaq ki, bu da uzunmüddətli perspektivdə davamlı deyil.
Fermer etirazları daha geniş Avropa böhranı fonunda baş verir. Son illərdə Avropa iqtisadiyyatı yüksək inflyasiya, enerji qiymətlərinin artması, Ukrayna müharibəsinin yaratdığı qeyri-müəyyənliklər və qlobal ticarət rəqabətinin sərtləşməsi ilə üzləşib. Kənd təsərrüfatı sektoru bu təzyiqləri xüsusilə kəskin hiss edir: istehsal xərcləri artır, subsidiya siyasəti ətrafında müzakirələr sərtləşir, “yaşıl keçid” proqramları fermerlər üçün əlavə maliyyə yükü yaradır. Belə bir şəraitdə Merkorsur kimi genişmiqyaslı azad ticarət sazişi bir çox fermer tərəfindən Avropa kənd təsərrüfatının “qurban verilməsi” kimi qiymətləndirilir.
Fermer etirazlarının siyasi nəticələri artıq açıq şəkildə görünür. Fransa, İtaliya, Avstriya və Polşa kimi ölkələr sazişə açıq etiraz edir və ya əlavə təminatlar tələb edirlər. Bu isə Aİ daxilində konsensusun formalaşmasını xeyli çətinləşdirir. Brüsseldə qərar qəbul edənlər isə ciddi dilemma qarşısındadır: bir tərəfdən qlobal ticarətdə Aİ-nin mövqeyini gücləndirmək və Cənubi Amerika ilə strateji tərəfdaşlığı dərinləşdirmək istəyi, digər tərəfdən isə daxildə artan sosial narazılıq və kənd təsərrüfatı sektorunun yüksək siyasi çəkisi.
Əgər bu narazılıqlar nəzərə alınmazsa, bu proses Avropada populist qüvvələrin mövqelərini gücləndirə və Aİ institutlarına olan inamı daha da zəiflədə bilər.
Nəticə etibarilə, Aİ–Merkorsur azad ticarət sazişi təkcə iqtisadi razılaşma deyil, Avropanın gələcək inkişaf modeli üçün ciddi sınaqdır. Bu razılaşma Avropa üçün qlobal miqyasda yeni imkanlar yarada bilsə də, mövcud böhran şəraitində avropalı fermerlər üçün real və dərin risklər doğurur. Fermer etirazları göstərir ki, sərbəst ticarət siyasəti sosial balans, kənd təsərrüfatının davamlılığı və regional bərabərlik prinsipləri ilə uzlaşdırılmadığı təqdirdə, Avropa daxilində daha geniş siyasi və iqtisadi gərginliklər qaçılmaz olacaq.
Hikmət Həsənov