Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb

Dekabrın 22-də Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
Təhlil.az AZƏRTAC-a istinadla xəbər verir ki, Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə 15 ailə - 66 nəfər, Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə isə 7 ailə - 31 nəfər keçmiş məcburi köçkün qayıdıb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.