Qiymətlər necə dəyişdi? - Son 5 ilin ümumi mənzərəsi

Media Təhlil Mərkəzinin (MTM) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb.
Noyabr ayı üzrə son beş ilin göstəricilərinə nəzər saldıqda, ən yüksək qiymət artımı 2022-ci ildə qeydə alınıb. Belə ki, həmin ilin noyabr ayında istehlak qiymətləri 2021-ci ilin noyabr ayı ilə müqayisədə 15,1 faiz yüksəlib.
Ən aşağı artım isə 2023-cü ilin noyabr ayında müşahidə olunub. 2023-cü ilin noyabrında istehlak bazarında qiymətlər 2022-ci ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artıb.
Qeyd edək ki, son beş ilin noyabr ayları üzrə istehlak bazarında qiymət azalması qeydə alınmayıb.
Ümumilikdə isə son beş il ərzində ölkədə inflyasiya səviyyəsi 44,5 faiz təşkil edib.

Cari ilin noyabr ayına dair məlumatlara əsasən, ötən ilin noyabr ayı ilə müqayisədə qida məhsullarının qiymətləri 7,3 faiz artıb. Bu kateqoriya üzrə son beş ilin ən yüksək göstəricisi 2022-ci ildə 20,8 faiz, ən aşağı göstəricisi isə 2023-cü ildə 1,3 faiz səviyyəsində qeydə alınıb.
Qeyri-qida məhsulları üzrə isə cari ilin noyabr ayında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki ildə bu göstərici 2,2 faiz təşkil edirdi. Son beş il üzrə qeyri-qida məhsullarında ən yüksək qiymət artımı da 2022-ci ilə təsadüf edib. Həmin ilin noyabr ayında bu kateqoriya üzrə qiymətlər illik ifadədə 12,1 faiz yüksəlib.
Alkoqollu içkilər üzrə cari ilin noyabr ayında qiymətlər 4,3 faiz artıb. Bu göstərici ötən ilin eyni dövründə də həmin səviyyədə olub. Ən aşağı artım 2023-cü ilin noyabr ayında 1,7 faiz, ən yüksək artım isə 2022-ci ilin noyabr ayında 6,3 faiz olaraq qeydə alınıb.
Tütün məmulatları üzrə qiymət dinamikası digər məhsul kateqoriyalarından fərqlənir. Bu sahədə son beş ilin ən yüksək artımı 2021-ci ildə 8,2 faiz, ən aşağı artımı isə cari ilin noyabr ayında 2,6 faiz səviyyəsində müşahidə olunub.

Ödənişli xidmətlər üzrə cari ilin noyabr ayında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
Bu kateqoriya üzrə son beş ilin ən yüksək artımı 2022-ci ildə 10,7 faiz təşkil edib. Qeyd edək ki, ən aşağı artım 2023-cü ilin noyabr ayında qeydə alınıb və həmin dövrdə bu göstərici 4 faiz olub.
Ümumilikdə isə son beş ilin noyabr ayları üzrə ödənişli xidmətlərdə qiymətlər 40,7 faiz artıb.

Ümumiyyətlə, 2020-ci ilin noyabr ayı ilə müqayisədə son beş il ərzində Azərbaycanda inflyasiya səviyyəsi 44,5 faiz təşkil edib.
Bu dövr ərzində qida məhsulları üzrə qiymət artımı 57,9 faiz, qeyri-qida məhsulları üzrə isə 29,7 faiz olub.
Eyni zamanda, alkoqollu içkilərin qiymətləri noyabr ayları üzrə son beş ildə 22,1 faiz, tütün məmulatlarının qiymətləri isə 32,6 faiz artıb.
