Vaxtanq Maisaya: "Kreml Azərbaycanı itirib, Ermənistanı isə itirmək üzrədir" - AÇIQLAMA

Rusiya bu gün Gürcüstan vasitəsilə Azərbaycana və Ermənistana təzyiq göstərməyə çalışır ki, Cənubi Qafqazda itirdiyi təsir imkanlarını geri qaytarsın.
Bu fikirləri təhlil.az saytına açıqlamasında Gürcüstan Strateji Təhlil Mərkəzinin geosiyasi araşdırmalar üzrə rəhbəri, siyasi elmlər doktoru Vaxtanq Maisaya deyib.
Onun sözlərinə görə, Rusiya postsovet məkanını hələ də, necə deyərlər, Rusiya Federasiyasının “daxili həyəti” hesab edir:
"Moskva artıq Azərbaycanda təsirini itirib və faktiki olaraq Ermənistanda da mövqelərini sürətlə itirir. Bu artıq o əsas amilə çevrilib ki, Ermənistan və Avropa İttifaqı münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. İrəvana vizasız rejimin verilməsi ilə bağlı xüsusi sənəd hazırlanır. Rusiya isə Gürcüstan üzərindən Cənubi Qafqazda möhkəmlənməyə, burada öz dayaq nöqtəsini genişləndirməyə çalışır ki, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş tarixi görüşədək Azərbaycanda və Ermənistanda malik olduğu mövqeləri geri qaytarsın".
Ekspert bildirib ki, Moskva Gürcüstanda öz təsirini dərinləşdirir, yəni regionumuzda təsir imkanlarını artırmağa çalışır:
"Rusiya Bakıya təzyiq göstərməyə çalışır, lakin Azərbaycan geri çəkilmir və müstəqil xarici siyasət yürüdür. Hətta daha açıq desək, Azərbaycan bu mübarizədə Rusiyaya qalib gəlir. Bu, bizim üçün çox yaxşı presedentdir. Təəssüf ki, bu gün Gürcüstanda hakimiyyətdə Rusiyapərəst hökumət var və biz Azərbaycanın Rusiyaya verdiyi bu dərsdən nəticə çıxara bilmirik".
"Mən çox şübhə edirəm ki, Moskva dekabrın 25-də Qroznı üzərində vurulmuş Azərbaycan sərnişin təyyarəsinə görə Bakının qarşısında tam şəkildə üzr istəyəcək. Çünki Rusiya çıxılmaz vəziyyətdədir. O, faktiki olaraq Cənubi Qafqazda təsirini itirib. Bu, faktdır və indi Gürcüstan vasitəsilə bu regiona daxil olmaq üçün yeni bir tunel açmağa çalışır.
Yəni Rusiya Tbilisi üzərindən iki müstəqil dövlətə - Azərbaycan və Ermənistana təzyiq göstərmək istəyir. Gürcüstanda baş verən tarif qalmaqalını da, Bakıdan İrəvana gedən neft məhsullarının buraxılmaması cəhdlərini də mən məhz bununla əlaqələndirirəm”, - deyə V. Maisaya qeyd edib.
Rasim Babayev